Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin edib

İcra başçıları daim insanlarla təmasda olmalıdır. İcra başçıları bütün kəndlərdə olmalıdır, kənd camaatının qayğıları ilə yaşamalıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.     İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür.

Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, xarici və daxili siyasəti dəstəkləyir. Bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu.

Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır.

Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.

Bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. İcra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir.

Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonaları, otel kompleksləri inşa edilib. Bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl Göygöl gölü də ictimaiyyət üçün açıldı. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir. Nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.

Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Həmin yol indi əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var.

Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir.

Torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var.

Sahibkarlıq inkişaf edir və bunun üçün bir çox addımlar atılır. Burada da bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, həm də turizm sahəsində. Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa yox.

Rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır. İcra başçıları ictimai nəzarətdən çəkinməməlidir. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi fəaliyyəti daha effektiv edəcəkdir

Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri.