Mənəvi dəyərlər mövzusu ADPU-nun Quba filialında müzakirə olundu

25.01.2022
Mənəvi dəyərlər mövzusu ADPU-nun Quba filialında  müzakirə olundu

“Müasir İnkişaf” İctimai Birliyinin və ADPU-nun Quba filialının təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə icra edilən “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi üzrə “Milli-mənəvi dəyərlər dövlətçiliyimizin təməl prinsipi kimi” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev rəhbərlik etdiyi müəssisənin bölgədəki yeganə və aparıcı ali məktəb olduğunu qeyd edib. O, burada bütövlükdə 150 nəfər əməkdaşın çalışdığını, onların 75 nəfərinin professor-müəllim heyəti olduğunu vurğulayıb. Filialın rəhbəri müəllimlərin əmək haqqının artırılması ilə bağlı görülən işlərdən də söz açıb. Direktor 19 doktorantın elmi araşdırma apardığını söyləyib. Y.Alıyev müəssisədə milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən, II Qarabağ müharibəsindəki qalibiyyətin ölkəmiz üçün faydalarından danışıb.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsindən bəhs edib. O, bu layihənin baş tutmasına dəstək olan dövlət qurumlarına – DQİDK, MDTF rəhbərliyinə təşəkkür edərək görülən işlərin QHT-hökumət əməkdaşlığının bariz nümunəsi olduğunu vurğulayıb. Layihə çərçivəsində “Azərbaycanda mənəvi dəyərlər” adlı kitab hazırlandığını deyən M.Göyüşlü mənəvi dəyərlərin qorunmasının və təbliğinin əhəmiyyətindən bəhs edib. O, II Qarabağ müharibəsində milli-mənəvi dəyərlərinə möhkəm bağlı olan Azərbaycan cəmiyyətinin, hərbiçilərinin işğalçı Ermənistan üzərində qalib gəldiyini qeyd edib. Çıxışçı bundan sonra da dini və milli birliyi qorumağın zərurətindən, cəmiyyətin bütövlüyünü saxlamağın önəmindən söz açıb.

AMEA Tarix İnstitutunun şöbə müdiri, dosent, Dövlət Mükafatı laureatı Hacı Həsənov təhsilin önəmindən, qəhrəmanlıq yazan müəllimlərdən, tələbələrdən və s. söz açıb. O, 44 günlük müharibəni mənəviyyat, namus, qəhrəmanlıq savaşı adlandıraraq, Şuşa şəhərinin azad edilməsinin əhəmiyyətindən bəhs edib. H.Həsənov Quba xanı Şeyxəli xanın qəhrəmanlığından, onun Rusiya imperiyasına qarşı apardığı azadlıq mübarizəsindən geniş çıxış edib, auditoriyaya gələcəkdə onun fəaliyyətini araşdırmağı tövsiyyə edib. Tarixçi alim milli-mənəvi dəyərlərin dövlətçiliyimizin təməl prinsipinin qorunmasında böyük rola malik olduğunu qeyd edib.

ADPU-nun Tarix və Coğrafiya fakültəsinin dosenti Mübariz Ağalarlı milli-mənəvi dəyərlərə bağlılığın cəmiyyətə, dövlətə faydalarından, bu istiqamətdə Quba rayonunda görülən işlərdən danışıb. Onun sözlərinə görə dinin təbliğində, dövlətçiliyin saxlanılmasında Qubanın, onun əhalisinin çox böyük rolu olub. M.Ağalarlı Qubanın Alpan, Susay kəndlərini nümunə göstərib. Çıxışçı 1918-1920-ci illərdə Qubanın durumundan, o zamankı soyqırım və faciələrdən də bəhs edib. ADPU-nun dosenti II Qarabağ müharibəsində bütün dini konfessiyaların, millətlərin birliyini xüsusi qeyd edib.

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, dosent Məhəmməd Cəbrayılov milli-mənəvi dəyərlər sisteminin mövcudluğunun millətin var olmasında mühüm rol oynadığını qeyd edib. O, XX əsrin əvvəllərində Azərbaycandakı maarifçilik hərəkatından, xüsusən də Əhməd bəy Ağaoğludan bəhs edib. Onun sözlərinə görə klassiklərimizin dövlətə, cəmiyyətə, dinə, mənəvi dəyərlərə baxışları mükəmməl səviyyədə olub. “Azərbaycan Xalq Cümhuriyyəti də mənəvi dəyərlər üzərində bərqərar oldu” deyən M.Cəbrayılov millətin həyatında əxlaqın çox böyük önəmə sahib olduğunu vurğulayıb.

Sonda ADPU-nun Quba filialının İKT şöbəsinin müdiri Yusif Abayev, ADPU-nun Quba filialının tələbəsi Hökməxəanım Nuriyeva, ADPU-nun Quba filialının direktor köməkçisi Mürvət Əliyev də çıxışlarında təmsil etdikləri təhsil müəssisəində görülən işlərdən, o cümlədən Qubanın etnik və dini rəngarəngliyindən, milli və dini həmrəyliyindən, gələcəkdə Şeyxəli xanla bağlı tədqiqat aparacaqlarından söz açıblar.

Sonda bu cür tədbirlərin davamlı şəkildə keçirilməsi qərarlaşdırılıb.

   

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?