“Qalib xalqın Vətən, torpaq ətirli qəhrəmanlıq​ sözləri”

“Qalib xalqın Vətən, torpaq ətirli qəhrəmanlıq​ sözləri”

ADPU-nun Quba filialının Pedaqoji fakültəsinin dekanı f.f.d. Qələmşah İdrisovun 44 günlük Vətən müharibəsi qəhrəmanlarına həsr etdiyi şeirlərin təqdimatına aid “Qalib xalqın Vətən, torpaq ətirli qəhrəmanlıq​ sözləri” adlı onlayn tədbir keçirilib
25 fevral 2021-ci il tarixində keçirilən tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra filialın “Məktəbəqədər təlim tərbiyə” ixtisasının IV tədris ili tələbəsi Ləman Məhərrəmzadə çıxış edərək qeyd edib ki, tədbirin 25 fevral tarixində keçirilməsi təsadüfi deyildir. Erməni vandalizminin xalqımıza, dinc soydaşlarımıza qarşı törətdiyi Xocalı Soyqırımının 29-cu ildönümü ərəfəsində biz möhtəşəm qələbə sevinci yaşadıq, XOCALIMIZA QOVUŞDUQ, bu səbəbdən də yazılan bütün şeir və hekayələr bizim qələbə sevincimiz oldu. Təkcə silahla deyil, qələmlə də döyüşdük. Qələmi ilə xalqı, əsgərləri ilə döyüşənlərdən biri də 44 günlük Vətən müharibəsində az qala hər həftə bir şeir yazan, qazi və şəhidlərimizə öz duyğularımızı şeirlərində ifadə edən hörmətli dekanımız Qələmşah İdrisov​ oldu.
Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev də bildirib ki, artıq əminik ki, şanlı tariximizdəki qələbə sevincimizlə bağlı yazılan bütün şeirlər növbəti il, pandemiyadan sonra 2020-ci ildə qovuşduğumuz müqəddəs Xocalımızda, əziz Şuşamızda keçiriləcək tədbirlərimizdə səslənəcəkdir. Can Xocalım, biz yanındayıq, qələmimizlə,​ silahlarımızla, ürəyimizlə və canımızla, istər əsgər kimi, istər ziyalı kimi.
Tədbirdə çıxış edən filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy Qələmşah İdrisova yaradıcılıq uğurları arzulayıb, şeirlərinin ruhundakı Vətən sevgisindən bəhs edib.
Daha sonra tədbirdə filialın Pedaqoji fakültəsinin dekan müavini Nübar Bayramova çıxış edərək Qələmşah İdrisovun pedaqoji və dekan kimi fəaliyyətindən, şeirlərindəki incə ruhdan danışıb,Vətən müharibəsindən sonra​ şimal bölgəsində övladları, Vətən üçün canlarından keçən 100 -lə şəhid ailəsində həmsöhbət olduğu qürurlu və mərd Azərbaycan qadınlarına, Şəhid analarına da​ şeir həsr etmək üçün münasibətini bildirib, sonda Qələmşah müəllimin şeirini səsləndirib.
Daha sonra tədbirdə filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev çıxış edərək qəhrəmanlıq ruhunda şeirlərin gənclər üçün əhəmiyyətini vurğulayıb, filialın tələbələrinin, həmçinin yaradıcı əməkdaşlarının əsərlərindən, şeir və hekayələrindən ibarət toplunun da ərsəyə gələrək çap edilməsi təklifini irəli sürüb.
Daha sonra baş müəllim Rahib Alpanlı, dekanlığın əməkdaşı, YAP Qadınlar Şurasının sədr müavini Nəhayət Şirinova, TEC sədri Azər Zahirov çıxış edərək Qələmşah müəllimin qəhrəmanlıq şeirlərinin müasir gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əhəmiyyətindən bəhs edib, şair ruhlu həmkarları ilə qürur duyduqlarını dilə gətiriblər.
Tədbirdə həmçinin Qələmşah İdrisovun qəhrəmanlıq şeirlərinə həsr edilən videoçarxlar nümayiş olunub, şeirləri səsləndirilib.
Tələbələr Ləman Məhərrəmzadə, Azər Zahirov, Nicat Piriyev, Səma Asəfova, Leyla Məmmədova suallar ünvanlayıblar.
Tədbirdə Qələmşah İdrisovun nəvəsi də şeir səsləndirib.
Çıxış edən Qələmşah İdrisov tədbirin təşkilatçılarına təşəkkür edib, Vətən mövzusunda yaradıcılığına bundan sonra da məmnuniyyətlə davam edəcəyini bildirib.
Tədbir TGT sədr müavini Nicat Piriyevin tarda ifasında səsləndirdiyi “Qarabağ şikəstəsi” ilə sona çatıb.

