Dosent Yusif Alıyevə fizika elmləri doktoru elmi dərəcəsi verilmişdir

20.12.2022
Dosent Yusif Alıyevə fizika elmləri doktoru elmi dərəcəsi verilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 28.10.2022-ci il tarixli qərarı ilə dosent Yusif İmrayıl oğlu Alıyevə fizika elm sahəsinin “Kristalloqrafiya, kristallar fizikası” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. Elmlər doktorluğu diplomunu 9 dekabr 2022-ci il tarixində AAK-ın Rəyasət Heyətinin iclasında AAK-ın sədri professor Famil Mustafayev təqdim etmişdir.
Bu haqda AAK-ın rəsmi “facebook” səhifəsində paylaşım edilmişdir.
Dosent Yusif Alıyevi fizika elmləri doktoru elmi dərəcəsi alması münasibətilə ADPU-nun Quba filialının professor-müəllim, tələbə heyəti adından təbrik edir, ona şəxsi həyatında və elmi fəaliyyətində uğurlar diləyirik.
Məlumat üçün bildirək ki, Yusif Alıyev 2000-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin bakalavriatura və 2002-ci ildə isə magistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirmişdir.
 2002-2004-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 2004-2009-cu illərdə AMEA-nın Fizika İnstitutunda fəlsəfə doktorluğu səviyyəsi üzrə doktoranturada təhsil almışdır.
 25 noyabr 2009-cu ildə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Bəzi mis və gümüş halkogenidlərində kation və anionların qismən əvəz edilməsinin polimorf çevrilmə mexanizminə təsiri” mövzusunda dissertasiya işi müdafiə etmiş, 22 iyun 2010-cu il tarixində AAK-ın qərarı ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
 17 noyabr 2008-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Milli Elm Fondunun doktorant və tədqiqatçılar üçün “Akademik Həsən Abdullayev Diplomu” ilə təltif olunmuşdur.
 1 aprel 2014-cü il tarixində AAK-ın qərarı ilə dosent elmi adı verilmişdir.
2018-ci ildə AMEA-nın Fizika İnstitutunda elmlər doktorluğu səviyyəsi üzrə doktoranturaya daxil olmuş, 29 mart 2022-ci ildə “Kristalloqrafiya, kristallar fizikası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Ag və Cu əsaslı halkogenid sistemlərində fazaəmələgəlmə və quruluş faza çevrilmələri” mövzusunda dissertasiya işi müdafiə etmiş, 28 oktyabr 2022-ci il tarixində AAK-ın Rəyasət Heyətinin qərarı ilə ona fizika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
 Dosent Yusif Alıyev yarımkeçiricilər fizikası və kristalloqrafiya ixtisası üzrə yüzə yaxın elmi əsərin, ali məktəb tələbələri üçün 4 dərs vəsaitinin və lisey şagirdləri üçün 5 metodik vəsaitin müəllifidir.
Qeyd edək ki, Yusif Alıyev təhsil sahəsində çalışsa da, həmçinin fizika üzrə elmi-tədqiqat işi ilə məşğul olan mütəxəssisdir. Onun 100-ə yaxın elmi məqaləsindən 52-si nüfuzlu elmmetrik bazalarda indekslənmiş impakt faktorlu jurnallarda çap olunmuşdur. Əsasən gümüş və mis əsaslı binar və üçqat halkogenid birləşmələrdə kation və anion əvəzləmələri əsasında alınan kristallarda yüksək temperaturlar oblastında baş verən faza keçidlərini və quruluş tədqiqatlarını öyrənir.
Elmi-tədqiqat işlərinin nəticələrinə müvafiq olaraq Almaniya, Türkiyə, Rusiya, Moldova, Yunanıstan, Özbəkistan, Polşa, Ukrayna, Gürcüstanda keçirilən beynəlxalq elmi konfranslarda çıxış etmişdir. Həmçinin Yusif Alıyev bir çox beynəlxalq elmi konfransların təşkilat komitəsinin üzvü seçilmişdir.
 SCOPUS elmmetrik bazasında indekslənmiş “Advanced Physical Research” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 29 dekabr 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilmişdir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?