Dos. Yusif Alıyev Qazi Universitetinin keçirdiyi konfransda ermənilərin törətdiyi soyqırım haqqında çıxış edib

07.05.2021
Dos. Yusif Alıyev Qazi Universitetinin keçirdiyi konfransda ermənilərin törətdiyi soyqırım haqqında çıxış edib

5 may 2021-ci il tarixində Türkiyənin Qazi Universitetinin Qazi Təhsil Fakültəsinin təşkilatçılığı ilə “I dünya müharibəsi illərində ermənilərin törətdiyi kültürəl soyqırım” mövzusunda konfrans keçirilib. Tədbirdə Qazi Universitetinin rektoru Prof. Dr. Musa Yıldız, Qazi Universitetinin Təhsil Fakültəsinin dekanı prof. dr. Mahmut Selvi, prof. Dr. Alev Çakmakoğlu və digər akademik heyət iştirak ediblər. ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev də konfransda məruzəçi qismində çıxış edib və ermənilərin Anadolu türklərinə və azərbaycanlılara qarşı törədilmiş soyqırım həqiqətlərini konfrans vasitəsilə dünya ictimaiyyətinə çatdırıb.

Direktor çıxışında ermənilərin Quba rayonunda da törətdikləri soyqırım faktları ilə bağlı detalları da bölüşüb. Bildirib ki, 1878-ci ildə Rus-Türk müharibəsində Osmanlının məğlubiyyəti ilə indiki Türkiyənin Şərq ərazilərinin işğalı zamanı buradakı rus ordusunun dəstəyi ilə ermənilər Türk qardaşlarımızı qətl edərək, bu qətliamın izini kütləvi məzarlıq vasitəsilə itirməyə çalışıblar. Lakin bu yalnız Türkiyədə baş verməyib: “1918-ci ildə Rusiyanın I Cahan savaşından Lenin dekreti ilə çıxmasından sonra Rus ordusu baxımsız halda qalıb. Xeyli silahla silahlanmış ruslar öz silahlarını emrənilərə verərək öz döyüş mövqelərindən çəkilmək, öz evlərinə getmək istəyiblər. Ermənilər rusların bu silahları ilə Azərbaycanın əli yalın kəndlərinə hücumlar edərək əhalisi ilə birlikdə yer üzündən siliblər. 1918-ci ildə bolşeviklərin dəstəyi ilə Azərbaycanın Quba rayonunda bir gün ərzində 9 min sivil, günahsız insan qətlə yetirilib. Azərbaycan multikultural dövlətdir. Çalışdığım Quba rayonu isə etnik tərkibinə görə, regionun ən rəngarəng ərazisidir. Burada 26 etnik azlıq yaşayır. Onlar tarixən heç vaxt bir-birilərinə qarşı olmayıblar. Ermənilər 1918-ci ildə bu xalqların hər bir nüməyəndəsini qırğına məruz qoyaraq heç bir milli dəyərə məhəl qoymamışdır. 2007-ci ildə Qubada qazıntı işləri aparılarkən təsadüf nəticəsində kütləvi məzarlıq aşkarlanıb və həminn dövrün müsibətləri üzə çıxmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə həmin yerdə Quba Soyqırım Memorial Kompleksi inşa olunub”.

Dos.Y. Alıyev həm də vurğulayıb ki, Azərbaycanın 70 il SSRİ  tabeliyində olduğu vaxt ona tarixini unutdurmağa çalışıblar: “O zaman bizə qardaş Türkiyənin tarixini belə, düşmən olaraq öyrədiblər. Tariximizdəki qanlı haisələri o dövrlərdəki anti-bolşevik qüvvələrin üsyanı kimi qiymətləndiriblər. 1990-cı illərdə azadlığa qovuşduqdan sonra müstəqilliyimizin ilk günündə Türkiyənin dəstək verməsi və bizi tanımasından sonra tariximizi real faktlarla öyrəndik. Məlum oldu ki, 1918-ci ildə martın 31-dən Aprelin 2-dək ermənilər Azərbaycanda 30 mindən çox sivili qanına qəltan edib, məscidləri yandırıblar. Onlar heç bir qadına, uşağa, qocaya rəhm etməyiblər. Lakin 1918-ci il, 28 may tarixində Azərbaycan Şərqdə ilk Demokratik Cümhuriyyəti elan edib. Son günlərini yaşayan Osmanlı imperiyası Ənvər Paşanın başçılığı ilə qardaş köməyini əsirgəmədən Azərbaycana ordu göndərərək Gəncəyə daxil olub və ermənilərin Azərbaycanın əhalisini məhv edərək Gəncəyə doğru gəldiyi dövrdə Azərbaycanın yeni yaranmış diviziyasının köməyi ilə qanlı şiddətli döyüşlər gedib. O dövrdə Türk İslam ordusunun qəhrəmanlığı dilərdə dastan olub. Hazırda folklorumuzda Nuri paşanın şəninə yazılmış çoxlu əfsanə, nağıl, rəvayətlər var. Təəssüf ki, 70 il ərzində Nuri paşanı, Qafqaz İslam Ordusunu bizə düşmən, işğalçı qüvvə kimi təqdim edibər. Əslində isə 1918-ci ilin avqustun 5-də Bakıya hücum təşkil olunub. Bakıda 70 mindən çox erməni, rus, bolşevik tərkibli qoşunlar Azərbaycan ordusuna qarşı müqavimət göstəriblər. İlk döyüş uğursuz olsa da, sentyabrın 15-də Nuri paşanın başçılığı ilə Əliağa Şıxlinskinin təşkil etdiyi saldırıda düşmən məğlub olub. 60 min havadarın olmasına baxmayaraq, ermənilər Qafqaz İslam Ordusu, Azərbaycan Milli Diviziyası qarşısında duruş gətirə bilməmiş, öz mal-dövlətini ataraq, Xəzər dənizindəki gəmilərə minərək qaçıblar. Türkiyənin köməyi olmasaydı, biz o dövrdə Azərbaycanın bağımsızlığını heç bir halda əbədiyyən yaşada bilməzdik. O vaxt Osmanlı süqutunu yaşasa da, son anda qardaşlıq,  vəfa bocunu yerinə yetirib”.

