Müasir Azərbaycan tarixinin şanlı zəfər səlnaməsi.

Müasir Azərbaycan tarixinin şanlı zəfər səlnaməsi.

ADPU-nun Quba filialında dosent Yusif Alıyevin təşəbbüsü ilə yeni məzmunda, fərqli formatda layihəyə  başlanılıb.

27 noyabr 2020-ci il tarixindən etibarən ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin təşəbbüsü və rəhbərliyi ilə “Müasir Azərbaycan tarixinin şanlı zəfər səlnaməsi” adlı onlayn silsilə tarix dərslərinə start verilmişdir.
İlk dərs “Zoom” platforması üzərindən olmaqla, 2 saatdan daha çox davam etmişdir.
Qeyd edək ki, böyük qələbənin mahiyyətini, bu qələbəyə vəsilə olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin diplomatik, siyasi gücünü və qüdrətini gənc nəslə, xüsusən də bu gün Azərbaycan gəncliyini təmsil edən tələbələrə akademik müstəvidə aşılamaq, anlatmaq məqsədi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasının qərarı ilə “Müasir Azərbaycan tarixinin şanlı zəfər səlnaməsi” adlı onlayn silsilə tarix dərslərinə start verilmişdir.
Onlayn dərsin ilk mühazirəçisi çağdaş Azərbaycan jurnalistikasının inkişafına böyük töhfələr vermiş, media məkanında öz dəst-xətti olan, peşəkar jurnalist, “Real” TV-nin qurucusu və direktoru “Əməkdar jurnalist” Mirşahin Ağayev olub. Dərsdə filialın professor, müəllim və tələbə heyəti iştirak edib.

Onlayn dərsdə əvvəlcə açılış nitqi ilə qonağı salamlayan, ona bu görüşdə iştirakına görə hədsiz təşəkkür edən filialın direktoru dosent Yusif Alıyev bildirib ki, bu gün hər birimiz doğma Azərbaycanmızın son 200 illik tarixində əldə edilən böyük qələbənin yüksək sevincini yaşayırıq.

Son 20 ildə isə regionun, dünyanın qüdrətli dövlətinə çevrilən Azərbaycan bütün sahələr üzrə dünyaya öz modellərini nümayiş etdirdi. 15 oktyabr 2003-cü ildə Prezident seçkilərində Azərbaycan xalqının etimadını qazanaraq Prezident seçilən və 50 milyonluq azərbaycanlının prezidenti olacağına söz verən cənab İlham Əliyev 17 ildə həm diplomatiya, həm siyasət, həm iqtisadiyyat, həm təhsil, həm də hərbi sahədə öz sözünü dedi. Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı, Ali siyasi liderimiz daxili sabitliyi tam bərqərar etdikdən sonra iqdisadiyyatını insan kapitalı üzərində quran Azərbaycan dövləti həmçinin müasir ordu quruculuğu sahsində də böyük işlər apardı. Azərbaycan dünyanın nüfuzlu təşkilatlrının üzvlüyündən sədrliyinə kimi mətin addımlarla addımladı. Dünyanın kosmik ölkələri sırasına daxil olaraq orbitə 3 süni peykini qaldırdı….

Ağrılı və yaralı 90-cı illərdən miras qalan Qarabağ probleminin sülh yolu ilə həlli mümkün olmadıqca hərbi yol qaçılmaz idi. Mənfur ermənilər isə güclü Azərbaycanın fərqində deyildi. Nəhayət möhtərəm Prezident İlham Əliyevin əmri ilə 27 sentyabr 2020-ci il tarixindən başlayan müzəffər Azərbaycan ordusunun əks-hücum əməliyyatı cəmi 44 gün çəkdi və 10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi sərkərdəliyi və müzəffər Azərbaycan ordusunun qüdrəti sayəsində Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycan xalqına bəxş edilən Zəfər sevinci, Böyük Qələbə ovqatı hər birimiz üçün iftixar və qurur mənbəyinə çevrilib.
Məhz bu qələbənin qazanılmasında, ruh yüksəkliyinin təmin edilməsində ali məktəblərin də rolu danilmazdır. Son illər digər ali təhsil müəssisələrində olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində də dövlətin təhsil siyasətinə uyğun olaraq gələcəyin müəllimlərinə vətənpərvərlik, dövlətçilik maraqları və digər vətəndaşlıq elementləri aşılanmaqdadır. Təsadüfi deyildir ki, bizim filialımızın da 20-dən çox məzunu və 2 tələbəmiz könüllü olaraq ordu sıralarına yazılaraq cəbhədə düşmənə qarşı qanlı döyüşlərdə iştirak etmişdir. Təbii ki, mütamadi olaraq Azərbaycanın böyük uğurları, Vətən müharibəsinin gedişi boyunca cənab Prezident İlham Əliyevin beynəlxalq televiziya kanallarına verdiyi və sanki hər birində Azərbaycanın hərbi, siyasi doktrinasının bəndlərinin əks olunduğu müsahibələrinin təhlilləri ilə əlaqədar tələbələrlə keçirdiyimiz görüşlər zamanı onların olduqca maraqlı fikirləri, sualları, izahları ilə qarşılaşırıq. Ona görə də bu işləri sistemli şəkilə salaraq filialın Elmi Şurasının qərarı ilə “Müasir Azərbaycan tarixinin şanlı zəfər səlnaməsi” adlı silsilə onlayn tarix dərslərinə start verilmişdir.
Bunun üçün ölkənin ictimai-siyasi xadimlərdən, alim və sənət insanlarından, peşəkar media mənsublarından görkəmli şəxsləri onlayn mühazirəçilər qismində dərslərimizə dəvət edəcəyik. Dərsimizin bugünkü ilk mühazirəçisi isə çağdaş Azərbaycan jurnalistikasının inkişafına böyük töhfələr vermiş, media məkanında öz dəst-xətti olan, “Real” TV-nin qurucusu və direktoru, hamımızın sevimlisi, “Əməkdar jurnalist” Mirşahin Ağayevdir. Mən güman edirəm ki, Mirşahin müəllimi geniş təqdim etməyə heç bir ehtiyac yoxdur, çünki hər birimiz təpədən dırnağa milli dəyərlərə sahib olan bu insanı özümüzəməxsus şəkildə tanıyırıq.
Dərsimizin kontekstinə uyğun olaraq deyə bilərəm ki, Mirşahin Ağayev həm 1990-cı illərdə, həm də 2020-ci ildə baş verən 1-ci və 2-ci Qarabağ savaşlarının canlı şahidi və bu hadisələrin fonunda hərb tariximizi yaddaşlara həkk etməyi bacaran peşəkar jurnalistlərimizdəndir.

Daha sonra sözü  böyük məmnuniyyətlə Mirşahin Ağayevə təqdim edib. Mirşahin Ağayev də region ali məktəbində gənclərin iştirakı ilə təşkil edilən görüşə görə Yusif Alıyevə öz təşəkkürünü bildirib, ölkədəki siyasi hərbi vəziyyətdən, haqq mübarizəmizin nəticələrindən, Ali Baş Komandan cənab İlham Əliyevin artıq öz uğurlu siyasi yolunun, öz kursunun mövcudluğundan, Azərbaycan xalqında yaradılan milli ovqatın əhəmiyyətindən bəhs edib, ətraflı məlumat verib.
Sonra filial əməkdaşları Qələmşah İdrisov, Aysel Şeydayeva, Gülşən Ağabəy, Nübar Bayramova, Yusif Abayev,  Rahib Alpanlı, filialın fəal tələbələri Azər Zahirov, Səma Asəfova, Səfurə Babayeva, Günel Abdullayeva mövzunun kontekstinə uyğun olan müxtəlif sualları Mirşahin Ağayevə ünvanlamışlar. Hörmətli Mirşahin Ağayev də bütün sualları dolğun cavablandırmış, verilmiş suallar əsasında kollektivin məlumatlılıq və vətənpərvərlik ruhundan razı qaldığını xüsusi vurğulamışdır. Sonda dosent Yusif Alıyev bir daha kollektiv adından Mirşahin müəllimə təşəkkür edib, görüşün əhəmiyyətini diqqətə çatdırıb.

 

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?