Məqsədi hər zaman ölkənin təhsil siyasətinə xidmət etmək və dövlətimiz üçün peşəkar müəllim kadrların hazırlanmasını həyata keçirmək olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları da bu dəst-xətlə inkişaf edir. Ölkənin və regionun sosial-iqtisadi inkişafının tələblərinə cavab verən bilik və bacarığa malik mütəxəssislər yetişdirmək olan ADPU-nun Quba filialı da mütəmadi islahatlar keçirməklə təhsil ocağını təhsil-tədqiqat-innovasiya mərkəzinə çevirməyi hədəfləyir. Aparılan uğurlu islahatların hər biri filialın rəqabətə dözümlülüyünün təmin olunmasına, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisaslar üzrə kadr hazırlığının təmin olunmasına, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasına, beynəlxalq əlaqələr sahəsində fəaliyyəti genişləndirilməsinə, əməkdaşların və tələbələrin qabaqcıl beynəlxalq təhsil layihələrində iştirakının təmin edilməsinə, xarici universitetlərdən tələbələrin təhsilə cəlb edilməsinə, müəllim və tələbə mübadiləsinin təşkilinə xidmət edir. Bu məqsədlə filialda informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi elektron təhsil sistemini qurmaq və inkişaf etdirmək niyyəti daşıyır.
İslahatların uğurlu tətbiqinin əsas səbəblərindən biri kimi rəhbər və inzibati vəzifələrin əmək funksiyalarının mövcud təlimatlara, qaydalara, əsasnamələrə uyğun müəyyənləşdirilməsi, xüsusən də, filialda rəhbər vəzifə tutan şəxslərin bacarıqlarının və səriştələrinin inkişaf etdirilməsi, artırılması üçün müvafiq şəraitin yaradılması və hər zaman dəstəklənməsi kimi də göstərilə bilər.
Lakin əsas səbəb isə bütün bu uğurların təməlində duran düzgün idarəetmə və kollektivin doğru yönətiminə nail olmağı bacaran yaradıcı liderin olmasıdır. Son 4 ilə yaxın bir müddətdə ADPU-nun Quba filialına rəhbərlik edən lider direktorun, fizika elmləri doktoru dosent Yusif Alıyevin ölkəmizin təhsil siyasətinə uyğun olaraq uzaqgörən fəaliyyətinə əsaslanan idarəedicilik qabiliyyəti qarşıya qoyulmuş hədəflərə daha qısa müddətdə çatmağımıza səbəb oldu.
Yusif Alıyevin amalının əsas qayəsini filialda Azərbaycan təhsilinin inkişaf strategiyasından irəli gələn istiqamətlərin dəstəklənməsi, təhsilin keyfiyyətinin təminatı baxımından şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması təşkil edir ki, bu zərurəti nəzərə alaraq bütün səylərini ADPU-nun Quba filialının yolunu Avropa Kredit Transferi sisteminin təməl prinsiplərinə uyğun şəkildə qurmağa və inkişaf etmiş ölkələrin ali təhsil standartları səviyyəsinə çatdırılmasına yönəldir.
Məhz bu məqsədlə, savadlı və bacarıqlı mütəxəssis hazırlığı istiqamətində tədrisin keyfiyyətinin yüksəldilməsi üçün institusional təhlil apararaq filialda mövcud olan bir fakültənin əsasında 2 yeni fakültənin yaradılması təşəbbüsünü irəli sürərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurası qarşısında vəsadət qaldırdı. Uğurlu təklif dərhal qəbul olundu və öz müsbət həllini tapdı. Filialda iki yeni fakültə – Humanitar və sosial elmlər fakültəsi; Riyaziyyat və təbiət elmləri fakültəsi yaradıldı.
Xüsusən də ayrıca Riyaziyyat və təbiət elmləri fakültəsinin yaradılması heç də təsadüfi deyildi. Çünki rəhbərlik tərəfindən son illərin qəbul göstəricilərinin statistik təhlili məhz filialda riyaziyyat yönümlü ixtisaslarda oxuyan tələbələrin ayrıca bir fakültədə ixtisaslaşması təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə münbit şərait yaradacaqdı. Təkcə bir faktı qeyd etsək ki, 2021/2022-ci tədris ilində Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə qəbul planında ADPU-nun Quba filialı nisbət baxımından ölkənin digər ali məktəbləri arasında ön sırada fərqləndi. Belə ki, adıçəkilən ixtisas üzrə 30 nəfər tələbə qəbulu tam olaraq yerinə yetirilmiş və qəbul olan tələbələrin isə 23 nəfəri (~70%) dövlət sifarişli yerləri qazanmışlar. Beləliklə, hazırda fakültənin 347 tələbəsindən 141-nin, yəni 40%-dən çoxunun dövlət sifarişli əsaslarla oxuması bu islahatların aparılmasını tələb edirdi.
Bir qədər də dəqiq desək, yeni yaradılmış Riyaziyyat və təbiət elmləri fakültəsi özündə 2 kafedranı: Riyaziyyat və informatika, Təbiət elmləri kafedralarını, həmçinin 4 ixtisası: Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi, Tarix və coğrafiya müəllimliyi və Coğrafiya müəllinliyi ixtisaslarını birləşdirir. Fakültə üzrə I tədris ilində 69, II tədris ilində 67, III tədris ilində 71, IV tədris ilində 68, V tədris ilində 67 tələbə təhsil alır ki, bu da ümumilikdə 14 qrup, 19 yarımqrup, 11 birləşmə üzrə bölünüb.
Hələ ötən ilin təhsil göstəricilərinə istinad etsək, filial üzrə 285 təqaüd yerindən 141-ni Riyaziyyat və təbiət elmləri fakültəsinin tələbələri tutmuşdur ki, bu da ümumən filial üzrə 56% edir. Fakültədə 8 əlaçı, 55 həvəsləndirici, 71 adi təqaüdlü tələbənin olması əlbəttə ki, çox sevindirici haldır. Lakin tələbələrin maddi həvəsləndirilməsi, təhsildə sağlam rəqabət mühitinin gücləndirilməsini təmin etmək məqsədi ilə təsis olunan adlı təqaüdlərin də təsis edilməsi atılan ən uğurlu addımlardan biri hesab oluna bilər. Xüsusən də 2 tələbənin isə Nadir İbrahimov və Fətəli xan adına təsis edilmiş adlı təqaüdlərə layiq görülməsi bu islahatın uğurlu nəticəsidir.
Nəzərə alsaq ki, ADPU-nun Quba filialında mövcud bütün ixtisaslar üzrə 1060 tələbə təhsil alır, bu zaman riyaziyyat və təbiət elmləri yönümlü ixtisasların ayrıca fakültə kimi formalaşması filialın idarəetməsinin qısa, orta və uzunmüddətli strateji planlaşmaya uyğun qurulduğuna əsaslandığını bir daha sübut edir.
Qeyd etdiyim kimi ümumi dərs yükü 10775 saat təkil edən Riyaziyyat və təbiət elmləri fakültəsi özündə iki kafedranı birləşdirir. Bunlardan Riyaziyyat və informatika kafedrasının payına 5949 saat, Təbiət elmləri kafedrasının payına isə 4826 dərs saatı düşür. Kafedraların elmi tərkibinə də nəzər salsaq, Riyaziyyat və informatika kafedrasında 9 ştat, 4 əvəzçi, 1 saathesabı, Təbiət elmləri kafedrasında 7 ştat, 6 əvəzçi olmaqla ümumilikdə 27 müəllim çalışır ki, bunlardan 3 nəfəri elmlər doktoru – dosent, 6 nəfəri fəlsəfə doktoru – dosent, 3 nəfəri fəlsəfə doktoru baş müəllim, 4 nəfər baş müəllim, 11 nəfər isə adi müəllimdir ki, ondan da 3-ü doktorantdır.
