Azərbaycanda vətəndaşları koronavirusun mutasiyasından qorumaq üçün 3-cü peyvənd dozası təklif olunur.

29.10.2021
Azərbaycanda vətəndaşları koronavirusun mutasiyasından qorumaq üçün 3-cü peyvənd dozası təklif olunur.

Çox hörmətli həmkarlar, dəyərli tələbələr.
Məlumunuzdur ki, “COVİD-19” pandemiyası dünyada dayanmaq bilmədən yayılmaqdadır. Hər gün yüz minlərlə insan bu yoluxucu virusa yoluxur, yüzlərlə insan isə virusun qurbanına çevrilərək həyatlarını itirirlər.
Bu gün bəşəriyyət bu dəhşətli xəstəliyin qarşısında aciz qalaraq hələ ki, heç bir tam və dəqiq müalicə üsulu bulunmamışdır. Hələlik bu xəstəliyə qarşı ən effektiv qorunma vasitəsi koronavirus əleyhinə vaksin olunmaqdır. Azərbaycan dövləti və hökuməti əhalinin, vətəndaşların sağlamlığının keşiyində duraraq kütləvi vaksinləşmə işi həyata keçirərək ölkədə bu bəlanın yaradacağı fəlakətin qarşısını alaraq gedişatı nəzarət altında saxlayaraq əhalini qorumağa çalışır. Dünya dövlətlərinin bir çoxunda vaksin qıtlığı yaşandığı halda, bizim vətəndaşlarımızın bəzisi dövlətimizin peyvəndləmə işinə barmaqarası və laqeydliklə baxaraq bu prosesə qoşulmayaraq həm özlərini, həm ailəsini, həm də cəmiyyəti virusa yoluxdurmaq riskində yaşayırlar.
Bu isə qətiyyən yolverilməzdir.
Hörmətli həmkarlar, əziz tələbələr, məlumdur ki, təhsil müəssisələrinin fəaliyyəti artıq ənənəvi qaydada təşkil olunmuşdur, lakin son vaxtlar yoluxma sayında müşahidə edilən artım dinamikası təhsil müəssisələrinin də fəaliyyətinə təsirsiz ötüşməyir. Belə ki, artım sürətində səngimə olmazsa təkrarən sərt qapanmalara gedilməsi qaçılmaz ola bilər. Ötən müddət ərzində onlayn təhsildə çəkdiyimiz çətinlikləri və təmas qadağalarını xatırlatsaq yenidən o problemə doğru gedə biləcəyimizi bir daha düşünməliyik. Ona görə də düşünməliyik ki, bu problemin yaranma səbəblərində bizlərin də günah payı vardır. Ən birincisi biz cəmiyyətin ziyalı təbəqəsi olaraq dolğun maariflənmə tədbirlərini yaxşı qurmalıyıq, ikincisi biz özümüz ətrafdakılara nümunə göstərməliyik, üçüncüsü peyvəndlənmə prosesinə qarşı inamsızlıq və laqeydlik sərgiləyən insanları bütün mümkün vasitəkərdən istifadə edib sivil qaydada inandırmalıyıq. Bütün bu sadalananlar isə sağlam vətəndaş mövqeyinin detallarıdır. Ona görə də hər kəsdən bir daha xahiş edərək bildirirəm ki, ölkə əhalisinin sağlamlığının təmin edilməsi, öz həyatınızın qorunması məqsədilə mövcud tələblər əsasında peyvəndləmə prosesinə qatılasız və ətrafınızdakı insanları da bu işə təşviq edəsiz.
Statistik məlumatlara əsasən yoluxma əsasən peyvənd olunmamış və peyvənd olunmasından 4-5 ay keçmiş şəxslərdə baş verir. Ölüm faizi isə peyvənd olunmamış insanların arasında maksimum həddədir.
Hörmətli həmkarlar, hər kəsi bir nəfər kimi vaksinasiya prosesində fəal iştirak etməyə səsləyərək bu bəladan birgə yaxa qurtarmağa çağırıram.
Əgər siz koronavirus əleyhinə vaksinin birinci dozasını qəbul etməmisizsə həmən vaksin olunma mərkəzlərinə üz tutub peyvənd olunun. Əgər siz birinci doza vaksini qəbul edibsizsə, 1 ay keçmədən mütləq ikinci dozanı qəbul edin. Əgər sizin ikinci doza vaksin qəbulundan 150 gün keçibsə mütləq şəkildə aidiyyəti üzrə müraciət edib üçüncü doza vaksin qəbul edin.
Unutmayın ki, sağlamlığımız öz əlimizdədir.
Əgər biz peyvənd olunma prosesində yaxından iştirak edib, həm özümüzü, həm ailəmizi, həm də ətrafımızdakı insanları qorumasaq bir müddət sonra böyük peşmanlıq hissi yaşaya bilərik.
Hər kəsi bir nəfər kimi, qeyd olunan tələblər daxilində peyvənd olunmağa dəvət edirəm.

Hörmət və sayğılarla,
Dosent Yusif Alıyev

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?