Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində görüş keçirmişdir

07.10.2021
Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində görüş keçirmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub.

Prezident İlham Əliyev əvvəlcə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib:

“Əziz cəbrayıllılar, əziz dostlar, sizi səmimiyyətlə salamlayıram və “Cəbrayıla xoş gəlmisiniz” deyirəm.

Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər”.

Azərbaycanın gücünün göstəricisi olan sürətli bərpa və quruculuq işləri haqqında danışarkən qeyd etmişdir ki, bir ilə görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur.

İşğaldan azad olunmuş bütün ərazilər erməni vəhşiliyinin sübutudur. Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular.

Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var.

Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Artıq birinci yaşayış binasının təməli qoyuldu. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm də xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.

Böyük Qələbəmizin unudulmaz tarixi! Bəli. Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir.

“Böyük Qayıdış” Cəbrayıldan başlamışdır – Ali Baş Komandan bu formada səslənərək bildirmişdir ki, Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.

“Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir. Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik”.

Daha sonra Prezident İlham Əliyev çıxışını bu sözlərlə yekunlaşdırmışdır:

Bu gün, eyni zamanda, Zəfər və İşğal muzeylərinin təməli qoyulacaq. Hesab edirəm, ən önəmlisi odur ki, Cəbrayıl şəhərinin baş planı siz cəbrayıllılara təqdim ediləcək. Biz bu plana bərabər baxacağıq. Əgər razılığınız olarsa, bu planı da təsdiq edəcəyik. Bizim planlarımız bundan ibarətdir. Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq. Sizi ürəkdən salamlayıram. Sizin simanızda bütün cəbrayıllıları qucaqlayıram, öpürəm. Allah sizə cansağlığı versin. Bundan sonra cəbrayıllılar Cəbrayılda yaşayacaqlar. Sağ olun.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?