QEYD:
İdrisov Qələmşah​ Seyidəhməd oğlu 18 iyun 1964-cü ildə Xaçmaz rayonunun Qırağlı kəndində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi, 1989-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına APİ) “Bədii qrafika” fakültəsini bitirmişdir.
1992-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında müəllim işləmişdir. 2000-ci ildən Azərbaycan Müəllimlər İnstitunun Quba filialında müəllim, kafedra müdiri və direktor müavini kimi fəaliyyət göstərmişdir.
2002-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olmuş, 2007-ci ildə Bakı Dövlət Universitetində dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2014-cü ildən Azərbaycan Müəllimlər İnstitunun Quba filialında, 2015-ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Pedaqoji fakültənin dekanı vəzifəsində çalışır. 10 elmi, 50-dən çox metodiki, publisistik məqalələrin və ayrı-ayrı tədqiqat sahələrini əks etdirən 7 kitabın müəllifidir. “Qızıl qələm” və “Araz ali ədəbi” mükafatları laureatıdır. Qubada fəaliyyət göstərən “Gülüstan” elmi-ədəbi məclisinin üzvüdür. Elmi Şuranın üzvüdür.
Kitablarından birneçəsi
“ÜRƏYİMİ AÇIRAM”,
“QIRAĞLI TOPONİMİ VƏ QIRAĞLILILAR”,
“AZƏRBAYCAN DİLİNDƏ TƏSVİRİ SƏNƏT TERMİNLƏRİ”,
“XAÇMAZ TOPONİMLƏRİ
YURD SEVGİSİ”
“PROFESSOR QƏZƏNFƏR KAZIMOV VƏ AZƏRBAYCAN DİLÇİLİYİ” və sair.
Bu günki tədbir mövzumuz isə Qələmşah müəllimin 44 gun davam edən müharibə şəraitində və ondan sonrakı zəfər tariximizin qələbə eşqinə həsr etdiyi bir sıra qəlbən yazdığı, qələminin o incə sözləri ilə ərsəyə gətirdiyi o möhtəşəm şeirlərindən danışmaqdır..
Bu şeir nümunələrindən “Ali baş Komandanım” şeiri,​ Azərbaycanın milli qəhrəmanı Polad Həşimova həsr etdiyi “Generalım”,bircə mahnısı ilə könullərimizi fəth edən şəhidimiz Xudayar Yusifzade itfah olunmuş “Dastana dönən səs” şeiri, Topçu Vüsal Şahkərəmova həsr olunmuş “Topçu Vüsal” şeiri ,”Dünyaya səs”,” İgid Ləzgi qardaşım”​ “Qələbə bayramı” şeiri​ və sairə bu kimi şeirlər bizim qəlblərimizə çox geniş bir iz saldı.
Xoş soraq yayıldı bütün Dünyaya
Vətən alqışladı bu gün İlhamı
Yazıldı tarixə səkkiz noyabr
Qələbə bayramı zəfər bayramı, zəfər bayramı!

Xalqda İlham nəfəsi,
Dildə İlham kəlməsi
İlham gücü, qüvvəsi,
Haqdandı, imandandı,
– Ordumuzun gücüylə
Şərəfli tarix yazan
Ali Baş Komandandı !
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ***
Birləşdi yumruq kimi
Dövlətim, xalqım, ordum.
Bütövlüyə qovuşdu
Mənim Günəşli yurdum.
Bu kəhkəşan, bu işıq
Yandı, əbədi yandı,
– Ordumuzun gücüylə
Şərəfli tarix yazan
Ali Baş Komandandı !
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ***
İndi cəbhədən gəlir
Şanlı zəfər sorağı,
Düşmənin sinəsinə
Vururuq qisas dağı.
Azərbaycan – Türkiyə
Bir ürəkdi, bir candı,
– Ordumuzun gücüylə
Şərəfli tarix yazan
Ali Baş Komandandı !
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ***
Düşmən qaçır it kimi
Ordumun qabağından.
Xarı bülbül qoxusu
Gəlir Qarabağımdan.
Ücrəngli bayrağımın
Yolu bəlli ünvandı,
– Ordumuzun gücüylə
Şərəfli tarix yazan
Ali Baş Komandandı !
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ***

Qarabağ səmasında
Şahinlər çalır qanad.
Eşitsin bütün dünya,
Bilsin bütün kainat,
Azərbaycan Qarabağ –
Qarabağ Azərbaycandır !
– Ordumuzun gücüylə
Şərəfli tarix yazan
Ali Baş Komandandir !
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qələmşah İdrisov
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 7 noyabr 2020 ci il

QƏLƏBƏ BAYRAMI

Xoş soraq yayıldı bütün dünyaya,
Vətən alqışladı bu gun İLHAMI.
Yazıldı tarixə​ səkkiz noyabr,
Qələbə​ bayramı, zəfər bayramı!
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ***
Döydü qapıları sevinc sədası,
Unutduq kədəri, unutduq yası.
Düşdü könüllərə Cəngi havası,
Nəğmələr oxundu, sevindi hamı,
Yazıldı tarixə səkkiz noyabr,
Qələbə bayramı, zəfər bayramı!
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ***
Üfüqdən üç rəngdə yayıldı şəfəq,
Ay-ulduz göylərdə bərq vururdu, bərq.
Şimaldan Avropa, cənubdan da Şərq,
Verdi əsgərimə təzim salamı,
Yazıldı tarixə səkkiz noyabr,
Qələbə bayramı, zəfər bayramı!
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ***
Mən də bir əsgərəm vətən yolunda,
Cəsarət canımda, qüvvət qolumda.
Dahilər diyarı—Qarabağımda,
Qəhrəman igidlər yandırdı şamı,
Yazıldı tarixə səkkiz noyabr,
Qələbə bayramı, zəfər bayramı!
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
​ ​ ​ ​ ​ Qələmşah İdrisov​ ​ ​ 25.11.2020

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?