– Azad olunmuş ərazilər. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub;
– Qələbənin təqvimi. 27 sentyabr: Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri. Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər. 3 oktyabr: Tərtər rayonunun Suqovuşan və Talış kəndləri. Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri; Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi. 4 oktyabr: Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri. 5 oktyabr: Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri. 9 oktyabr: Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi. Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri. Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri. Tərtər rayonunun Çaylı kəndi. 14 oktyabr: Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri. Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri. 15 oktyabr: Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri. Füzuli rayonunun Arış kəndi. Cəbrayıl rayonunun Doşulu kəndi. 16 oktyabr: Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri. 17 oktyabr: Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri. 18 oktyabr: Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı. 19 oktyabr: Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri. 20 oktyabr: Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri. Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri. 21 oktyabr: Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri. Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri. Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri. 22 oktyabr: Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi. Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri. Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri. 23 oktyabr: Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri. Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri. Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri. Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri. 25-26 oktyabr: Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri. Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri. Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri. 28 oktyabr: Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri. Füzuli rayonunun Mandılı kəndi. Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri. Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri. 30 oktyabr: Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri. Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri. Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri. 2 noyabr: Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri. Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri. Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri. 4 noyabr: Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri. Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri. Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri. 7 noyabr: Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri. Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri. Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri. Zəngilan rayonunun Beşdəli kəndi. Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri. Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri. 8 noyabr: Şuşa şəhəri. 9 noyabr: Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri. Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri. Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri. Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri. Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri. Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi. Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri düşmən əsarətindən azad olunub. 10 noyabr: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub;
– Kapitulyasiya aktı. Noyabrın 10-da Ermənistan məcburiyyət qarşısında kapitulyasiya aktına imza atıb. Kapitulyasiya aktına görə, bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
– Ermənilərin düşmənçilik siyasəti 200 ildən çoxdur ki, davam edir. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər erməni təxribatları davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 000 azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir;
– Qələbəni yaxınlaşdırmış effektiv diplomatik fəaliyyət. Münaqişənin həlli üçün zəmin yaradan beynəlxalq fəaliyyət: Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır. Təbliğatın nəticəsində sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır;
– Azərbaycanın artan iqtisadi qüdrəti və siyasi nüfuzu sayəsində beynəlxalq layihələrin autsayderinə çevrilmiş Ermənistan. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi;
– Münaqişənin güc yolu ilə həllini qaçılmaz etmiş 30 il davam edən beynəlxalq riyakarlıq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi;
– “İrəli” əmrini səbirlə gözləmiş Azərbaycan xalqı. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi;
– Unudulmaz işğalın acı fəsadları. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur;
– Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir;
– 44 günlük müharibənin hər günü növbəti ərazilərimizin işğaldan azad olunması ilə yekunlaşırdı. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın;
– Qələbəyə ruhlandıran nitq. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Bu məqamlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Prezident İlham Əliyevin xalqa müraciətlərində düşmən tərəfə ünvanladığı mesajlar bu gün əhalinin dilində əzbərə çevrilib. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi;
– İnformasiya müharibəsində də qələbəyə səbəb olmuş Prezident İlham Əliyevin siyasi peşəkarlığı. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur.
– Qələbəni reallığa çevirmiş və ölkənin hərbi qüdrətini artırmış effektiv ordu quruculuğu. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir;
– Ölkənin hərbi potensialı dayanmadan artır. Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Ordumuz istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır. Azərbaycan əsgər və zabiti yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir;
– Düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmiş qüdrətli Ordu. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu;
– Şərtsiz üstünlük. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır;
– Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər;
– Azərbaycan əsgərinin sarsılmaz iradəsi gənclərimiz üçün nümunədir. Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə qələbə qazandırdı. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Dövlət öz əsgərin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanında olacaqdır. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb;
– Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv edib. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mif darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi;
– Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.
– Xalqın güc və birlik rəmzinə çevrilmiş “dəmir yumruq”. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir;
– Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir;
– Ölkədə yaşanan siyasi həmrəyliyin təcəssümü olan bəyanatlar. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır;
– Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir.
– Ölkəmiz bütün regionun inkişafına xidmət edən layihələrin təşəbbüskarıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər;
– Azərbaycanın Qələbəsi regiona yeni əməkdaşlıq formatları gətirib. Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaqdır. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir;
– Qonşu ölkələr arasında strateji tərəfdaşlıq üçün yaradılmış yeni perspektivlər. Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir;
– Keyfiyyət etibarilə yeni inkişaf dövrü. Azərbaycanın tarixində yeni səhifə başlanır. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır.