“Region ali məktəblərində gənclərin elmi tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi: Reallıqlar və problemlər” mövzusunda VIII elmi konfrans keçirilib

25.05.2021
“Region ali məktəblərində gənclərin elmi tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi: Reallıqlar və problemlər” mövzusunda VIII elmi konfrans keçirilib

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Tələbə Elmi Cəmiyyətinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100, ADPU-nun Quba Filialının 30 illik yubileylərinə həsr edilən “Region Ali Məktəblərində Gənclərin Elmi Tədqiqatçılıq Bacarıqlarının İnkişaf Etdirilməsi: Reallıqlar Və Problemlər” mövzusunda VIII elmi konfransı keçirilib. ADPU Quba filialının yeni istifadəyə verilmiş Heydər Əliyev auditoriyasında keçirilən və Zoom platforması vasitəsilə yayımlanan konfransı filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva açıq elan edib.

Daha sonra çıxış üçün söz filialın direktoru dos. Yusif Alıyevə verilib. Y. Alıyev “Böyük tarixi olan universitetim” mövzusunda çıxış edib. Çıxışda bildirilib ki, tarixin yüz illiyinə qovuşmuş, Azərbaycan üçün ixtisaslı kadrlar hazırlayan universitetin tarixi, keçmiş ənənələri müasir dövr üçün örnəkdir. Filial məktəblərin pedaqoji kadrlarla təmin edilməsi istiqamətində öz vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirir. Direktor bildirib ki, ADPU Quba filialının tərkibində bir pedaqoji fakültə, üç kafedra fəaliyyət göstərir və 850 tələbə təhsil alır. Tələbələrin elmi tədqiqatçılıq fəaliyyətlərinin artırılması istiqamətində böyük işlər görülür. Yusif Alıyev vurğulayıb ki, ADPU-nun rektoru Cəfər Cəfərovun islahatları ilə filialda bazar tələblərinə uyğun kadrların hazırlanması istiqamətində işlər görülür.  Artıq keyfiyyət və kəmiyyət baxımından uğurlu göstəricilər əldə edilib. Professor-müəllim kollektivinin əməkhaqlarının diferensiallaşdrılması tətbiq edilir. Ötən ilin qəbul planında 10 tələbə magistraturaya qəbul olunub və bu, rekord göstərici hesab edilir. Regionda təhsil arealının genişləndirilməsi, magistratura ixtisaslarının açılmasını filialın gələcək əsas məqsədlərindən hesab edilir. Y. Alıyevin fikrincə, TEC-in VIII elmi konfransı onu deməyə əsas verir ki, tədqiqat sahəsində müəyyən işlər görülüb. Həmçinin qeyd edilib ki, filialda 19 doktorant və dissertant elmi işlərə öz tələbələrini də cəlb ediblər. Direktor konfransın təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və uğurlar arzulayıb.

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov bu ili ali təhsil müəssisəsi üçün müqəddəs il adlandırıb. Tədris ilinin başa çatması münasibətilə tələbələri təbrik edib. Covid-19 pandemiyasından sonra müəyyən çətinliklərlə üzləşməyə baxmayaraq,  filialların informasiya cəmiyyətində yaşaması və işləməsi üçün katalizator rolunu oynamasını koronavirusun müsbət cəhəti adlandırıb. Prorektor gələcək fəaliyyətində TEC-ə uğurlar arzulayıb. Müasir dövrdə intellektual kapitalın önəmini vurğulayıb. Professor-müəllim heyətinin işinin daha da təkmilləşdirilməsi istiqamətində Cəfər Cəfərov başda olmaqla, bir sıra işlər görüldüyünü bildirib. Qeyd edib ki, filialın dissertasiya işlərinin müdafiəsi istiqamətində aparılan işlər nəticəsini verir.

ADPU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov  da konfrans iştirakçılarını təbrik edib və filiala yeni uğurlar arzulayıb. Konfransın torpaqları işğaldan azad olunmuş ölkədə keçirilməsinin qürurunu ifadə edib.  Prorektor bildirib ki, ADPU-nun 2020-ci il məzunlarının 60%-i işə qəbul imtahanlarında uğur qazanıb. Onlar arasında ADPU Quba filialının məzunlarının sayı ilbəil artır. Tələbələrə elmi rəhbərlərinin tövsiyələrinə əməl etmək, tədqiqat bacarıqlarını artırmağı məsləhət görüb. Gələcəkdə filialın 30, universitetib 100 illiyinin məhz əyani şəkildə qeyd edilməsini arzulayıb.

Tələbə Elmi Cəmiyyətinin sədri Əli Zalov çıxışında qeyd edib ki, ADPU artıq 100 illik ənənəyə malikdir. TEC isə ilk dəfə 1940-ci ildə yaradılıb. Ə. Zalov çıxışında tarixi faktlara toxunub və bildirib ki, TEC böyük ənənəyə malikdir. O, ölkə inkişafının gənclərlə birbaşa bağlılığını izah edib. Bildirib ki, ildə bir dəfə tələbələrin elmi konfransı keçirilir və onlar toplu şəkildə çap olunur. Tələbələrin elmi tədqiqatçılıq qabiliyyətinə malik olmaları üçün vacib olan 4 mühüm keyfiyyəti sadalayıb.

ADPU Quba filialı TEC-nin sədri, Tarix-coğrafiya müəllimliyi ixtisasinin 4-cü kurs tələbəsi Azər Zahirov qeyd edib ki, filialda cəmiyyət 2004-cu ildə fəaliyyətə başlayıb və artıq 17 ildir, fəaliyyət göstərir. A. Zahirov TEC-in fəaliyyət planı barədə məlumat verib. Onun məqsəd, vəzifələrini şərh edib. Təqdimatında isə cəmiyyətin tarixinə qısa nəzər salıb, uğurlarını sadalayıb. Məlum olub ki, bu uğurlara beynəlxalq olimpiadalarda, konfranslarda iştirak, müxtəlif layihələrə imza atmaq və s. daxildir. Qeyd edilib ki,  tələbə-rektor layihəsinə qoşulma, tələbə yazılarının saytlardan yer alması, Prezident İlham Əliyevə  təşəkkür məktubu ünvanlanması və onun prezident.az saytında yayımlanması da buraya daxildir.  Bildirilib ki, filialda elmi məqalələrin yazılması istiqamətində seminarlar keçirilib.  Bugünki konfransa gəlincə isə iştirakçı məqalələrinin konfrans materialları kimi çapı təşkil olunub və hazırda plagiatlığın yoxlanması istiqamətində işlər gedir. A. Zahirov konfransı müəllim tələbə bağına bariz nümunə adlandırıb.

ADPU Quba filialının Pedaqoji fakültəsinin dekanı Qələmşah İdrisov isə bildirib ki, filialda aparılan islahatlar təlim və tədrisin məzmununu dəyişib. İslahatlar, innovativ proseslərin inkişafa təkan verməsi tələbələrin elmi-tədqiqat işlərinin yerinə yetirməsinə  şərait yaradıb. Burada tələbələrlə yüksək elmi potensiala malik müəllimlər məşğul olurlar. Q. İdrisov bu işlərə görə, Yusif Alıyevə təşəkkürünü bildirib. Filialda sosial şəbəkələr üzərindən tələbələr arasında klublar yaradılması, adlı təqaüdlərin verilməsi kimi işləri sadalayıb.  Filial tələbələrin zəfərlə yekunlaşan Vətən müharibəsində iştirakı, medallarla təltif olunmaları xüsusilə vurğulanıb.

Daha sonra filialın digər tələbəsi Nərmin Orucova “Cəfər Cabbarlı yaradıcılığında qadın azadlığı” mövzusunda bölmə iclasında edəcəyi çıxışın təqdimatını nümayiş etdirib. C. Cabbarlı yaradıcılığının dərin qatları, bu istiqamətdə önə sürdüyü fikirlər şərh olunub.

ADPU Quba filialının Ədəbiyyat və dillər kafedrasının müdiri Gülşən ağabəy TEC-in bugünkü konfransını filialın mühüm uğurlarından hesab edib. Qubanın qədim tarixə, etnik köklərə malik olduğunu bildirib. Qeyd edib ki, filialda 16 müəllim 33 tələbəyə elmi iş üzrə mövzu təqdim edib. Onlardan 27-nin məqaləsi buünki konfransda yer alıb. Gülşən Ağabəy həmçinin yüksək postları tutan məzunları sadalayıb. Konfransın gedişinə və TEC-in fəaliyyətinə uğurlar arzulayıb.

Doktorantlar və Gənc Tədqiqatçılar Şurasının sədri Elbrus Əhmədov TEC-i tələbələrin elmi nailiyyətlərinin aşkara çıxarılması üçün vacib strukturdur hesab edib. Bildirib ki,  potensialı olan tələbələrimizə çıxarılması baxımından DGTŞ  filial üçün yeni pillə olub. E. Əhmədob tələbələrin elmi tədqiqat işlərinə cəlbi istiqamətində görülən işləri sadalayıb. Bildirib ki, bu məqsədlə ayda ən azı bir dəfə seminarların təşkili nəzərdə tutulur. Elmi işlərini yeni müdafiə edən doktorantları DGTŞ-nun uğuru adlandırıb. 28 May Respublika günü münasibətilə keçiriəcək gələcək konfransın elanını səsləndirib.

Təbiət və fənləri və onun tədrisi kafedrasının müdiri Güləddin Həmzəyev qeyd eidb ki, filialda gənclərin inkişafı və reprezentativ şəxsiyyət kimi formalaşması istiqamətində işlər həyata keçirilir. Məqsəd isə zamanın tələblərinə cavab verə bilən, layiqli şəxsiyyətin hazırlanmasıdır. Kafedra müdiri TEC-i xüsusi məktəb hesab edib. Gənclərin mövcud ədəbiyyatları yığma, analiz etmək, şərh etmə qabiliyyətlərinin formalaşması istiqamətində sturukturun vacibliyini qeyd edib.

Daha sonra filialın tərbiyə işləri üzr direktor müavini Aysel Şeydayeva konfransın bölmə iclası barədə elanları səsləndirib. Bildirib ki, konfrans saat 14:00-da işinə 3 bölmə – təbiət elmləri humanitar elmlər, sosial elmlər üzrə davam edəcək. Saat 18:00-da isə yekun müzakirə baş tutacaq və sertifikatlar, diplomlar təqdim ediləcək.

 

 

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?