ADPU-nun Quba filialının Tədris şöbəsi

10.08.2021
ADPU-nun Quba filialının Tədris şöbəsi
Şimal bölgəsində yeni imkanlar məkanı: ADPU-nun Quba Filialını yaxından tanıyaq
Azərbaycan Dövlət Pedagoji Unversitetinin Quba filialında “ADPU-nun Quba filialı: regionun elm, təhsil və mədəniyyət məbədi” adlı layihəyə start verilib.
Layihə çərçivəsində qarşıdakı bir ay ərzində ADPU-nun Quba filialının tarixi-mədəni irsi, müasir yanaşmaları, maddi-texniki bazası, strukturlarının fəaliyyəti və gələcək perspektivləri haqqında bütün məlumatların geniş ictimaiyyətə, o cümlədən abituriyentlərə çatdırılması nəzərdə tutulur.
Beləliklə, ADPU-nun 100, Quba filialının 30 illik yubileyinə həsr olunmuş layihənin tarixi və vacib əhəmiyyəti var.
Bugünkü dayanacağımız filialın Tədris şöbəsidir. Şöbənin müdiri Mələk xanım Bağırova bizi çox səmimi qəbul elədi.
Xoş gördük, Mələk xanım. İlkin olaraq, Tədriş şöbəsinin əsas funksiyaları və strukturu, görülən işlər haqqında danışa bilərsinizmi?
– İlk öncə bütün şöbə əməkdaşları adından sizlərə təşəkkür edirik. Bildirmək istərdim ki, Tədris şöbəsi ADPU-nun Quba filialının ən böyük və aparıcı şöbələrundən biridir. Belə ki, hər bir tələbənin universitetə qəbul olunduğu gündən məzun olan dövrədək keçən bütün tədris həyatı və məzun olduqdan sonra onlarla əlaqələrin qurulması bilavasitə şöbə ilə əlaqədardır.
Tədris şöbəsinin doqquz nəfər əməkdaşı var. Onlardan üç nəfəri müvafiq olaraq baş mütəxəssis, aparıcı mütəxəssis və mütəxəsssis, üç nəfəri operator, bir nəfəri isə dispeçerdir. Eyni zamanda şöbədə məzunlarla karyera üzrə iş rəhbəri vəzifəsinin olması tələbələrimizin ixtisaslarına uyğun keyfiyyətli pedaqoji və istehsalat təcrübəsi keçməsi, eyni zamanda məzun olunduqdan sonrakı karyera həyatlarının izlənilməsi, monitorinqi və dəstək göstərilməsi kimi günümüz üçün vacib məsələlərin həllinə şərait yaradır.
Ümumilikdə şöbənin əməkdaşları olduqca peşəkar və səriştəli, sahələrində olduqca məsuliyyətlidirlər. Personalımız tələbələrin tədrislə bağlı istənilən məsələ və problemlərini çevikliklə həll etməyi özünə prioritet hesab edir.
Ümumilikdə qeyd etdiyiniz kimi şöbənin işi həmişə olduqca məsuliyyətli olub. Bəs qlobal pandemiya dövrü sizin işinizdə necə dəyişikliklər yaratdı və əvvəlki dövrlə müqayisədə hazırkı situasiya işinizə necə təsir edir?
– Pandemiya dövrü, doğrudan da, bizim ağır və məsuliyyətli işimizi bir az da mürəkkəbləşdirdi. Çünki, pandemiyadan əvvəl tələbələrin gündəlik tədrisini izləmək və prosesə operativ nəzarət edə bilirdik. Lakin, pandemiya dövründə bu imkanlar nisbətən zəiflədi. Bəzən internet şəbəkəsinin zəifliyi və s. obyektiv çətinliklər səbəbindən tələbələrlə əlaqə tam həyata keçirilə bilmirdi. Amma bununla belə, şöbə əməkdaşları bütün imkanları ilə əvvəlkindən də yüksək səviyyədə işlərinin başındadırlar və biz işimizi daha mükəmməl səviyyədə qurmaq üçün əlimizdən gələni edirik.
Bilirik ki, artıq ADPU-nun Quba filialında növbəti tədris ilindən etibarən ixtisasların sayı 6-dan 10-a qaldırılıb. Filialda yeni ixtisasların açılmasında şöbənin üzərinə böyük məsuliyyət düşür. Bu ixtisaslarda tədrisin təşkili, buna hazırlıq və daha yeni-yeni ixtisasların açılması istiqamətində hansı işlər görülür?
