Gənclər cəmiyyətimizin aparıcı qüvvələridir. Bu gün bütün dünyanın gözü qarşısında cənab Ali Baş Komandan İlham Əliyevin lider olaraq xalqa güvənməsi və xalqın da dəstəyi bizlərə tarixi qələbəni yaşatdı. Təbii ki, haqlı mübarizəmizdə qalib olmağımız artıq bizlərin hər birinin, xüsusilə də gənclərin qarşısında dövlətin, dövlətçiliyin inkişafı üçün yeni məqsədlər və məsuliyyətlər qoyur. Qürurunu yaşadığımız tarixi qələbənin memarları qarşısında daşıdığımız bu məqsəd və məsuliyyətlər bizləri ruhlandırır.
Fikrimcə, təhsil ordusu olaraq da ən əsas məqsədimiz Azərbaycanın gələcəyi üçün nitqi, savadı, biliyi, təcrübəsi, sosial və ictimai fəallığı, milli mənəvi dəyərləri yüksək olan, ümumilikdə dəyişən dünyanın informasiya bolluğunda dövlətini, xalqını, özünü tanıyaraq təqdim etməyi bacaran şəxsiyyətlərin yetişdirilməsidir. Bunun üçün bizlərin əlində imkanlar yetəri qədərdir. “Gənclərimiz gələcəyimizdir!”. Bunu unutmadan yola çıxan hər bir təhsil işçisi, istər müəllim, istər psixoloq, istər digər təhsil sahəsində vəzifə tutan şəxslər gələcəyimizin layiqli, vətənpərvər, yaradıcı, dövlətə və dövlətçiliyə bağlı şəxsiyyətlərin əlində olmasına vəsilə olmuş olacaqlar.
Gənclərin qabiliyyətləri, istedadları, yaradıcılıqları çoxtərəflidir. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının rəhbərliyi tərəfindən gənclərin də ölkədə baş verən proseslərə – cənab Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətə, 44 günlük haqlı Vətən mübarizəmizdə xalq-iqtidar biriyinin əhəmiyyətinə, dövlətimizin gənclər siyasətinə və bu kimi digər məsələlərə də obyektiv münasibət ifadə etmələri bilidirildikdə, tələbə və məzunlarımız sırasında bu münasibətin təzahür forması çoxşaxəli oldu. Belə ki, bir qisim gənc bunu çəkdikləri rəsmlərdə, bəziləri hazırladıqları video-çarxlarda, bəziləri yazdıqları şeirlərdə, hekayələrdə, bəziləri onlayn tədbirlərdə söylədikləri nitqlərində qürurlarını ifadə etdilər. Qısa bir zaman kəsiyində gənclər sırasında nə qədər istedadlı, yaradıcı tələbələrimizin olduğunun şahidi olduq.
Bu gün dövlətimiz yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onların inkişafı üçün dəstəyini əsirgəmir. Hazırkı dövrdə tədrisdə və universitetin ictimai həyatında fərqlənən tələbələrə təhsil haqlarında güzəştlər tətbiq edilir. Azərbaycanda gənclərin inkişafı ilə bağlı bir çox Dövlət proqramları da həyata keçirilib və bu gün də həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Eləcə də, gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar. Yəni dövlət idarəçiliyində, eləcə də seçkili orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin, müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər. Hazırda çalışdığım ADPU-nun Quba filialında da rəhbərlik tərəfindən bu sahədə ciddi işlər həyata keçirilir: klublar (“Üzüzə” Psixologiya klubu, “ART” İncəsənət klubu, İOK-İntellektual Oyunlar Klubu) yaradılıb, akademik Azad Nəbiyev adına “Bilgə ocağı” fəaliyyətə başlayıb. Tədrisdə və ictimai fəaliyyətdə fərqlənən tələbələr üçün Adlı təqaüdlər təsis edilib, Fəxri Fərman və diplomlar verilir, olimpiada və yarışmalar keçirilir, tədris-təlim-tərbiyə prosesi sistemli idarə olunur, istedadlı gənclərlə işin daha effektiv qurulması üzərində iş aparılır. Bizlər, bəs fərd olaraq nə edirik, əlimizdəki imkanlardan səmərəli istifadə etməyi bacarırıqmı? Ən azından ətrafımızdakı