Qulaq-ağız, qələm-kağız…

20.06.2023
Qulaq-ağız, qələm-kağız…

      Sürətlə rəqəmsallaşan dünyamızda qələm-kağız, çap formatında kitab oxumaq və mühüm mənbə kimi ondan istifadə etmək də eyni sürətlə arxivəlşir, köhnəliyə çevrilir. İnsan nəsilləri arasında ən mühüm kommunikasiya vasitəsi olan, günümüzdəki vasitələrin yaradıcısı, yazılı nitq gördüyü laqeydliyə baxmayaraq, bu gün də öz tarixi əhəmiyyətini saxlamaqadır. Min illər boyunca ölkələr, mədniyyətlər, dillər və dinləri bir-birindən xəbərdar edən yazılı nitq forması həm də bəşəri tərəqqinin aparıcı qüvvəsidir. İynədən tutmuş internetəcən bütün yeniliklər məhz yazı vasitəsilə qlobal vətəndaşılq statusu qazana bilmişdir.  

     Müasir elmi-texniki tərəqqinin yaratdığı geniş imkanlardan məqsədəuyğun şəkildə istfadə etməmək və onu bacarmamaq, yazının artıq işə yaramamasına deyil, bizələrin dijital xidmətlərə, qullara çevrilməyimizdən irəli gəlir. Az qala heç kəs yazmaq istəmir. Yazmaq dedikdə, aralarında böyük fərq olmasına baxmayarq, onun hər iki formasını – həm qələm-kağız əlyazmasını, həm də klaviatura vasitəsilə yazmağı nəzərdə tuturuq.

      Qələm və Yazının əhəmiyyəti Qurani-kərimdə də vurğulanıb. “Qələm” surəsinidə qələm və yazıya and içilir: “Nun. And olsun qələmə və qələmə alınanlara!” (68/1)

     Əl-Ələq surəsində isə yazının insana ilahi bir lütf olması təsdiqlənir. “O, qələmlə yazmağı öyrətdi.” (96/4)

    Yazının kommunikasiya forması kimi əhəmiyyətini gündəlik fəaliyyətimizin bütün sahələri də təcrübi olaraq nümayiş etdirir. İstər qələm-kağız, istərsə də klaviatura yazısı insan şəxsiyyətinin formalaşıb kamilləşməsində mühüm rol oynayır. Yazı, hər şeydən əvvəl, mücərrəd fikirlərin maddi forması olaraq yazanın məsuliyyətini təmsil edir. Ona görə də əlinə qələm götürən hər kəs öz cavabdehliyinin dərəcəsini dərk edib, düşünməyə, fikirlərini götür-qoy etməyə məcbur olur, çünki yazı dəlildir, sübutdur. Bencamin Franklin yazırdı: Ya oxumağa layiq bir şey yaz, ya da yazmağa layiq iş gör. (Either write something worth reading or do something worth writing.)

   Yazarkən qələm onu tutan əldən başlamış beyin və ürəyə qədər insanın hiss və duyğularını heyrətləndirən  çox mürəkkəb və möcüzəli bir yol qət  edir. Yazı həm də hadisələri tarixə çevirir, əks halda onlar ya qısa ömürlü olur, ya da unudulub gedir.

    Digər tərəfdən, yazının səliqəli, səliqəsiz, fikirlərin aydın, qarmaqarışıq olması, hətta hərflərin düzgün yazılmaması müəllifin xarakteri və şəxsiyyəti haqqında müəyyən fikrilər irəli sürməyə imkan verir. Yazı həm də tərbiyə vasitəsidir. Onun tələblərinə əməl etmək insanın səbrini, təmkinini inkişaf etdirir, qarşı tərəfə hörmət hissini göstərir. Üstəlik, yazı çox dəyişkən yaddaşımızın dayağı, etibar nümunəsidir. Dinamik dünyamızın qlobal problemlərindəm biri də yaddaş, hafizə zəifliyidir. Yaddaşımızın bizləri tez-tez çıxılmaz vəziyyətdə qoyduğu hamıya məlumdur. Buraya müasir insanlarda diqqət və yaddaş davamlılığının getdikcə azaldığını əlavə etsək, mənzərənin heç də ürəkaçan olmadığını görərik. İndi həmsöhbətlərin ən çox işlətdikləri: – Nə deyirdim? Yadımdan çıxdı. – kimi ifadələr də adiləşib. Kiçik bir bazarlıq edərkən alınması vacib olan nə qədər şeyi unuduruq? Bu, bir yana, borc alıb, və ya borc verib unudaraq nə qədər dostlar düşmən olub? Müqəddəs kitabımız bu cür məsələlərə də çox prinsipial mövqe tutur:

    “Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın.” (Əl-Bəqərə, 2/282)

    Göründüyü kimi, etibar və inam mənbəyi olan yazı müqəddəsdir. Onun böyüyü və kiçiyi yoxdur. Gündəlik həyatda istər qələm-kağızla bir şey yazarkən, istərsə də e-mail, kiçik bir mesaj və s. yazarkən başdansovdu, səhvlərlə dolu yazı nümunələri ilə rastlaşırıq. Bu, yolverilməzdir, intellektual səviyyəmizi göstərən, bəşəri dəyərləri bu günə qədər qoruyub saxlayan, yazı kimi müqəddəs bir nemətə hörmətsizlikdir. Aristotel yazırdı ki, nitq ağlın təmsilçisi, yazı da nitqin təmsilçisidir (Speech is the representation of the mind, and writing is the representation of speech).

