Prezident İlham Əliyevin Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edib

Prezident İlham Əliyevin Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edib

Əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir. 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var. Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.

Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşü.

Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk.

Azərbaycan dünyada ilk dəfə – XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda – Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib. Müstəqil ölkə olaraq, təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olmaq bizim üçün inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitədir. Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində Azərbaycan müstəsna əhəmiyyətə malikdir. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir.

Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik. İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı.

Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.Həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın qurulmasına yönəlmişdir. Biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı deyilik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?

ADPU QUBA


This will close in 20 seconds