ADPU Quba filialında məzun günü keçirilib

15.07.2021
ADPU Quba filialında məzun günü keçirilib

Bu gün ADPU Quba filialının 2021-ci tədris ili tələbələri üçün məzun günü keçirilib. Filialın pedaqoji fakültə dekanı Qələmşah İdrisovun moderatorluğu ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Pedaqoji fakültə dekanı Qələmşah İdrisov bildirib ki, 2021-ci tədris ilində filialı 158 məzun bitirir. Onlardan 18-i Azərbaycan və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində magistratura pilləsinə qəbul olunub. Məzunlar arasında Vətən müharibəsi iştirakçılarının da olması isə builki buraxılışı xüsusi edir.

ADPU Quba filialının direktoru dosent Yusif Alıyev çıxışında məzun gününün önəmindən bəhs edib. Hər tələbənin yetişməsində əməkdaşların zəhmətinin çox olduğunu vurğulayıb. Magistraturaya qəbul olunan məzunarla isə qürur duyduğunu qeyd edib. Direktor bildirib ki, yaxın gələcəkdə filialın magistratura şöbəsinin açılması məhz bu məzunların əməyinin, tədris göstəricilərinin nəticəsidir. Vurğulayıb ki, gələcəkdə filialın mənafeyini  qorumaq hər məzunun haqq borcudur. Dos. Y. Alıyev məzunlardan gözləntilərinin çox olduğunu söyləyib. Bunu builki gənclərin qalib, müstəqil, qüdrətli Azərbaycanın məzunları olması ilə əsaslandırıb. Məzunları filialın əsəri adlandırıb. Direktor filialın 2-i əməkdaş olmaqla, 18 məzununun magistraturaya qəbul olunmasını buradakı inkişafın, innovativ mühitin göstəricisi hesab edib. Məzunları magistratura pilləsini bitirdikdən sonra filialda peşəkar kadr kimi gözlədiyini söyləyib. Onlara gələcək işlərində uğurlar arzulayıb. 44 günlük Vətən müharibəsində iştirak edən məzunlarla xüsusi qürur duyduğunu, gənclərin Azərbaycan Respublikasının layiqli vətəndaşı kimi yetişdiyindən əmin olduğunu bildirib. Bugünkü görüşün simvolik xarakter daşıdığını, əslində istənilən gün məzunlarla görüşə və səmimi söhbətə hazır olduğunu vurğulayıb. Şəhidlərin ruhuna ehtiram əlaməti olaraq məzun gününün çox sadə təşkil edildiyini vurğulayıb. Qeyd edib ki, şəhidlərin ruhuna ehtiram, vətəndaşlıq borcu olaraq bütün məzunlar özlərini ölkə qarşısında məsuliyyətli hiss etməlidir. Dos. Yusif Alıyev ADPU-nun direktoru professor Cəfər Cəfərovun məzunlara təbrikini çatdırıb. Müəllimlərin İşə Qəbulu müsabiqəsi üzrə keçirilən imtahanlarda onlara müvəffəqiyyət arzulayıb.

Filialın direktor köməkçisi Mürvət Əliyev çıxışına ümummilli lider Heydər Əliyevin sözləri ilə başlayıb. O, tələbələri məzun olmaları münasibətilə təbrik edib. Gənclərə davamlı, uzunmüddətli və bəhrəsini verən təhsil həyatı arzulayıb. Filialdakı bütün kollektivin məzunların layiqli vətəndaş kimi yetişmələri üçün əmək sərf etdiyini, filialda dövlətçilik ideyalarının diqqətda saxlandığını vurğulayıb. Bu işə dəstək olan hər kəsə təşəkkürünü bildirib. Hər məzmuna yeni həyatda uğurlar arzulayıb.

Filialın Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Eyvaz Şeydayev qeyd edib ki, məzunlar arasında azad edilmiş torpaqlarda könüllü çalışmaq istəyənlər var. Gənclərə həyatlarını mənalı yaşamağı, hədər keçirməməyi arzulayıb. Onları həyatı doya-doya, sevərək yaşamağa çağırıb. Müəllim peşəsinin şərəfindən bəhs edib. Vətən müharibəsində Azərbaycan qadını və Azərbaycan müəlliminin rolunu vurğulayıb. Məzunlara uğur qazanmağın formulunu açıqlayıb. Bunun zəhmət, qabiliyyət və isrardan ibarət olduğunu deyib. Gənclərə aktiv olmağı, xoşbəxtliyi bütöv görməyi, anı dəyərləndirməyi məsləhət görüb. Bütün uğurların ardınca israrla qaçmağı tövsiyə edib.

Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Elbrus Əhmədov məzunları bu gün münasibətilə təbrik edib. Tələbələri elmi tədqiqat işlərinin ardınca getməyə, təhsillərini davam etdirməyə çağırıb. Bildirib ki, gələcək nəsillərin yetişməsində rolu olduğu üçün özünü şanslı hiss edir. E. Əhmədov gənclərə şəxsi müəllimlik təcrübəsindən, müəllim peşəsinin çətinliyindən bəhs edib. Onlara tövsiyə xarakterli bir sıra praktiki məsləhətlər verib. Müəllimlik yolunda istənilən çətinliyə hazır olmağı, ruhdan düşməməyi tapşırıb. Gələcək həyatlarında uğurlar arzulayıb.

Filialın müəllimi Nail Seyidəhmədov özünün də ADPU Quba filialının məzunu olduğunu, hazırda filialda çox böyük dəyişikliklərin, yeniliklərin baş verdiyini, inkişafın göz önündə olduğunu vurğulayıb. Filialda təşkilatı işlərin yüksək səviyyədə qurulduğunu bildirib. ADPU Quba filialına reytinq göstəricilərinə görə, dünyanın nüfuzlu universitetləri arasında yer almağı arzulayıb. Övladının da bu filialın məzunu olduğunu söyləyib və gördüyü münasibətə görə ADPU ailəsinə təşəkkürünü bildirib. Təhsili cəmiyyəti irəli aparan ən strateji xətt adlandırıb. Tələbələri qalib ölkənin qalib məzunları adlandırıb. Filiala və məzunlara uğurlar arzulayıb.

Daha sonra tədris göstəricilərinə görə fərqlənən tələbələr fəxri fərmanla, onların valideynləri isə təşəkkürnamə ilə təltif olunublar. Onlar arasında qardaşı Ürfan Məmmədov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzun – Məisə Məmmədova  və onun atası Çingiz Məmmədov  xüsusilə vurğulanıb. Şəhid atasına təşəkkür məktubu isə şəxsən filialın direktor dos. Y. Alıyev tərəfindən səsləndirilib. Filial kollektivi şəhid atasını ayaq üstə alqışlayaraq şəhid Ürfan Məmmədovun ruhuna ehtiramını nümayiş etdirib.

Tədbirin davamı olaraq filialın məzunu Həcər Seyidəhmədova  Azərbaycan Respublikasının Dövlət Bayrağını 1-ci tədris ili tələbəsi Şəbnəm Abdullayevaya təqdim edib. Direktor Y. Alıyev onlara bayrağı növbəti tədris ili məzunları üçün xüsusi ehtiramla qorumağı, şəhidlərin ruhuna sadiq qalmağı tapşırıb.

Filialın 2021-ci tədris ili məzunu Həcər Seyidəhmədova üzərində əməyi olan bütün müəllimlərə təşəkkürünü bildirib. Təhsil aldığı orta təhsil müəssisəsinin 6 məzunundan 3-nün ADPU Quba filialını seçdiyini söyləyib. Bunu filialdakı yeniliklərin nəticəsi hesab edib.

Son olaraq dos. Y. Alıyev şəhidlərin ruhu qarşısında baş əydiyini, bütün şəhid valideynlərinə təşəkkürünü bildirib. Xalqın Göyçə, Zəngəzur arzularından bəhs edib. Vurğulayıb ki, 50 milyonluq Azərbaycan xalqı gələcəyini savadı, təhsili ilə quracaq. Arzularımıza çatmaq üçün əlimizdə olan yeganə açar təhsildir. O bir daha bütün məzunlara uğurlar arzulayıb. İstənilən çətinlikdə onlara dəstək olmağa hazır olduğunu bildirib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?