ADPU Quba filialında Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

ADPU Quba filialında Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

13 iyul 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə dünya şöhrətli alim, süni intellekt sahəsinin dahi yaradıcılarından biri, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir dövrün informasiya cəmiyyətinin problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda filialın direktoru dos. Yusif Alıyev,professor, müəllim, doktorant və tələbə heyəti, həmçinin fəxri qonaqlar iştirak ediblər. Konfransın fəxri qonaqları sırasına millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu, “Məktəb guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli, “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri Oruc Mustafayev daxil olub. ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayevanın moderatorluğu ilə baş tutan konfrans Lütfi Zadənin elmi fəaliyyətinin əsaslandırılması, qeyri məntiq nəzəriyyəsi haqqında məlumatların verilməsi ilə başlanıb.

Daha sonra ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev “Müasir dövrün informasiya cəmiyyətində nəyi dəyişməliyik? – https://adpuquba.edu.az/ saytında yeniliklər” giriş sözü ilə çıxış edib. Bildirib ki, informasiya cəmiyyəti sferasında tətbiq edilən əksər texnolgiyalar məhz Lütfi Zadənin adı ilə bağlıdır. Onun qeyri-səlis çoxluqlar nəzəriyyəsi bütün sferalarda istifadə olunur. Direktor informasiya sızmalarına, dezinformasiyaya qarşı mütərəqqi mübarizədən söz açıb. Qeyd edib ki, internet imkanları medianın həyatımıza daha sürətli şəkildə daxil olmasını zərurətə çevirib. Dos.Y. Alıyev vurğulayıb ki, informasiya siyasətində Prezident İlham Əliyevin apardığı strategiyanı rəhbər tutmalıyıq. Müstəqil ölkənin vətəndaşı olaraq yad ünsürlərin dezinformasiyalarını yaxına buraxmamalıyıq. Direktor beyin zəhərlənməsindən, medianın buna təsirindən söz açıb. Bildirib ki, bu yolla medianın sağlam quruluşu geniş arelada təbliğ edilməli, vətəndaş cəmiyyəti sağlam ruhda formalaşdırılmalıdır. Direktor həmçini bildirib ki, mütəmadi olaraq filialın müəllim və tələbə kollektivinin ziyalılar, ictimai statusulu şəxslərlə görüşü keçirilir və bu, informasiyalaşdırmaya xidmət edir. Direkor bildirib ki, yaxın vaxtda filialın “Telegram” kanalı və “Twitter” səhifəsi fəaliyyətə başlayacaq. Həmçinin https://adpuquba.edu.az/ saytının təqdimatının da yüksək səviyyədə keçirilməsi nəzərdə tutulub. O, çıxışında bir daha regionun informasiya təminatında ali təhsil müəssisəsinin rolundan bəhs edib. Son 2 ildə magistraturaya qəbul olunan tələbələrin statistikasının son 5 illə müqayisədə xeyli yüksək olmasını vurğulayıb və statistik göstəriciləri konfrans iştirakçılarına təqdim edib.  Y. Alıyev filialın bir sıra əcnəbi ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlıqlarının genişləndirilməsini istiqamətində görülən işləri sadalayıb. Bildirib ki, yaxın gələcəkdə filialın Türkiyənin 4 ali təhsil müəssisəsi ilə böyük layihə əməkdaşlığı gözlənilir. Onlardan biri də Qazi Universitetidir. Növbəti illərdə filialla Qars universiteti arasında İkili diplom proqramının həyata keçirilməsi istiqamətində də müzakirələr aparılır. Həmçinin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində tədqiqat laboratoriyasının açılması, Yaponiya ali təhsil təcrübəsinin öyrənilməsi planlaşdırılır. Direktor konfransın işinə uğurlar arzulayıb və bütün qonaqlara xoş gəldin deyib.

Çıxış üçün söz millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor hörmətli Hikmət Babaoğluna verilib. O, Azərbaycanda medianın inkişafına dövlət dəstəyindən söz açıb. Qeyd edib ki, Quba filialının belə aktual və məzmunlu tədbir keçirməsini alqışlayır və yüksək qiymətləndirir. Çünki milli informasiya cəmiyyəti qlobal çağırışlar astanasındadır və bu çağırışlar bizim fəaliyyətimiz üçün cazibə rolunu oynamaqdadır. O. N. Tusinin elm haqqında kəlamlarını xatırladıb. Bildirib ki, bu gün elm informasiyanın ali formasıdır. O, bunu fiziki əsaslarla sübuta yetirib. Millət vəkili sosiologiyanın cəmiyyəti təsnifatlaşdırma meyarlarından söz açıb. O postmodernist cəmiyyətin əsas xüsusiyyətlərini sadalayıb və hazırda informasiya cəmiyyətində yaşadığımızı qeyd edib. Onun fikrincə informasiya cəmiyyəti cəmiyyət üzvlərinin informasiya axtardığı cəmiyyət deyil, informasiyanın cəmiyyətin hər bir fərdini axtararaq onun idraki idarəetmə sisteminə daxil olaraq onu yönləndirən cəmiyyətdir. Millət vəkili qeyd edib ki, müasir informasiya cəmiyyətində ağıllı insanın rolu əvəzsizdir. O, informasiya cəmiyyəti üçün gərəkli olan yeni insan tipini “homoinformatikus” adlandırıb. Onun sözlərinə görə. Bu, yalmız düşünən deyil, həm də informasiya ilə idarə olunan insan tipidir. Millət vəkili müəllifi olduğu “informasiya, imperializm və media” monoqrafiyasından sitat gətirib.  H. Babaoğlu  Freydin psixoanaliz, süuraltı yaddaş nəzəriyyələrinin informasiyalılıqla əlaqəsini izah edib. O, çıxışında sosial şəbəkələrdə milli maraqların gözardı edilməsi, qanunvericilik mexanizmlərinin buna uyğunlaşdırılması kimi nüanslara da toxunub. ADPU Quba filialının uğurlu fəaliyyətini daim mətbuat vasitəsilə izlədiyini, konfransda bunun daha təfsilatlı şəkildə şahidi olduğunu vurğulayıb. Bildirib ki, regionda belə müasir tələblərə cavab verən ali təhsil müəssisəsinin olması çox təqdirəlayiqdir. Millət vəkili H. Babaoğlu yüksək təhsil göstəriciləri və yenilikləri nəzərə alaraq filialla əməkdaşlığa hər zaman hazır olduğunu söyləyib.

“Məktəb guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli çıxışını “Onlayn, yoxsa əyani informasiya cəmiyyəti – hansı daha tez maarifləndirir?” sualı üzərində qurub. Konfrans iştirakçılarını Dövlət Gömrük Akademiyasının bu yaxınlarda keçirdiyi sorğu barədə məlumatlandırıb. Distant tədrisə keçid zamanı əksər universitetlər gərginlik yaşadığını, bunun informasiya cəmiyyətinin tələblərinə uyğunlaşmaqdan irəli gəldiyini bildirib.  Söyləyib ki, sorğu ailələrin bütün təhsilalan üzvlərinə kifayət edəcək sayda texniki vasitələrlə təmin olunmasına həsr edilib. Pandemiya dövründə distant təhsil zamanı informasiyanın tələbələrə tam şəkildə çatdırılması üçün texniki vasitələrə ehtiyacdan bəhs edib. M. Məmmədli informasiya cəmiyyətinin necə böyük anlayış olduğunu diqqətə çadırıb. Pandemiyanın informasiya cəmiyyətinə təsirini şərh edib. O, regionlardakı ali təhsil müəssisələrinin internet texnologiyalar ilə təchizi problemlərinə toxunub. Məzahir Məmmədli belə aktual konfrans məqsədilə ADPU-nun bütün kollektivinə təşəkkürünü bidirib.

“Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri Oruc Mustafayev “Elmin inkişafında qəzetlərin rolu” mövzusunda məruzə edib. Bildirib ki, bu gün Azərbaycanın ali təhsil sisteminin yalnız böyük şəhərlərlə məhdudlaşmaması sevindirici amildir. Onun sözlərinə görə, pandemiya həm universitetlər, həm də informasiya cəmiyyəti üçün gözlənilməz olub. Məruzədə şöbə müdiri ali təhsil müəssisələrinin informasiya cəmiyyətinin yaratdığı şərait fonunda təkmilləşdiyini vurğulayıb. O. Mustafayev sonda Lütfi Zadə irsinə müraciət edərək onun İKT-nin insan həyatında yenilikçi rolu ilə bağlı çıxışlarından sitat gətirib. Bildirib ki, böyük alimin hələ 50 il öncə texnologiyaların gələcəyi ilə bağlı söylədiklərini məhz indi informasiya cəmiyyəti fonunda müşahidə edirik.

Filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayev bildirib ki, hazırda Google şirkətinin aparıcı işçisi olan keçmiş tələbəsi Tural Bədirxanlı, dahi alim Lütfi Zadə ilə görüşmək şərəfinə nail olub. R. Sədullayev tələbəsinin dilindən eşitdiyi, dahi alimlə xatirələri bölüşüb. Konfrans iştirakçılarına təşəkkürünü bildirib.

Filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev konfrans iştirakçılarına təşəkkürünü bildirib. O, Lütfi Zadənin sistemlər nəzəriyyəsi, təəssüratlar nəzəriyyəsi barədə danışıb. Bildirib ki, Lütfi Zadə həm də elmdə tolerantlığın nümuəsidir. Onun irsi daim müxtəlif konfranslarda və tədqiqatlarda xatırlanmalı, unudulmamalıdır.

Filialın direktoru dosent Yusif Alıyev son olaraq bildirib ki, məruzəçilərin səmimiyyəti konfransın axıcılığına təsir göstərib. Direktor buna görə, konfrans iştirakçılarına təşəkkürünü bildirib. O, informasiyanın həm də bir arxiv rolunda çıxış etdiyini bildirib. Qeyd eidb ki, bu gün ən böyük çətinlik tariximizlə bağlı faktların əldə edilməsində arxivin azlığıdır. Direktor xatırladıb ki, 1941-1942-ci illərdə yaradılan Quba Dövlət Müəllimlər İnstitutu yaradılıb. Bu il filialın 30 illiyinin keçirilməsi qarşıya məqsəd kimi qoyulsa da, əslində Qubada ali təhsilin yaşı 80 ildir. Filial Quba Dövlət Müəllimlər İnstitutunun varisidir. O vurğulayıb ki, 2 ildir araşdırmaya başlasa da, tarixlə bağlı məqamları tapmaqda çətinlik çəkir. Direktor bütün bunları nəzərə alaraq filialın 1942-ci ildə məzunu olmuş Sabir Bünyad oğlu İbrahimovu ucqar dağ kəndlərinin birində tapdığını, tarixi dəqiqləşdirmək məqsədilə onunla görüşdüyünü bildirib. Qeyd edib ki, tarixi faktları məhz qocaman məzunun dilindən toplamağı və bir sıra kontaktlara çıxış əldə etməyi bacarıb. Görüş zamanı şəkil, vitetka, diplomlar tarixi sübut kimi götürülüb. Direktor qeyd edib ki, filial tarixinin qədimliyini sübut etmək üçün belə amillər mütləqdir. Direktor Yusif Alıyev həmçinin Yeni Azərbaycan Partiyasının mərkəzi aparatı ilə filialın 30 illiyi ilə bağlı konfrans keçirilməsini təklif edib. Bildirib ki, Quba multikulturallıq və tolerantlıq dəyərlərinə malik yerdir və burada 26 xalqın nümayəndəsi var. Onların bir-birinə hörməti filialda da təzahür edib. Filialda etnik müxtəliflik deyil, monodövlətçiik ideyası qorunur. Daha sonra bütün qonaqlara konfransın gedişatında iştiraklarına görə təşəkkür edib.

Sonda Millət vəkili hörmətli Hikmət Babaoğlu qeyd edib ki, regionla zahirən tanış olsa da, konfrans vasitəsilə alt qatlarda hansı proseslərin getməsini müşahidə edib. Qeyd edib ki, etnik rəngarəngliyin mövcud olduğu, müasir filialla bağlı xoş təəssüratlarını sosial şəbəkələrdə də paylaşacaq. Bununla yanaşı, müəllifi olduğu ədəbiyyatları filialın kitabxanasına hədiyyə edəcək. ADPU Quba filialı ilə bütün növ əməkdaşlıqlara isə tam açıq olmasını sda diqqətə çatdırıb.

Konfrans ADPU Quba filialı barədə tanıtım çarxının səsləndirilməsi ilə başa çatıb.

 

    

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?