gənclərin, gəncliyin bitib tükənməyən enerjisini, yaradıcı ruhunu, məntiqi və tənqidi təfəkkürünü, özünəməxsusluğunu, gücünü doğru istiqamətə yönləndirməyə diqqət göstəririkmi? Nə etməliyik və nələr edə bilərik? Əslində bu suallar qarşısında düşünməyə və məqsədyönlü fəaliyyət göstərməyə borcluyuq. Bizlər unutmamalıyıq ki, hazırda Prezident İlham Əliyevin uğurlu siyasi kursu nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir. Biz təkcə inkişaf modeli deyil, həmçinin Zəfərlə sona yetən 44 günlük müharibə ilə də dünyada yeni, sürətli müharibə modeli formalaşdırmışıq. Son illərdə nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına görə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, belə ki ölkəmiz regionda əsas söz sahibidir. Bundan əlavə, Azərbaycanın beynəlxalq müstəvidə də nüfuzu və rolu artmışdır. Bütün bu dəyərlərə sahib ölkənin vətəndaşı olaraq həm daha məsuliyyətli olmalı, həm də gələcəyimizin bu dəyərləri qoruması üçün sağlam təməllər qurmalıyıq, istedadlı, yaradıcı, savadlı, təfəkkürlü gənclərlə işi gücləndirməliyik. Bu günümüzü bizlər üçün tarixi qələbə ilə qürurlandıranlara, onların davamçılarına gələcəyimizi daha sağlam şəkildə hədiyyə etməliyik! Biz istedadları üzə çıxarmalı, tarixi qələbəmizin səsini gələcəyə onların qələmi ilə ötürməliyik. Gənclərin sözünün, qələminin, təqdimatının gücü olduqca böyükdür.
ADPU-nun Quba filialının tələbəsi olmuş Emin Tahayevin yaratdığı “Buz heykəl” adlı nəzm numunəsi də yaradıcı gənclərin sözünün gücünü nümayiş etdirən ən bariz nümunələrdən biridir:
Buz Heykəl
Ə.Məmmədxanlının eyniadlı hekayəsi əsasında yazılmışdır.
Qırx birinci il qışı, çox şaxtalı bir gecə,
Canlı-cansız ətrafda buz bağlamış gör necə.
Daş çatlayır, zəhərli ilan tək çalır hava,
Həyatı məhv etməyə ölüm çıxıbdır ova.
Şaxtanın sazağından daş, qayalar çatlayır,
Ağaclar şaqqıldayır, torpaq da çatıldayır.
Nəfəs tıxanıb-qalır boğazda tikan kimi,
Dəhşət tutub hər yanı özünə məkan kimi.
Ucsuz-bucaqsız çöllər qarla, buzla dağlanmış,
Gedir bir tənha kölgə əli-qolu bağlanmış.
Basaraq körpəsini bağrına bir gənc ana
Ağappaq zülmət içrə gedirdi günçıxana.
Tapdalayıb yurdunu yırtıcı, xain düşmən,
Baş götürüb qaçmışdır zalımların əlindən.
Eləmişdir namusun qara əllərdən xilas,
Bürümüşdür qəlbini qüssə, qəhər, qəm və yas.
Özün, ciyərparəsin gecənin ağuşuna,
Atmışdır bu rəhmsiz qanlı çovğun qışına.
İndi üz tutub gedir Böyük torpağa tərəf,
Ölüm olsa da sonu itirməz namus, şərəf.
Qarşıda sahilləri meşəlik böyük çay var,
Cəbhə xətti boyunca o çay axıb uzanar.
Toplar guruldayaraq gecələr zaman-zaman,
Sanki qar uçqunları nərildəyir dağlardan.
Cəbhə xəttinə tərəf tələsir böyük ürək,
Hava işıqlanmamış özün yetirsin gərək.
Keçib azad torpağa-çayın o bir tayına,
İstər azadlıq düşsün körpəsinin payına.
Sinəsi üstundəki körpə, uşaq həyatı,
O incə təbəssümü, o gül, yumşaq həyatı
Qoy uyutsun yenidən isti ocaq röyası,
İsindirsin körpəsin gündüz, günəş ziyası.
Gedir ana, nəfəsin dərmədən gedir yenə,
Yıxılır, batır qalır qalın qarın içinə!
Çırpınır, qar içindən ayağa qalxır ana,
Davam edir yoluna nəfəsi dona-dona!
Elə bil ki, bu gecə buz bağlayıb zaman da,
Saniyələr də keçmir dəqiqələr dolanda.
Sonsuz, qarlı çöllərin tükənişi görünmür,
O xilaskar torpaqdan bir hənirti sürünmür.
Taqətdən düşür ana, şaxta qılınc tək kəsir,
Soyuqdan əsmir ana, ana qorxudan əsir!
