“Azərbaycançılıq ideologiyası ilə yetişən gənclik: Şəhidliyin Elşad zirvəsi” tədbiri keçirilib.

“Azərbaycançılıq ideologiyası ilə yetişən gənclik: Şəhidliyin Elşad zirvəsi” tədbiri keçirilib.

2 dekabr 2023-cü il tarixində ADPU-nun Quba filialında Azərbaycanda “Heydər Əliyev ili” çərçivəsində “Azərbaycançılıq ideologiyası ilə yetişən gənclik: Şəhidliyin Elşad zirvəsi” tədbiri keçirilib.

Tədbirdə Quba şəhər 6 saylı məktəbin direktor müavini, yazar, pedaqoq Cəmafər Əliyevanın “Murovun Elşad zirvəsi” kitabının təqdimatı da baş tutub.

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramovanın moderatorluğu ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə giriş nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, f.e.d., dos.Yusif Alıyev vətənpərvərliyin dildə deyil, əməldə olduğu prinsipi əsasında qurduğu nitqində ümummilli lider Heydər Əliyevin Azərbaycanın bu günü üçün hakimiyyətinin ilk illərində atdığı strateji addımlardan, xüsusilə Cəmşid Naxçıvanski adına Hərbi məktəbin yaradılma səbəbindən danışıb, daha sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqımızın qəhrəman oğullarının canı bahasına əldə edilən tarixi qələbənin yaşatdığı qürur hissini, müqəddəs Şəhid ailələri, qazilər qarşısındakı məsuliyyət hissini artırdığını dilə gətirib, bu istiqamətdən yola çıxaraq Filialda görülən işləri sadalayıb. Daha sonra qeyd edib ki, Quba şəhər 6 saylı məktəbin direktor müavini, yazar, pedaqoq Cəmafər Əliyevanın “Murovun Elşad zirvəsi” kitabı Şəhidlərimizin qəhrəman həyatlarının gələcək nəsillərə ötürülməsi, öyrənilməsi üçün olduqca vacibdir. Çünki bizlər hər birimiz 44 günlük müharibədə əldə etdiyimiz Zəfərin sevinci, qüruru ilə yaşayırıq, qəlbləri qələbəmizə sevinən, fərəhlənən, övlad itkisi ilə hələ də qara libası əynindən çıxarmayan Şəhid analarının, gözləri yaşlı körpə Şəhid əmanətlərinin qarşısında vətən sevdalı olduğumuzu həm də Vətənin dar günündə canını qurban verən qəhrəmanların müqəddəs ruhunu şad etməklə, onları öyrənməklə göstəririk. Bu səbəbdən həmişə Şəhid adı çəkilən istənilən görüş mənim üçün tarix dərsidir.

Daha sonra tədbirdə “Azad Azərbaycan” qəzetinin xüsusi müxbiri, “Qızıl qələm” mükafatı laureatı, kitabın redaktoru Tamilla Məmmədzadə, Şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova, Quba rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi iştirakçısı Asəf Şirinov, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, Şəhid Mehrab Niftəliyevin atası Zöhrab Niftəliyev və anası Xalidə Niftəliyeva, Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, Xaçmaz rayon İcra Hakimiyyətində baş məsləhətçi, Vətən müharibəsi iştirakçısı, mayor Tarıyel Didarov, Quba şəhər 6 saylı məktəbin direktoru Üzeyir Muradov, yazar, pedaqoq Cəmafər Əliyeva çıxış edib. Çıxışlar zamanı belə möhtəşəm tədbirin keçirilməsi ilə bağlı filialın direktoru dos.Y.Alıyevə təşəkkür edib, həmişə şəhid ailələrini diqqətdə saxladığı və çox dəyərli şəkildə mənəvi dəstək göstərdiyi üçün ona vətənpərvər Azərbaycan oğlu kimi təşəkkürlərini dilə gətirdilər.

Tədbirdə həmçinin Şəhid mayor Elşad Həsənova həsr olunmuş musiqi səsləndirilib, C.Əliyeva Filialın direktoru tərəfindən “Təşəkkür Bəlgəsi” ilə təltif edilib.

Qeyd edək ki, tədbirdə 30-dan çox Şəhid ailəsi, qazilər və filialın əməkdaşları iştirak edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?