Məsuliyyət + cavabdehlik

16.08.2023
Məsuliyyət + cavabdehlik

Dilimizdəki “məsuliyyət” və “cavabdehlik” sözləri sinonim olsalar da, onların arasında müəyyən qədər işlənmə fərqləri mövcuddur. Cavabdehlikdə “öz hərəkət və işləri üçün cavab vermə, onların nəticələri üçün məsuliyyəti öz üzərinə götürmə” mənası vardır. Başqa sözlə desək, cavabdehlik daha çox fərdi, mənəvi məsuliyyət daşımaq deməkdir. “Məsuliyyət” sözündə isə rəsmilik, qayda-qanun çərçivəsində fəaliyyət göstərmək hissi duyulur. Bunu onun “məsuliyyətə almaq – məhkəməyə vermək, məhkəmə məsuliyyətinə cəlb etmək” çalarında da görmək mümkündür. Buna baxmayaraq, müəllimlik peşəsində məsuliyyət və cavabdehlik bir-birindən ayrılmaz. Onlardan birinin olmaması və ya zəifliyi tərəzinin tarazlığının pozulması deməkdir. Məsələn, müəllimin gündəlik dərsinə hazırlaşaması, tədris edəcəyi mövzunu planlaşdırmaq onun peşə məsuliyyətidir, tədris etdiyi mövzunun hamı tərəfindən yüksək səviyyədə mənimsənilməsi üçün tətbiq etdiyi metod və üsulların daha səmərəli olanından istifadə etmək onun cavabdehliyinə daxildir. Müəllim dərsini adi qaydada, bir öyrədən funksiyasını icra edərək keçib işini bitmiş də hesab edə bilər, problem situasiya yaradıb əməkdaşılq şəraitində, özünü kollektivin bir üzvü olaraq, problemin həllində iştirakçı kimi də göstərə bilər.

    Dövr bir-birindən öyrənmək, paylaşmaq, təkcə özü üçün yox, dünyanı düşünmək və s. kimi geniş mənalı bəşəri ideallarla yaşamaq, dünyanı didib-dağıtmaq deyil, gələcək nəsilləri bizlərə rəhmət oxutdurmaq üçün onu daha da gözəlləşdirməyi tələb edir. İş görmək başqa şeydir, işin içərisinə ürəyini qoymaq bambaşqa bir şey. Anonim bir aforizmdə deyilir: – Ən yaxşı müəllimlər ürəkdən dərs keçir, kitabdan yox. (The best teachers teach from the heart, not from the book.) Cavabdehlik budur. Elə çalışmaq lazımdır ki, qarşındakı şagird, tələbə səndən yaxşı müəllim təsəvvür edə bilməsin.

    Müəllim fikirləşməməlidir ki, “mənsiz də dünyanın işi keçərmiş”. Əksinə, “mənsiz bu məktəbin, şagirdlərin halı necə olar və ya necə olacaq” qayğısı ilə yaşamalıdır. Doğrudur, əvəzolunmaz işçi yoxdur. O qədər müəllim var ki, lakin hər meyvənin öz dadı olduğunu da heç kəs dana bilməz. Amerikalı psixatr Karl Meninger haqlı olaraq deyirdi: – Müəllimin nə olduğu onun nəyi tədris etdiyindən daha əhəmiyyətlidir. (What the teacher is, is more important than what he teaches.)

    Müəllim ən etibarlı şəxsdir – ailə və cəmiyyət ona ən əziz varlığını, canı qədər sevdiyi uşağını və gələcəyinin gələcəyini etibar edir. Belə bir etibar heç kəsə göstərilmir. Neçə illər əvvəl kəndimizin o qədər də yaxın münasibətimizin olmadığı sakinlərindən biri ailəsi ilə uzaq səfərə gedəcəkləri üçün elektron kodlu mücrüsünü gətirib bizə əmanət etdi. Qohum-əqrəbalı birisinin var-dövlətini bizə etibar etməsi məni çox təəccübləndirdi. Bir ay evimizin sakinlərindən çox sərhəd əsgərləri kimi yaşadıq. Həyəcandan bəzən gecələr də oyanırdıq.