Elə bilir bu şaxta bir zəhərli qılınc tək
Qucağında körpəyə qəsd edir, çəkmir ətək!
Alacalanmış gözlər sığınacaq axtarır,
Pənah gətirmək üçün bir künc-bucaq axtarır.
Çox axtardı gözləri, ana çox çəkdi acı,
Nəhayət tapdı bir cüt ağcaqayın ağacı.
Ağaclar ağ sütun tək göylərə ucalırdı ,
Ağrıya dözür ana, gözləri qaralırdı!
O ağaclara doğru ana əsərək gedir,
Qançırlayıb üzünü şaxta kəsərək gedir!
Söykənir ağaclara qucağında körpəsi,
Ana güclə dayanır, buz bağlayır nəfəsi.
Sonsuz qarlı çöllərə baxır ana, çəkir ah!
Bu ağaclardan savay yoxdur bir istinadgah!
Şaxta buzlu alov tək qarsırdı üz-gözünü,
Məğrur ana dözürdü, itirmirdi özünü!
Ananın ürəyində qıvrılırdı, yanırdı,
Bir qorxu ağlayırdı və şivən qoparırdı!
Eşidir-körpə donur, körpə indi donacaq!
Bu zalım şaxta, sazaq onu səndən alacaq!
Qolları arasında kövrək nəfəs sönəcək!
Buz bağlamış dünyanın ağırlığı çökəcək
Ananın sinəsinə, ananın ürəyinə,
Övlad məhəbbətindən yananın ürəyinə.
Lakin ana deyirdi qıvrılma, yanma, dayan!
Ürəyində ağlayan qorxuya edib üsyan!
Qoy bu dünya buz tutub donub buzlağa dönsün!
Həyat yer üstdən qaçıb yerin altına köçsün!
Ananın ürəyindən sönməyəcək hərarət!
Heç bir kor olan qüvvə, rəhmsiz və bədheybət
Bu həyat fidanını ananın sinəsindən,
Qoparda bilməz onu bağrının binəsindən!
Yenə dözüb şaxtaya çovğuna əzəmətlə,
Çıxardıb yun jaketin kəskin bir hərəkətlə.
Ana bərk-bərk körpəsin bürgələyir, bükürdü,
Elə bil ki, bir anlıq qorxusun ürkütürdü.
Amma qızmar dəmir tək şaxta yaxır üzünü!
Qoymurdu göz açmağa dağlayırdı gözünü!
Şaxta iliklərinə, qəlbinə işləyirdi!
Didir quduz köpək tək, dağıdır, dişləyirdi!
Tir-tir əsib titrəyir, şaxtadan donur ana!
Artıq itirir özün, elə gəlirdi ona!
Bu donan, bu titrəyən balaca körpəsidir!
Qəlbində fəryad edən körpənin naləsidir!
Bu dəfə də başından qalın şalın qoparır,
Özü yalın əynilə müdafiəsiz qalır.
Bükür yenə körpəsin, bürmələyir şalıyla,
Ana ciyərparəsin qorumaq gümanıyla.
Yoxdur başqa istinad, yalnız budur əlacı,
Söykəndiyi bu bir cüt ağcaqayın ağacı
Ayaq üstündə onu tutaraq saxlamışdır,
Ana tək ümidini Allaha bağlamışdır!
Hiss edirdi ki, artıq donur damarda qanı,
Bilirdi qurtuluşa yoxdur artıq gümanı.
Artıq son dirənişdir, yetişibdir zamanı,
Olsa da son dəqiqə, olsa da bu son anı!
Yenə də dayanmayır, yenə də durmur ana,
Qoy heç olmasa körpəm yaşasın, mən bir yana!
Düşünərək yenə də ana nəsə qopardır,
Əynindən, ətəyindən paltarını çıxardır.
Körpəsinin üstünə hamısın qalaqlayır,
Ana altdan və üstdən körpəsini bağlayır.
Basıb bağrına bərk-bərk balasın qucaqlayır,
Gözdən ağlaya bilmir, ana qəlbdən ağlayır!
Duyulmayan son sözün, titrəyən son nəfəsin
Üstünə örtür onun. əzizləyir körpəsin.
Qorxma tifilim qorxma, ufacığım səsimin,
İstisi də sənindir bil ki, son nəfəsimin!
Sonra da susur ana, batqın uğultu qopur
Beynində bir səs kimi, şaxta canına hopur!
Qulaqları dibində cingiltili mis simlər
Bir-birinin ardınca qırılıb tökülürlər!
Kilidlənir ananın donmuş göz qapaqları,
Artıq heç nə eşitmir ananın qulaqları.
