ADPU-nun Quba filialının kollektivi 2-ci Vətən müharibəsi qəhrəmanı Şəhid Ürfan Məmmədovun ailəsinin təşəbbüsü ilə keçirilən anım tədbirinə qatılıblar. Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, filialın əməkdaşları Aysel Şeydayeva, Mürvət Əliyev, Mələk Bağırova, Mahirə Malıyeva, Rahib Alpanlı, Şıxəmməd Seyidməmmədov, Yusif Abayev, Zəminə Qayıbxanova, Hikmət Musayev, Elbrus Əhmədov və tələbələr iştirak ediblər. Vurğulanıb ki, Şəhid Ürfan Məmmədov filialın TCM ixtisasının 5ci tədris ili tələbəsi Mayisə Məmmədovanın qardaşıdır.
Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev bildirib ki, 27 sentyabr tarixindən başlayan haqq mübarizəmizdə Vətən torpaqlarının işğaldan azad edilməsində yüzlərlə qəhrəman oğullar könüllü olaraq silaha sarılıb, doğma Qubamızda da bu gün adını qürurla çəkdiyimiz Şəhid Ürfan Məmmədov kimi oğullarımız başımızı uca edib, düşmənə layiqli cavab veriblər, Azərbaycan öz tarixi torpaqlarına qovuşub. Y. Alıyev Ürfan Məmmədov kimi oğulların döyüş yolundan danışıb. Bildirib ki, məhz onların cəsarətinin nəticəsidir ki, Şuşa döyüşləri tarixə yazılıb. O, işğaldan azad edilən torpaqlarda aparılan yenidənqurma işlərini şəhidlərin xatirəsinə sayğı, hörmət, ehtiram hesab edib. Bildirib ki, onların ruhuna anım məqsədi daşıyan bu kimi işlər daim davam etdiriləcək. Direktor vurğulayıb ki, 44 günlük müharibədə qazanılan zəfərə görə, hər kəs şəhidlərə, qazilərə borcludur. Y. Alıyev şəhid ailələrinə, doğmalarına səbr arzulayıb.
Daha sonra dos.Yusif Alıyev Şəhidin atası Çingiz Məmmədova hər zaman övladı ilə bütün xalqın fəxr edəcəyini, onun hər birimizin övladı olduğunu bildirib.
Şəhidin atasına “44 günlük tarixi möcüzə – Qubanın Vətən müharibəsi şəhidləri” adlı kitab hədiyyə edilib.
Tədbirdə filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Alpanlı, Təbiət fənləri kafedrasının müəllimi Şıxəmməd Seyidməmmədov, Quba rayonu Çartəpə kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Balasultan Məmmədov, Quba rayonu Aşağı Xuc kənd tam orta məktəbinin müəllimi Məlahət Məmmədova, Şəhidin döyüş yoldaşları, qazi Turan Məmmədov və şagirdlər çıxış ediblər. Bildiriblər ki, Məmmədov Urfan Çingiz oğlu 28 iyun 1994-cü ildə Quba rayonu Çartəpə kəndində anadan olub. Doğulduğu ailədə mehribanlığı, səmimiliyi valideynlərinə, bacı və qardaşına bağlılığı onu hədsiz sevdirib. İlk
orta təhsilini Quba rayonu Çartəpə kənd əsas məktəbində alıb, daha sonra Nəsib Dadaşov adına Aşağı Xuc kənd tam orta məktəbində davam etdirib. Təhsil aldığı müddətdə öz qabiliyyəti, davranışı, qoçaqlığı, mədəniyyəti ilə yoldaşlarına örnək olub. 2011-ci ildə Nəsib Dadaşov adına Aşağı Xuc kənd tam orta məktəbini bitirib, hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirsə də, hərbidə qalmağı seçib və 2016-ci ildə gizir kimi Vətənə xidmətini davam etdirib. N saylı hərbi hissədə tağim komandiri vəzifəsinə qədər yüksəlib. Bütün bu xidmətdə olduğu illər ərzində Vətənə məhəbbəti, torpağa məhəbbəti ilə seçilib, məhz buna görə də torpaqları işğal altında olan ölkənin vətəndaşı kimi həyatını hərb sahəsində davam etdirməyi qərara alıb. Onun bu sahəyə məhəbbəti həm də ailədə formalaşıb ki, hər zaman Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin azadlığı uğrunda 1994-cü ildə 13 yanvar tarixində şəhid olan əmisi Məmmədov Mayis Əzəmməd oğlunun qəhrəmanlıqlarına aid məlumatları dinləyərək böyüyüb Ürfan.
2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində ön cəbhədə qəhrəmanlıqla döyüşərək, düşmənə qarşı mübarizə aparıb, torpaqlarımızın işğaldan azad edilməsi üçün canını, qanını əsirgəmədən irəli atılıb, Tallş və Suqovuşan kəndlərindəki döyüşlərində iştirak edib, 28 sentyabr tarixində qəhrəmancasına Şəhid olub.