Adpuquba.edu.az tələbələrə dəstək məqsədilə təhsil haqqından azad olan şəxslərin siyahısını təqdim edir:
-Dövlət ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və AMEA-nın magistratura səviyyəsində təhsil alan məcburi köçkünlər qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil müddəti ərzində, şəhid ailələrindən olan tələbələr isə 23 yaşınadək;
-Ali, orta ixtisas və peşə təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində, əyani formada təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları arasından olan şəxslər 23 yaşınadək;
-Azərbaycan ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində təhsil alan aşağıdakı şəxslər:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları;
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan vətəndaşların uşaqları;
Hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
-Ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Qeyd edək ki, torpaqlarımız işğaldan azad edilsə də, Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı hazırda qüvvədədir. Həmin Sərəncama əsasən 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.