Nəfəsi çilik-çilik olub yerə tökülür,
Şaxtanın zənciriylə dolanaraq bükülür!
Bitişib ağcaqayın ağaclarına qalır,
Ananın həyatını zamansız ölüm alır!
Amansız, buzlu şaxta dörd tərəfindən keçir,
Anaya başqa bir don, bir başqa örtük biçir.
Ana üçün büllurdan toxuyur yeni libas,
Naxışlı, ağ ulduzlu, ağ sədəfli bir atlas.
Ovxarlanmış qılınc tək, kəskin göz qamaşdıran
Açılmışdı bir səhər baxışları çaşdıran.
Ağcaqayın ağacı qarşısında bu səhər
Çiyinlər ağxalatlı dayanmışdır üç nəfər.
Üç nəfər gənc döyüşçü keçirmişlər yaxından,
Qayıdırdılar onlar gecə kəşfiyyatından.
Hər üçü açıb başın orda qımıldanmadan,
Ürək dura bilərmi ağlamadan yanmadan!
Gördükləri mənzərə qarşısında donurlar,
Bu mənzərəni heç vaxt unudan deyil onlar.
Bu mənzərə amansız taleyin əməlidir,
Buzdan tökülmüş bir gənc qadının heykəlidir!
Bu üç nəfər döyüşçü bir mətəm tutmuş kimi,
Müqəddəs bir mehrabın önündə durmuş kimi,
Udublar nəfəslərin, udublar sözlərini,
Bu qəhərli səhnəyə dikiblər gözlərini.
Unudublar, nə vaxtdan burda durublar onlar?
Bu səhnənin ağrısın ancaq görənlər anlar!
Birdən onlardan biri tez yerindən tərpənir,
Elə bil ki, bilinməz bir qüvvə onu çəkir.
Aparır irəliyə, yaxınlaşıb dayanır,
Buz heykəl qarşısında sanki birdən oyanır.
Tərəddüd edir bir an, sonra hansısa hissin,
Daha artıq dəli tək bir parlayan ümidin
Təlqiniylə ananın qolları arasında,
Üstü buz bağlayan bir düyünçə ortasında,
Yoxlayır həyəcandan əsən barmaqlarıyla,
Qəlpə-qəlpə qopardır buzu dırnaqlarıyla!
Ürək döyüntüsüylə açır örtüyü, birdən
Bir kiçicik baxışlar gözünə zillənirkən!
Səksənir bu ansızın körpə baxışlarına,
Heyrət düşür üzünün donan naxışlarına!
Sıçrayaraq bir addım, geriyə durur birdən,
Sonra sevinc içində atılaraq yerindən
Dönür təlaş içində baxan yoldaşlarına,
Qışqıraraq səslənir donan qardaşlarına.
Buz bağlamış dünyaya üz tutaraq qıy vurur,
Sonsuz qarlı çöllərə səslənərək qışqırır!
Qoy eşitsin bu dünya! Qoy eşitsin uzaqlar!
Körpə sağdır eşidin! Körpə sağdır uşaqlar!
Və o vaxt ki, hər üçü vermişdilər baş-başa,
Əyilərək körpəyə edirdilər tamaşa.
Bir dram əsəriydi bu gün açılan səhər,
Dolur artıq gözləri, boğur onları qəhər.
Səhərin işığından gözlər qamaşır, axır,
Heyrətlə gülümsəyir, körpə onlara baxır!
Gözlərində yaş durmur isladır üzlərini,
Əllərinin tərsilə silirlər gözlərini.
Götürərək körpəni başların qaldırırlar,
Yenidən ananın buz heykəlinə baxırlar.
Səcdə edib anaya yerə qədər dəyirlər.
Son dəfə buz heykəlin önündə baş əyirlər!
Dönməliydilər ordan düşmən ayaq basınca,
Düzülərək hər üçü bir-biri arxasınca,
Körpəni bir-birindən növbə ilə alaraq,
Sinələri üstündə körpəni apararaq,
Dəyişirdilər tez-tez körpəni əllərində.
Keşik çəkirdi biri arxada, biri öndə.
Düşünürdü hər üçü qəlbində gedə-gedə,
Ananın buz heykəli möhtəşəm bir abidə!
Onlar üçün həmişə tunc heykəl olacaqdır!
Onların xəyalında həkk olub qalacaqdır!
Bu tunc təcəssümüdür ana cəsarətinin,
Böyük ana qəlbinin ölməz şücaətinin!
EMİN TAHA
ADPU-nun Quba filialının tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva