COVİD-19 virusuna qarşı immunitet reaksiyasını yenidən gücləndirmək üçün Buster dozasının vurulmasının əhəmiyyəti

13.10.2021
COVİD-19 virusuna qarşı immunitet reaksiyasını yenidən gücləndirmək üçün  Buster dozasının vurulmasının əhəmiyyəti

Hər şey 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Covid-19 infeksiyasının beynəlxalq formada  dünya ölkələri arasında sürətlə yayılması demək olar ki, bütün dünyada məhdudiyyətlərin qoyulmasına səbəb yaratdı. Eləcə də Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il verdiyi qərara əsasən, həmin zamandan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri görülməyə başlandı, belə ki, Azərbaycanda koronavirusa ilk yoluxma halı 2020-ci il, fevralın 28-də qeydə alınıb. Belə bir zamanda bu pandemiya şəraitinin bitməsi üçün yeganə çıxış yolu insanların Covid-19 infeksiyasına qarşı peyvəndləmək oldu.

Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıyır. Vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 2 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir.

Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna  gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir.

Hal-hazırda Azərbaycan əhalisinin 36%-i, yəni  3,6 milyondan çox şəxs COVID-19 əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Dünya üzrə isə istifadə olunan vaksin dozasının sayı 6 milyardı ötüb.

Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir.  Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buna görə də vaksininə 3-cü dozasının (Buster doza) vurulması ilə bağlı qərar qəbul edilmişdir. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur.

Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür;

Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski var. Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir.  Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Koronavirusun ştammlarından qorunmaq üçün buster dozasının vurulması tövsiyə olunur.

Hər gün sağlam həyata daha da yaxınlaşmaqdayıq. Ən çətin günləri geridə qoyduq, artıq qələbənin astanasındayıq. Koronavirusla mübarizədə atacağımız son addım peyvənd olunmaqdır! Gəlin özümüzü və sevdiklərimizi qorumaq üçün peyvənd olunaq!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?