Prezident İlham Əliyevin 2021-ci il 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı baş tutmuşdur.

07.10.2021
Prezident İlham Əliyevin 2021-ci il 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı baş tutmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltmış və çıxış etmişdir: 

Bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin işğaldan azad edilməsi zamanı şəhidlərimiz oldu, qazilərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin.

Suqavuşan qəsəbəsinin azad edilməsinin Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətdən danışan dövlət başçısı qeyd etmişdir ki, qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir.

Keçən ayın 27-də Anım Gününün keçirilməsindən söz açan Ali Baş Komandan Vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsini bir daha böyük hörmətlə yad etdiyimizi vurğulamışdır.

Talış kəndi və Suqovuşan qəsəbəsi haqqında danışarkən, cənab İlham Əliyev bildirmişdir:

Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi.

Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklərdən bəhs edərkən, ərazidə düşmənin çox böyük canlı qüvvəsinin yerləşməsindən,  ərazinin azad olunmasının bölgədəki strateji yollara nəzarətinin təmin edilməsindən  və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradılmasından söz açmışdır.

Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi.

“Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı içində idi”. – deyərək Ali Baş Komandan əlavə etmişdir: Onların gözü qorxmuşdu və bundan sonrakı dövrdə – oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi.

Eyni zamanda, vaxtilə sovet dövründə su anbarının yanında ulu öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır. Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyası müharibə zamanı və müharibədən sonra ki, onlara bu rayonlardan çıxmağa vaxt verilmişdi, ermənilər onları dağıtmışdılar, onların bərpası gedir. O cümlədən, ilk növbədə, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmışdır və artıq bu stansiyalar işlək vəziyyətdədir. Onlar yenidən quruldu, yenidən tikildi. Bu, bir daha bizim gücümüzü və siyasətimizi göstərir. Biz infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atırıq və müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür. Bu bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Bu qəsəbənin azad edilməsinin digər önəmli tərəfi, bir daha demək istəyirəm ki, mənəvi-psixoloji üstünlüyümüzün daha da möhkəmləndirilməsidir.

İndi əgər müharibənin xronologiyasına baxsaq, görərik ki, sentyabrın 27-də 6 kənd, Murovdağ silsiləsi, Ağdərə dağları, oktyabrın 3-də isə 8 kənd, o cümlədən Suqovuşan qəsəbəsi və Talış kəndi azad edildi. Oktyabrın 4-də bir çox kəndlər azad edildi, o cümlədən Cəbrayıl şəhəri.

Yəni, bu, ordumuza əlavə güc verdi, mənəvi ruh verdi. Bu mənəvi üstünlüyü biz müharibənin son gününə qədər, son dəqiqəsinə qədər saxlamışdıq. Düşmən artıq başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Çünki baxmayaraq ki, düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü. Bu, dünya hərb praktikasında yəqin ki, bir yenilikdir. Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü. O cümlədən Ermənistan ordusunda xidmət edən şəxsi heyət görürdü ki, biz qələbə çalırıq, biz qabağa gedirik, bizi heç bir qüvvə dayandıra bilməz. Əgər hərbi nöqteyi-nəzərdən götürülməsi demək olar ki, mümkünsüz sayılan Talış və Suqovuşan Azərbaycan Ordusu tərəfindən götürülübsə, onlar tam yəqin edə bilərdilər ki, bundan sonra da Qələbə salnaməmiz davam edəcək.

Bu gün Suqovuşanda və Talış kəndində olarkən bir daha xalqımızın, Silahlı Qüvvələrimizin qəhrəmanlığını görürəm. Buraya gələn hər kəs bunu görür və görəcək. Çünki bu yerləri işğaldan azad etmək, ölümə getmək, bax, xalqımızın böyüklüyünü göstərir.

Bu gün hər iki kənddə Dövlət bayrağını ucaldaraq şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramımı bildirirəm. Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq. Bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacağıq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?