Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 7 aprel 2021-ci il, saat 19:00-da “Müasir elmi-tədqiqat müəssisəsi” adlı vebinar keçiriləcək. Görüş “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutacaq.
Vebinarda spiker qismində Auburn Universitetində dosent kimi fəaliyyət göstərən Rəşad Kərimov çıxış edəcək.
Rəşad Kərimov 2005-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirib. Daha sonra ABŞ-da Minnesota Duluth Universitetində magistratura təhsili, Cornell Universitetində isə doktorantura təhsili alıb. O, elmi fəaliyyətini Berkli Kaliforniya Universitetində davam etdirib. Elmi araşdırmaları tibbi kimya, üzvi sintez və keçid metallardan üzvi sintez üçün katalizatorların hazırlanması haqqındadır. Rəşad Kərimovun beynəlxalq elmi jurnallarda 13 məqaləsi çap olunub, ABŞ-da bir patenti mövcuddur.
Qeyd edək ki, vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün yerlərin sayı məhduddur. İştirak üçün 5 aprel 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur.