Quba filialında 22 iyul-Milli Mətbuat Günü münasibətilə elmi praktik konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş “Media və təhsil əlaqələri: reallıqlar və perspektivlər” adlı elmi-praktik konfrans keçirilmişdir.
Hibrid formatda keçirilən konfrans 21 iyul 2022-ci ildə ADPU-nun Quba filialının Heydər Əliyev lektoriyasında baş tutmuşdur.
Konfrans media şəhidlərinin və Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.Əvvəlcə filial rəhbərliyi və kollektiv nümayəndələri Quba şəhərində salınan Media Şəhidləri Parkındakı abidəni ziyarət etmiş, qərənfillər düzmüşlər.
Daha sonra konfransda giriş sözü ilə çıxış edən ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ilinin tamam olduğunu bildirmişdir. O, daha sonra qeyd etmişdir ki, 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.
Hibrid formada təşkil edilən konfransda “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Təhsilin inkişafında medianın rolu”, “Çapar” jurnalının baş redaktoru Dilqəm Əhməd “Azərbaycan mətbuatında tariximizin təbliği” və “Qafqaz” TV-nin Xəbər departamentinin rəhbəri Elçin Əsəd “Televiziya aparıcılığında nitq mədəniyyətinin əhəmiyyəti” mövzularında məruzə etmişlər.
Sonda Peşə fəaliyyətində media-təhsil əlaqələrinin sağlam qurulmasında göstərdiyi xüsusi xidmətlərə görə və 22 İyul-Milli Mətbuat Günü münasibətilə “Qafqaz” TV-nin Xəbər departamentinin rəhbəri Elçin Əsəd və ADPU-nun Quba filialının Heydər Əliyev lektoriyasının müdiri Leyla Nurullayeva Fəxri Diplomla təltif olunmuşlar.