BAĞIŞLA, YURD YERİ

08.05.2021
BAĞIŞLA, YURD YERİ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Pedaqoji fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru şair ruhlu Qələmşah İdrisov Qarabağın işğaldan azad olunan kəndlərini düşünərək duyğularını şeirə köçürüb, bizlərlə bölüşüb. Qələminizə sağlıq Qələmşah müəllim, çox təsirli şeirdir!

             BAĞIŞLA, YURD YERİ

Bağışla, yurd yeri, xəcalətliyəm,
Çox illər qoynuna gələ bilmədim.
Gəlmişəm, daşına baş qoyub deyəm,
-Ağlar göz yaşını silə bilmədim.
***
Gəlmişəm, əlimdə üçrəngli bayraq,
De, hara bərkidim, hayana sancım?
Bax, elə bu yerdə, otuz il qabaq,
Bayraq qucağında, can verdi bacım.
* * *
Bu nə fəlakətdi gəlib başına,
Daş üstə qoyulan daşın qalmayıb!?
Barbarmı, faşistmi çıxıb qarşına,
Qurun külə dönüb, yaşın qalmayıb.
* * *
Yeri bilinməyir məzarlığın da,
Dağlara baxmağa üzüm də yoxdur.
Durmuşam qurumuş kəhriz başında,
Bir kəlmə deməyə sözüm də yoxdur.
* * *
Açan çiçəklər də gülmür üzumə,
Yer- yeksan edilib Tanrı ocağı.
Hanı göyərçinlər? Dəymir gözümə,
Çiynimə qonardı hər səhərçağı.
* * *
İndi şükr edirəm üz tutub göyə,
Baxdıqca bu azad torpaqlarına.
Borcluyam, borcluyam səni görməyə,
Vətənin qəhrəman oğullarına.
* * *
Haqqın var əlimdən gileylənməyə,
Otuz ildir səni darda qoymuşam.
Burda, bu torpağa qarışım deyə,
Qoynuna gəlmişəm, elə bu axşam.
* * *
Darıxma, xalqımız verib əl-ələ,
Yenidən bir Cənnət quracaq burda.
İşıqlı sabahlar yol gəlir hələ,
Köçərik qoynuna gələn baharda.

Qələmşah İdrisov
25.04.2021

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?