    Cavabdehlik hissi dolğun müəllim repetitorluq haqqında düşünməməlidir. Yaşadığımız bu gözəl günlər uğrunda minlərlə şəhid vermiş xalqımız bizlərdən daha böyük fədakarlıq tələb edir. Müəllim məktəbin öz tarixi missiyasını tam yerinə yetirə bilməsi üçün dərin-dərin düşünməli zəmanət verməlidir ki, mənim dərs dediym şagird istədiyi ali məktəbə imtahan verib bu fəndən müvafiq bal toplaya biləcək. Bir xatirə bölüşüm bu mövzuda:

    Mən daha çox anamın məni ağ köynəkli, qalstuklu bir iş sahibi kimi görmək arzusunu yerinə yetirmək üçün çalışmışam. Nə qədər yaxşı oxusam da, gündəliyim “5”-lərlə dolub daşsa da, tərifnamələr alsam da anam ali məktəbə daxil olmağımdan narahat idi. Bir gün məni qonşuluğumuzda yaşayan müəllimimizgilə  apardı. Anam narahatçılığını dilə gətirən kimi, rəhmətlik Nadir müəllim onu arxayın elədi ki, oğlunuz hələ imtahan verməsə də, mən onu tələbə kimi görürəm, narahat olmayın. Həyat əziz müəllimimin proqnozunu doğrultdu. Qeyd dəftərimdə müəllifinin kim olduğunu unutduğum gözəl bir deyim var: – Dahi müəllimlər yaddaşınddan silə bilmədiyin melodiyalar kimidir. (Great teachers  are like melodies that you can’t get out of your head.) Mən qırx beş illik pedagoji fəaliyyətim boyunca bu əqidədə olmuşam ki, imtahanı şagird, tələbə versə də, nəticə müəlimin göstəricisidir.

    Cavabdehlik hissi ilə yaşayan müəllim narahat olmalıdır ki, məndən də yaxşı müəllim var, müasir imkanlardan istfadə edib, onun təcrübəsini öyrənib, ona yaradıcı münasibət bəsləyərək öz işimdə tətbiq etməliyəm. İngilislərin “all roads lead to Rome” (Bütün yollar Romaya aparır) məşhur atalar sözü var. Yəni ki, eyni məqsədə, nəticəyə nail olmaq üçün müxtəlif yollar, metodlar vardır. Ona görə də dərslərə rəng qatmaq, həyəcanlandırmaq, adiliyi qeyri-adiliyə çevirmək, dəmirçi ara-sıra körüyünü körüklədiyi kimi, öyrənənlərin də marağını yelpikləmək lazımdır ki, kül tutmasın. İndi adi insanların əksəriyyəti diqqət dalğınqlığından əziyyət çəkirlər. Çox da yaşlı olmayan qonaq yaxınlarımızdan biri bizə telefonu əvəzinə televizor pultunu gətirmişdi özü ilə. Partada əyləşmiş hər bir öyrənənin öz dünyası, öz qayğıları, həllini gözləyən problemləri və s. var. Belə bir şəraitdə onların diqqətini sabit və fəal saxlamaq müasir müəllim üçün çox çətindir.

    Bəzən haqlı olaraq müəllim peşəsini ən çətin peşə hesab edirlər. İxtiyarındakı dərs saatında nəyin baş verəcəyini heç kəs bilmir. Gündəliyi – yol xəritəsi olsa belə müəllim hər şeyə hazır olmalı, improvizasiyasını, pedaqoji taktını inkişaf etdirməlidir.  

    Peşəsinə məsuliyyəti və cavabdehliyi müəkəmməl müəllim çox şeydə hədd gözləsə də, səbir, təmkin, və yardımsevərliyində comərd olmalıdır. – Tələbələrimdən biri tez-tez sual verir, yenicə izah olunmuş məsələni bir daha təkrarlamağı xahiş edirdi. Yoldaşlarında bezginlik hiss edincə taktikanı dəyişdim. İndi izahatı özüm deyil, digər tələbələrdən soruşdum. Birinci tələbənin tək olmadığını, mənimsəmədəki problemlərin diqqət zəifliyinin nəticəsi olduğunu bildik. Tez-tez sual verən tələbəinin cavabını digərlərindən tələb edəcəyimdən hamı daha diqqətli olmağa çalışdı.

    İndi müəllim yalnız  öyrədən, informasiya mənbəyi, tədris etdiyi fənn üzrə yeganə ekspert deyil, daha çox öyrənənlərin tərəfdaşı, köməkçisi, resurs məsləhətçisidir. Hər hansı mövzu haqqında əlavə məlumat əldə etmək, öyrnənlərin axtarışlarını sürətləndirmək, müəllimin də öyrənərək öyrətməsi baxımından bu işin böyük əhəmiyyəti vardır. A. Eynşteynin gözəl bir kəlamı var bu mənada: – Həyat velosiped sürmək kimidir. Müvazinətini saxlamaq üçün hərəkət etməlisən. (Life is like riding a bicycle. To keep your balance you must keep going.)

    Müəllim sadəcə dərs keçmir, o, həm də tərbiyə edir. Müəllim geyim-kecimindən tutmuş dəqiqiliyi, vaxtın qədrini bilmək, insanlara münasibəti, vətənimizə, dövlətimizə, milli-mədəni dəyərlərimizə sədaqəti, keçmişə hörməti, bu günü dəyərləndirmək və daha gözəl gələcəyə ümid bəsləmək üçün əməli fəaliyyəti ilə fərqlənməlidir. Hər gün yeni, bir-birinə bənzəmədiyi kimi, müəllim də hər dərsdə təzə-tər, şövqünün zirvəsində görünməlidir. Yaddaşlarda yaşamaq yana-yana, başqaları üçün yaşamaq deməkdir. Sözümüzə yenə dahi A. Eynşteynin kəlamı ilə qüvvət verək: – Yalnız başqaları üçün yaşanan həyat dəyərli həyatdır. (Only a life lived for others is a life worthwhile.)

    Pedaqoji ədəbiyyatda nisbətən gənc olan “özünü qiymətləndirmə” müəllimin özünün özünə nəzarətini təmin edən ən təsirli vasitədir. Hazırlaşdığı dərsin ssenarisini nə dərəcədə reallaşdira bildiyini ən yaxşı müəllim özü təyin edə bilər. Uğurlu təcrübədirsə ondan daha çox istifadə etmək, kəm-kəsiri çoxdursa onu təkmilləşdirmək haqqında düşünmək lazımdır.

    Qələmim əyri-üyrü, qaya parçaları kimi kələ-kötür bizləri yetişdirib cəmiyyətə yararlı edən, dünyalarını dəyişsələr də məsuliyyət və cavabdehlikləri ilə xatirimizdə həmişə abidə müəllimlər kimi canlanan, haqlarını heç vaxt ödəyə bilməyəcəyimiz əziz müəllimlərimizin xatirəsinə daha bir neçə sətir yazmadan vərəqdən ayrılmadı.

***

Atalar-analar əkin-biçində,

Dünyalar bizimdi dərsin içində,

Gülərdi arzumuz təbaşirində,

Məktəbin ürəyi, canı müəllim,

Şərəfi, şöhrəti, şanı müəllim!

Hər günü sanardıq bizlərə töhfə,

Ağ günə pəncərə – qapqara lövhə,

Ağır günahı tək baxardı səhvə,

Məktəbin ürəyi, canı müəllim,

Şərəfi, şöhrəti, şanı müəllim!

O, yanıb əriyər, biz alışardıq,

Yorulmaq bilmədən hey çalışardıq,

Sevgi dəryasında doğmalaşardıq,

Məktəbin ürəyi, canı müəllim,

Şərəfi, şöhrəti, şanı müəllim!

Kitab oxuyardıq ertədən durub,

Uyuyub fərəhlə, səhər şən durub,

Tələbə olmuşuq partadan durub,

Məktəbin ürəyi, canı müəllim,

Şərəfi, şöhrəti, şanı müəllim!

Mürəkkəb qabımız tez boşalardı,

Çalışan hər oğlan, qız beş alardı,

Sevincdən kövrəlib göz yaşarardı,

Məktəbin ürəyi, canı müəllim,

Şərəfi, şöhrəti, şanı müəllim!

Çatılan qaşları, gözü yadımda,

Ədəbi, ərkanı özü yadımda,

Dilimdən düşməyən sözü yadımda,

Məktəbin ürəyi, canı müəllim,

Şərəfi, şöhrəti, şanı müəllim!

Gün gündən boylanar, ömür ilindən,

Şirin təbəssümü, şirin dilindən,

Göylərə nur saçar son məzilindən,

Məktəbin ürəyi, canı müəllim,

Şərəfi, şöhrəti, şanı müəllim!..

Rahib (Alpanlı) Sədullayev, ADPU-nun  Quba filialı ədəbiyyat və dillər kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?