– Filialımızın tədris planına növbəti tədris ilindən dörd yeni ixtisasın əlavə olunmasında direktor, dosent Yusif Alıyevin xüsusi əməyini qeyd etmək lazımdır. Bu aparılan kompleks işlərin, keyfiyyətin və şəraitin yaxılaşdırılmasının, ADPU rəhbərliyi və müvafiq idarəedici orqanlarla sıx əməkdaşlığın nəticəsidir.
Biz yeni ixtisasların tədrisi üzrə işimizi planlı şəkildə davam etdiririk və bu sahədə müvafiq olaraq ADPU-nun Tədris departamenti ilə qarşılıqlı əlaqədəyik. Qeyd etmək lazımdır ki, artıq bütün ixtisasların yeni tədris planları alınb və işçi tədris planları artıq tədris olunub. Demək olar ki, biz yeni tədris ilinə tam hazırıq. Bu ildən yeni ixtisaslarımızda da tələbələrimizi səbirsizliklə gözləyirik.
Artıq bir il yarımdır davam edən pandemiya dövründə təhsil sahəsində də çətinliklər yarandı və xüsusən ADPU-da son semestrdə daha fərqli və ilk dəfə olaraq yeni onlayn-şifahi imtahan təcrübəsi tətbiq olundu. Şöbə olaraq onlayn tədris ilinin və imtahan sessiyasının yekunlarını necə qiymətləndirirsiniz, bu sahədə çətinliklər və üstünlük nələr oldu?
– Ümumilikdə, proses dövründə həm çətinliklərimiz, həm də üstünlüklərimiz oldu. Xüsusən, son imtahan sessiyası bütün universitet üçün olduğu kimi Quba filialı üçün də yeni təcrübə idi. Bununla bağlı şöbə əməkdaşları yaradılan İmtahan Qərargahında demək olar ki, gecə-gündüz çalışdılar ki, onlayn-şifahi imtahanların təşkilini yüksək səviyyədə yerinə yetirək və məncə, əməkdaşlarımız bu gərgin işin öhtəsindən layiqincə gəldilər. Həm də qeyd edim ki, filial rəhbərliyi İmtahan Qərargahının işini təmin etmək üçün onlar üçün lazımi avadanlıqlarla təchiz olunmuş iş otağı da ayırmışdı.
Biz də sizi bu böyük işin öhtəsindən peşəkarlıqla gəldiyiniz üçün təbrik edirik. Bildirmək istərdik ki, imtahan dövründə ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq müxtəlif onlayn mexanizmlər, o cümlədən sosial şəbəkələr üzərindən tələbələrimizin müraciətlərinin operativ olaraq cavabalandırılması işini icra edərkən şahid olduq ki, filiallar və fakültələr üzrə yeganə olaraq Quba filialının heç bir tələbəsindən tədris və imtahan sessiyası ilə bağlı şikayət və ya narazılıq gəlməmişdi. Məncə, bu da sizlərin işinizin bariz nəticəsidir.
Ümumən hər hansı ssenari üzrə növbəti tədris ilinə hazırlıq necə aparılır?
Artıq kafedralar üzrə növbəti tədris ili üçün proqnoz dərs yüklərinin bölgüsü aparılıb. Artıq müəllimlərimiz də bu barədə məlumatlıdırlar. Biz müvafiq tədris auditoriyalarını da tam hazır vəziyyətə gətirmişik. Tədris onlayn davam edəcəyi ehtimalında da, texniki imkanlarımız tələbələrin təhsilini yüksək səviyyədə qurmağa imkan verir.
Son olaraq istəyirik ki, şöbə əməkdaşlarının öz dilindən qısaca pandemiya dövründəki çətinliklər, gördükləri işlə bağlı fikirlərini eşidək. Onların tələbələrə tövsiyələrini dinləyək. Hər birinin simasından peşəkarlıq oxunan Sevinc xanım, İlhamə xanım, Elnarə xanım kimi şəxslər işlərinin təbiətinə xas olaraq az danışsalar da, sözləri birdir:
İşimiz həqiqətən, çox gərgindir. Pandemiya dövründə də karantin müddəti olsa da, biz daim işimizin başında olmuşuq və istər ənənəvi, istərsə də, onlayn olsun, tələbələrimizin xidmətindəyik.
Qeyd: Müsahibənin tam video variantını ADPU TV-də izləyə bilərsiniz.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?