     Uzun illərin pedagoji təcrübəsi göstərir ki, gələcəyin mütəxəssisi olacaq əksər gənclərin qələm-kağız yazı qabiliyyəti lazımı səviyyədə deyil. Onlar elektron vasitələrə həddindən artıq güvənərək öz xəttini təkmilləşdirmək, gözəlləşdirmək istəmir.

    Digər səbəblər də az deyil. Orta məktəb və ali təhsil müəssisələrində yazı işinə yetərincə zaman ayırmamaq bunların ən mühümlərindəndir. Bir ingilis məsəlində deyilir ki, ehtiyac kəşfin anasıdır (Necessity is the mother of invention). Mən orta məktəbdə oxuduğum zaman kiril əlifbasındaki “i, ş ı, m, n, l, t” hərflərini elə yazırdım ki, sonra özüm oxuyanda da çətinlik çəkirdim. Ədəbiyyat müəllimimiz qarşıma ciddi bir seçim qoydu: ya tezliklə xəttini dəyişdirəcəksən, ya da yaxşı oxumağına baxmayaraq, ali təhsil almaq arzusundan əl çəkməlisən. Bu, mənim üçün Şekspirin təbirincə desək, “olum, ya ölüm” demək idi. O zamanlar qəbul imtahanarında inşadan yüksək qiymət almaq o qədər də asan deyildi. Hüsnüxət dəftəri alıb, xəttimi müəllimimin istədiyi kimi dəyişdirməli oldum. Dəyişmək heç vaxt gec deyil.

***

     Mühüm yazı formalarından biri də tələbələrin dinlədikləri mühazirələrdən götürdükləri qeydləridir. Son zamanlar yazının bu formasına münasibət də xeyli dəyişmişdir. Elektron vasitələrin yaratdığı arxayınçılıq tələbələrin tənbəlliyini artırmışdır. Lakin elektron vasitələr qeydlər götürməyin yerini verə bilməz. Qeyd yazarkən ürək qulağın eşitdiklərini bizə bir daha səssiz dil ilə təkrar edir, yaddaşımızı da bu faydalı işdə iştirak etməyə məcbur edir.   

     Bütün pedaqoqlar yaxşı bilir ki, mühazirəçiyə zillənən gözlər hələ fəal dinləmə demək deyil. Qulaq mühazirəçinin dediklərini deyil, öz xəyal dünyasının səsini dinləyir. Dərslərdə əks əlaqə yaradarkən bəzi tələbələrin iştirak etdikləri dərsdə nədən bəhs olunduğunu bilmədiklərinin şahidi oluruq. Tələbə dərsə deyil, toya-nişana gedirmiş kimi gəlir universitetə. Kənardan baxan onun tələbə olduğunu heç təsəvvür edə bilməz. Hər şeyi zəmanənin adına yazıb, təlim prosesini futbol oyunu və ya dəfələrlə baxdığın adi bir film seyrinə çevirmək olmaz. Tələbə olmaq hələ mütəxəssis olmaq demək deyil. Həyat bütün sahələrində yaxşıların yaxşısını görmək istəyir. Bunun üçün isə tələbələrdən dərin maraq və səylə çalışmaq tələb olunur. Vaxtında mühüm məqamlardan qısaca da olsa qeyd götürməyən tələbələr imtahanqabağı hazırlıq zamanı hər şeyi yenidən, ilk dəfə göürümüş kimi hiss edir, öyrənməkdə çətinlik çəkirlər.

      Qeyd götürməyin klassik kağız-qələm formasından müntəzəm olaraq istifadə etmək yaddaşımızın yol yoldaşı kimi əlimizdən tutub ümid etdiyimiz uğurlu nəticəyə doğru aparır. Bununla da tələbə imtahana 2-3 gün gərgin, stress altında deyil, öz hisslərinə hakim olaraq sakitcə hazırlaşa bilir, götürdyüyü qeydlər onda ruh yüksəkliyi, inam hissi yaradır. XIX əsr görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzak deyirdi ki, mən qələm və mürəkkəbin quluyam.

   Yazmaq qabiliyyəti yazı vərdişlərinin yaranması ilə təkmilləşir. İlk anlarda çətin görünsə də, yazmaq zövq verir. Bir çin atalar sözündə deyildiyi kimi, asta yeriməkdən deyil, yerində saymaqdan qorxmaq lazımdır.

Rahib (Alpanlı) Sədullayev, ADPU-nun  Quba filialı ədəbiyyat və dillər  kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?