Fakültədə bütün ixtisaslar üzrə tədris prosesi 2 növbədə: I, III və V kurslar 1-ci növbə , II və IV kurslar isə 2-ci növbədə təşkil edilmişdir. İki növbəli tədris prosesinin təşkil olunması kredit borcu qalmış tələbələrin kredit borclarını ləğv etmək məqsədilə təkrar dinləmələrdə yerləşdirilməsi üçün şərait yaratmağa imkan verir. Fakültə üzrə kredit sistemi ilə təhsil alan və ötən illərdən kredit borcu qalmış, lakin 2021-2022-ci tədris ilinin “Payız”, “Yaz” semestlərində həmin fənləri təkrar dinləmək üçün yerləşdirmək mümkün olmayan tələbələrin dinləyəcəyi fənlər dəqiqləşdirilmiş və fakültə üzrə 2022-2023-cü tədris ilinin payız semestrində 21 fənn üzrə 12 tələbə təkrar dinləmədə oturmuşdur. Məlumat üçün onu da qeyd edək ki, fakültədə bütün ixtisaslar üzrə I, II, III, IV, V tədris illərdində tədris kredit sistemi və yeni dövlət standartlarına uyğun tərtib olunan tədris planları əsasında təşkil olunmuşdur. I, II, III tədris ilində ADPU-nun təsdiq etdiyi 2020-ci ilin tədris planları, IV kurslarda ADPU-nun təsdiq etdiyi 2019-cu ilin tədris planları, V tədris ilində isə ADPU-nun təsdiq etdiyi 2014-cü ilin tədris planları əsasında tədris həyata keçirilir.
Mütəmadi olaraq filialın Keyfiyyətin Təminatı Şöbəsi Riyaziyyat və təbiət elmləri fakültəsinin şaxəli fəaliyyətinin icrasını strateji plandan irəli gələn müddəalar əsasında yoxlayaraq planlaşdırılan işlərin gedişinə dəstək olur.
Qeyd edək ki, Riyaziyyat və təbiət elmləri fakültəsinin 2022-2023-cü tədris ili üçün tələbə qəbulunun nəticələri də çox ürəkaçandır. Bu il fakültəyə iki ixtisas üzrə 69 nəfər tələbə qəbul olunmuşdur: “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə 49/nəfər tələbə (17 nəfər dövlət sifarişli, 32 nəfər isə ödənişli əsaslarla) və “Coğrafiya müəllimliyi” ixtisası üzrə 20 nəfər tələbə (onlardan 7 nəfəri dövlət sifarişi, 13 nəfər isə ödənişli əsaslarla). I tədris ilinə qəbul olunmuş tələbələrin ballarına diqqət yetirsək – “Riyaziyyat və informatika müəllimliyi“ ixtisasına qəbul olmuş 49 nəfər tələbədən ən yüksək bal 587, ən aşağı bal isə 259; “Coğrafiya müəllimliyi“ ixtisasına qəbul olmuş 20 nəfər tələbədən ən yüksək balı 428, ən aşağı bal isə 203 olmuşdur.
Filial üzrə də ümumiləşdirmə aparsaq ən yüksək (587,1) balla “Riyaziyyat və informatika müəllimliyi“ ixtisasına qəbul olmuş Abdullayeva Sevil Mövlud qızını göstərə bilərik.
Yeni tədris ili başlayana qədər I kurs tələbələrinin fərdi iş planları hazırlanmış və I kursa qəbul olan tələbələrin qeydiyyatı zamanı onların və valideynlərinin maarifləndirilməsi üçün treninq təşkil edilmiş, “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə” və “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə” və “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamə” ilə tələbələr tanış olmuş və I kurs tələbələri üçün oriyentasiya təqdimatları keçirilmişdir.
Tələbə transferi də fakültədə xüsusi maraq doğurur. Bu il fakültəyə 4 nəfər tələbə: 1 nəfər (Bakı Avrasiya Universitetindən gələn) Tarix və coğrafiya müəllimliyi ixtisasına, 3 nəfər (Sumqayıt Dövlət Universiteti, ADPU, ADPU-nun Şamaxı filialınfan gələn) Riyaziyyat və informatika müəllimliyi ixtisasına gəlmişdir. 1 nəfər tələbə isə Riyaziyyat müəllimliyi ixtisasından Memarlıq və İnşaat Universitetinə köçürülmüşdür.
Fakültəmizdə və ümumən filialımızda müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq təlim və interaktiv kurslar təşkil edilir.
Fakültənin tələbələri istər ümumfilial, istərsə də ümumrayon tədbirlərində aktiv iştirak edir, daima ictimai fəallıq göstərirlər. Təhsilin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə xidmət edən tədbirlərin həyata keçirilməsi məqsədilə filialda təşkil olunan “Riyaziyyat aylığı” xüsusi əhəmiyyət daşıyır. Fakültədə dekabr ayı müddətində təşkil olunan riyaziyyat aylığı çərçivəsində Riyaziyyat və təbiət elmləri fakültəsinin loqosu, “Kainatın üfüqləri” adlı büllüten, “Hamımız riyaziyyatçıyıq” lövhəsi, tələbələrin istək və arzularını bildirən “Arzular lövhəsi”, instagram sosial şəbəkəsində “Riyaziyyat” səhifəsi” hazırlanmışdır.
Riyaziyyatçıları maraqlandıran sualları cavablandırmaq və elmi fəaliyyətə motivasiyalarını gücləndirmək məqsədilə tələbələrin tanınmış riyaziyyatçı alimlərlə görüşü də planlaşdırılmışdır. Dekabrın 26-da isə fakültədə fakültənin tələbələrinin təqdimatında möhtəşəm “Riyaziyyat gecəsi” də keçirildi. Tədbirdə iştirak edən filialın direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev gecənin təşkilini yüksək qiymətləndirmiş və keçirilən intellektual yarışmaya da uğurlar arzulamışdır.
Hazırda fakütənin hər bir ixtisasında, əyani şöbənin bütün kurslarında dərslər dekabr ayının 29–dək başa çatdırılmış, cari semestr üçün tədris planlarında nəzərdə tutulan fənlərin tam həcmdə tədrisini təmin etmək məqsədilə əlavə dərslərin keçirilməsi təmin edilmişdir. Payız imtahan sessiyasına çıxarılan fənlərin siyahısı tədris planlarına əsasən müəyyənləşdirilmiş, elanlar lövhəsindən asılmışdır. İmtahan cədvəlləri həmin siyahı əsasında tərtib edilmişdir. 2022-ci ilin dekabr ayının 26-dək tələbələrin sərbəst işlərinin yerinə yetirilməsi başa çatdırılmışdır. Bütün akademik qruplarda semestrin sonunadək üç dəfə kollekvium keçirilməsinə nəzarət edilmişdir. İmtahan biletləri təsdiq olunmuş suallar əsasında tərtib edilmiş və tələbələrə vaxtında çatdırılmışdır. Tələbələrin imtahana qədər topladıqları ballar hesablanmış və onların nəzərinə çatdırılmışdır. Hər bir fənn üzrə auditoriya dərslərinin 25 %-dən çoxunda iştirak etməyən tələbə müəyyən edilərək nəticələr rəsmi şəkildə direktor tərəfindən əmrləşdirilmişdir. Fakültənin tələbələri 2022-2023-cü tədris ili üzrə 71 fənn üzrə imtahana hazırlaşır.
Böyük filosof və alimlər hər zaman öz yaradıcı ruhlarını təbiətdən və riyaziyyatdan alaraq riyaziyyatı elmlərin şahı adlandırmışlar.
Biz də filialımızın şahı olan tələbələrimizə bütün sınaqlardan üzüağ çıxmağı diləyir, onlara elm və təhsil yolunda uğurlar azrulayırıq!!!
ADPU-nun Quba filialının Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini, b/m Nübar Bayramova