ADPU -nun Quba filialının müəllim və tələbələrinin iştirakı ilə “GƏNCLİK 2022” adlı Yeni il tədbiri keçirilmişdir

Tədbir filialın TGT-nın fəallarının təşkilatçılığı ilə ərsəyə gəlmişdir. Tədbirdə əvvəlcə filialın direktoru dosent Yusif Alıyev çıxış edərək bütün kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar təbrik edib, bildirib ki, bu Yeni il daha möhtəşəm bir şəkildə yurdumuza qədəm qoyur.Bizlər qalib xalqın qalib nümayəndələriyik.Artıq Azərbaycan xalqı  öz doğma yurd yuvasında da Yeni ili və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qarşılayır.Biz həmrəyliyimizi Dəmir Yumruq əməliyyatı ilə 44 günlük Vətən müharibəsində sübut etdik. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.

Daha sonra Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilərək, qeyd edilmişdir ki, onlar bizim bir ömür boyu qarşılarında borclu olduqlarımızdır.

Tədbirdə hamının daha səmimi olması, daha gözəl əylənə bilməsi və daha yaddaqalan olması üçün qonaqlar dəvət olunmuş, onlar da öz növbəsində tədbiri daha unudulmaz etmişdilər.  Bədii rəhbəri Kazakmed Bayramov olan  LEZGİNKA  rəqs qrupu, Quba Uşaq Musiqi Məktəbindən olan gənc xanəndə Kənan, Şaxta Baba, tədbir iştirakçılarından püşkatma yolu ilə seçilən Qar qızı, Panda Şou tədbirə öz rəngarəngliklərini qatmışdılar.

Məşhur DJ Valerinin təqdimatı zamanı bütün iştirakçılarının rəqsə dəvət edilməsi tədbirin daha fərqli və xüsusi keçirilməsinə səbəb olmuşdur. Eyni zamanda bu müddət ərzində bir-birindən maraqlı hədiyyəli yarışmalar, viktorinalar keçirilmiş, anonim məktublar yazılmışdır. Sonda məktubların oxunması maraqlı və xoş məqamlar yaratmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.