Qurban bayramı Allah yolunda, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir

12.07.2021
Qurban bayramı Allah yolunda, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir

Azərbaycan Respublikasının rəsmi bayramlarından biri də Qurban bayramıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiqliyini dünyaya çatdırır.

İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirən Azərbaycan xalqı hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə isə bu günün müsəlmanlar tərəfindən layiqincə qeyd edilməsi üçün şərait yaranıb, bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilib. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.

Yüz illərdir, ayrı-ayrı xalq və din mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur. Burada etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Bu, Azərbaycanı dünyada tolerantlıq və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.

Ümummilli Lider Heydər Əliyev də hər il ölkəmizdə qeyd olunan dini bayramlar münasibətilə xalqı təbrik edib. Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirib. Hazırda bu ənənəni Prezident İlham Əliyev layiqincə davam etdirir. Hər il Azərbaycan xalqına Prezident İlham Əliyevin bayram təbriki ünvanlanır, xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiramın göstəricisidir ki, Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edib. Ulu Öndər Qurban bayramında xalqa müraciətində bildirib ki, bu müqəddəs bayram günlərində böyük xalq bəxş edilən nemətlərə görə, minnətdarlığını bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyir: “Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcək. Xalqımızın haqq işi qalib gələcək. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyil. Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həlli uğrunda apardığımız ardıcıl siyasət və tutduğumuz qətiyyətli mövqe, gənc ordumuzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm zəmindir”.

Qurban bayramında Prezident İlham Əliyevin xalqa müraciəti də onun Ulu Öndərin davamçısı olduğunu aydın sübut edir. İ. Əliyev müraciətində bildirib ki,  Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşıb, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd edib: “Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcək. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaq”.

Azərbaycan İslam mədəniyyətinin inkişafına da böyük töhfə verir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsində əks olunub. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb.

Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə hazır olduqlarını göstəriblər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsidir. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəməyib. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?