Filialın direktoru çıxışında Azərbaycan Respublikasının Dövlət Bayrağının formalaşmasının tarixinə də nəzər salıb. Bildirib ki, Azərbaycan Milli Hökuməti bayrağını eynilə Osmanlı bayrağı ilə oxşar, yalnız ulduzunu səkkizguşəli edib: “O zaman Tomson Osmanlı dövlətinin bayrağına oxşar bayraq görərkən bunun hansı ölkəyə məxsus olduğunu soruşub. Yeni Azərbaycan dövləti sözünü eşitdikdə isə bunu yasaq edib. Hazırda bu arxada gördüyünüz Azərbaycan və Türkiyənin əbədi dostluq rəmzi olan bayraqlarımız hər zaman bir yerdə olacaq. Rəngi, hansı formada olması önəmli deyil. Önəmli olan var olduqca vəfa bocunun yerinə yetirilməsidir. İkinci Qarabağ müharibəsində də Türkiyənin Azərbaycanın yanında olması, bizim bu gücü hiss edərək Ali Baş Komandanın ətrafında birləşməyimiz nəticəsində Qarabağ işğaldan azad edilib. Bu qələbə ilə Qarsda, İzmirdə, Vanda, Qarabağda, Bakıda, Qubada qətl edilən türklərin qisası alınmış olub. Azərbaycan Ordusu bu zəfəri Türkiyə ilə birgə qazandığı üçün çox məmnunuq. Bu dostluq hansısa ehtiyac bağları üzərində qurulmayıb. Atatürkün istiqlal mücadiləsində bolşeviklər Azərbaycanda hakimiyyətə gəldiyi zaman Nəriman Nərimanovdan borc olaraq istiqlal savaşında kömək istəməsi zamanı N. Nərimanov Atatürkə yazmışdır: “Paşam, qardaş qardaşa borc verməz”. 

“Bu gün biz tariximizdəki erməni soyqırımından göz yaşı tökməklə deyil, ibrət dərsi çıxarmaqla hərəkət etməliyik”. 

Direktor Yusif Alıyev həmçinin bildirib ki, ABŞ Prezidenti Baydenin erməni soyqırımı ifadəsini işlətməsi çox gülüncdür və Azərbaycan ali təhsil  müəssisələrinin hər birində buna qarşı reaksiyalar olub: “Bütün dünya Türk birliyindən qorxur. Türkün tarixini hər kəs gözəl bilir. Biz sizlərdən ilham alırıq. Bu cür simpoziumları təşkil etdiyinizə görə, təşəkkürümüzü bildiririk”.

Çıxışdan sonra Türkiyəli professor və akademik heyət mühüm faktlara görə dosent Yusif Alıyevə təşəkkürünü bildirib, vurğulayıblar ki, qardaş Azərbaycanda tariximiz haqqında belə ətraflı məlumatların var olması bizim gücümüzü dünyaya bir daha sübut edir, bu gücün daha da artması üçün isə səngər qəhrəmanları ilə yanaşı, dosent Yusif Alıyev kimi ziyalı qəhrəmanlara da ehtiyac var. Qeyd edilib ki, ortaq şəhidlərin ruhları yalnız birlik çərçivəsində şad ola bilər və bunun fərqindədirlər.

Çıxışı link vasitəsilə izləyə bilərsiniz:  https://www.youtube.com/watch?v=NhfIBcOWOf4

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?