Prezident İlham Əliyevin 18 may tarixli bəyanatı

Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və  ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.

Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir.

Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır.

Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır.

Sərhədlərin delimitasiyası artıq başlamalıdır. Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır.

Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyirik.

Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi.

İndi Azərbaycan ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzədir. İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı -Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.