Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib

17.10.2021
Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.

Rusiyanın sülhməramlı vasitəliçiliyi haqqında danışmağa başlayan ölkə başçısı “Rusiya sülhməramlılarının ötən bir illik fəaliyyəti bəzi xırda insidentlər istisna olmaqla ümumən qənaətbəxşdir” deyərək qeyd etmişdir. Həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır.

-İtaliyanın yenidənqurma işlərinə cəlb edilməsi nəzərdə tutulurmu və ya İtaliya artıq bu işlərdə iştirak edirmi? – sualına cavab verən cənab İlham Əliyev qeyd etmişdir ki:

“İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.

Prezident İlham Əliyev müsahibənin ilərləyən dəqiqələrində müxbirin Əfqanıstan hökuməti ilə bağlı “Taliban hökumətini tanımağa hazırsınızmı?” sualına “Taliban hökumətinin tanınması ilə bağlı qərarı ilk növbədə Əfqanıstanın qonşuları verməlidir” deyə cavab vermişdir. Daha sonra bildirmişdir:

Biz hazırda hər hansı bir addımın atılması mərhələsində deyilik. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Ölkəmiz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmayıb. Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb. Azərbaycan hərbçiləri Kabil hava limanını sonuncu tərk edənlər sırasında olublar. Hərbçilərimiz hava limanını orada baş verən partlayışdan bir gün əvvəl tərk ediblər. Yəni, Azərbaycan öz missiyasını sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra etmişdir.

Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Ölkənin xarici siyasəti tamamilə hər hansı xarici hökmranlıqdan azaddır və praqmatik xarakter daşıyır. Ölkənin mövqeyi məhz bu prinsiplər əsasında formalaşdırılır. Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. Qərarlar Bakıda Azərbaycanın milli maraqları əsasında ölkənin Prezidenti tərəfindən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra Ermənistanla öz sərhədimizə çıxdıq. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi – bunu dayandırın.

Prezident İlham Əliyev: “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm.”

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?