ADPU Quba filialının kollektivi 12 iyul 2020-ci il Tovuz döyüşlərini rayonun Şəhidlər Xiyabanında yad edib 

12.07.2021
ADPU Quba filialının kollektivi 12 iyul 2020-ci il Tovuz döyüşlərini rayonun Şəhidlər Xiyabanında yad edib 
ADPU Quba filialının kollektivi 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlərin il dönümü ərəfəsində Quba rayonunun Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı Tovuz döyüşləri şəhidlərinin xatirəsi yad edilib, Şəhid məzarları önünə qərənfillər qoyulub.
ADPU Quba filialının direktoru dosent Yusif Alıyev bildirib ki, bu gün Azərbaycan üçün önəmli tarixlərdəndir. Direktor düşmənin sərhəd pozuculuğu nəticəsində Tovuz rayonu kəndlərinin ağır artilleriya atəşinə tutulması tarixinə nəzər salıb. Bildirib ki, düşməni yerindəcə susdurmaq və atəş nöqtələrini məhv etmək uğrunda döyüşlərdə 2020-ci il Azərbaycan tarixinə qəhrəmanlıq tarixi kimi daxil olub. Dos.Y. Alıyev 27 sentyabrdan başlanan Vətən müharibəsini Tovuz döyüşlərinin davamı adlandırıb. Azərbaycan ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib. Qeyd edib ki, məhz belə oğulların sayəsində 30 il düşmən tapdağı altında olan torpaqlarımız azadlığa qovuşub. Vurğulayıb ki, bu qələbə həm də Azərbaycan xalqı və Azərbaycan Ordusunun Ali Baş Komandana inamının sübutudur. Müharibə dönəmində ölkənin xarici və daxili siyasətinin doğru istiqamətdə olması bir daha sübuta yetirilib. Müharibə zamanı xalq açıq-aşkar görüb ki, Azərbaycan əsgəri general ilə çiyin – çiyinə vuruşur və daha əvvəlki kimi başsız deyil: “Qədirbilən Azərbaycan xalqı şəhidlərin əziz xatirəsini heç vaxt unutmayacaq. Biz onların yarımçıq qalan nakam ömürlərini yaşatmağa borcluyuq”. 
Filialın pedaqoji fakültə dekanı f.f.d.Qələmşah İdrisov bildirib ki, ermənilər Azərbaycana xaincəsinə basqın etsələr də, qəhrəman oğulların mərdliyi sayəsində düşmənə layiqincə cavab verilib: “Tovuz hadisələri məhz bu cavabın başlanğıcıdır. Torpağa nə qədər xain əllər uzadılsa da düşmən bilməlidir ki, Azərbaycan xalqı Prezidenti ətrafında sıx birləşərək ərazi bütövlüyü uğrunda daim mübarizə aparacaq. Şəhidlərin ruhu bizim üçün mənəvi tərbiyə məktəbidir”. 
Filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev isə vurğulayıb ki, insanın ən ali hüququ onun yaşamaq hüququdur. Şəhidlər xiyabanında məzarlarını gördüyümüz oğullar isə bu hüquqlarını Vətən uğrunda fəda etmeyi bacarıblar. E. Şeydayev Prezident İlham Əliyevin müharibənin ilk günlərində xalqa verdiyi mesajı xatırladıb. Bildirib ki, Ali Baş Komandanın “torpaqlarımızı qorumaq üçün Milli Məclisin qabağına deyil, hərbi komissarlığa getmək lazımdır” cümləsi ilə bütün xalq silaha sarılıb və səfərbər olub.
ADPU Quba filialının tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva şəhidlərin belə qəhrəmanlıqla adlarını tarixə yazdıqlarını, heç vaxt unudulmayacaqlarını bildirib. Qeyd edib ki, nəinki il dönümlərində, ilin istənilən vaxtı onların xatirəsini anmaq, ailələrini daim diqqətdə saxlamaq hər kəsin vətəndaşlıq borcudur. A. Şeydayeva Allahdan şəhidlərimizə rəhmət diləyib.
Ziyarət zamanı kollektiv Vətən müharibəsinin başlandığı ilk gün şəhidlik zirvəsinə ucalan, Quba rayonunun ilk şəhidi Yaşar Xudayevin atası Əli Xudayevin oğlunu ziyarətə gəlməsinin şahidi olub. Şəhid atası oğlu ilə görüşərək məzarı başında onunla ruhən söhbətləşib. Filialın direktoru dos.Y. Alıyev şəhid atasına yaxınlaşaraq onun dərdinə şərik olduqlarını, eyni zamanda oğlu ilə qürur duyduqlarını vurğulayıb. Şəhid atasına minnətdarlıq borcunu ifadə edib. Bildirib ki, belə oğul böyütdüyü üçün bütün kollektiv onun qarşısında baş əyir.
Şəhid Yaşar Xudayevin atası Əli Xudayev bildirib ki, oğlu ilə qürur duyur və bu həmişə belə olacaq: “Vətən sağ olsun. Allah şəhidlərimizə rəhmət etsin. Hər biri mənim oğlumdur. Məhz onların canı hesabına torpaqlarımız azad olunub. Onları unudulmağa qoymamalıyıq”. 
Y. Alıyev şəhid atası ilə söhbət zamanı bildirib ki, onun qısa, amma içərisində böyük məna daşıyan nitqindən çox təsirənib: “Məhz Yaşar kimi oğulların qəhrəmanlığı sayəsində başımız uca oldu. Onların qanı hesabına alnımızdakı bu ləkə silindi. İnsan həyatı doğum və ölümdən ibarətdir. Yaşar isə bu qısa müddətə bütün xalqa ibarət olacaq həyat sığdırıb. Qarşınızda baş əyirik. Nə yaxşı ki, sizin kimi valideynlər var”. 
Direktor həmçinin Quba bölgəsinin bütün şəhidlərin anım və doğum günlərini xatırladacaq kataloq hazırlanması ilə bağlı kollektivə tapşırıq verib. Bildirib ki, bu onların hər birinin anım və doğum günündə yad edilməsini inteqrasiya edəcək. Direktor vurğulayıb ki, hər birimiz ideoloji-prinsipial məsələlərdə şəhid ailələrinin yanında olmalıyıq. Y. Alıyev şəhid atasının təşəbbüsü ilə kənddə Yaşar Xudayevin adını daşıyan bulağın yaradılmasını yüksək qiymətləndirib. Bildirib ki, bu həm də ehsan xarakteri daşıyır.
Sonda Qubanın Vətən müharibəsindəki ilk şəhidinin valideyni ilə xatirə şəkli çəkilib.
  
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?