Dövlət Məşğulluq Agentliyi tərəfindən Quba şəhərində əmək yarmarkası keçirilib

15.03.2024
Dövlət Məşğulluq Agentliyi tərəfindən Quba şəhərində  əmək yarmarkası  keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən Quba şəhərində keçirilən əmək yarmarkasında Filialın Tələbə, məzunlarla iş və karyera şöbəsinin müdiri Hikmət Musayev və şöbənin əməkdaşları Leyla Nurullayeva, Fatimə Allahverdiyeva da iştirak ediblər.

Qeyd edək ki, tədbirdə rayon üzrə 21 müəssisə tərəfindən 250 vakansiya təqdim edilib. Vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, ictimai iaşə, aqrar, qida, səhiyyə, tikinti, bank, xidmət və təhsil sahələrini əhatə edib. Yarmarkada, eyni zamanda işsiz və işaxtaran şəxslərə Qarabağda iş imkanları da təklif edilib. Yarmarkaya “ArchiCO” MMC tərəfindən işğaldan azad olunan ərazilərdə aparılacaq quruculuq işlərində iştirak üçün rəngsaz, fəhlə, armaturçu və digər sahələr üzrə 50-dək boş iş yeri təqdim edilib.

Tədbirdə Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən təşkil edilən aşpaz və ingilis dili peşəsi üzrə hazırlıq kursunun da açılışı olub. 34 nəfər işsiz şəxsin cəlb olunduğu kursun yekununda müdavimlərin işlə təmin olunması nəzərdə tutulub.

Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentiyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. İş üçün müraciət edən şəxslərin CV-ləri qəbul edilib, özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?