ADPU-nun Quba filialının direktoru Naxçıvanda keçirilən beynəlxalq elmi konfransın iştirakçısıdır

18.09.2024
ADPU-nun Quba filialının direktoru Naxçıvanda keçirilən beynəlxalq elmi konfransın iştirakçısıdır

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə “Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.

Konfransın rəsmi açılışından öncə qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsi önünə tər çiçəklər qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar burada Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında qonaqlara ətraflı məlumat verilib.

Qloballaşan dünyada süni intellekt cəmiyyət həyatının bütün-siyasi, iqtisadi, hərbi, geosiyasi, hüquqi, sosial, mədəni, mənəvi və s. sahələrinə nüfuz etməsi və bu xüsusda qarşıda duran vəzifələri müzakirə etməyi qarşısına məqsəd qoyan konfransa rəsmi şəxslər, hökumət nümayəndələri, görkəmli alimlər, elm və təhsil sahəsində tanınmış şəxslər iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Rahid Ələkbərli, “Cənub” Universitetinin rektoru İmran Əkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru Yusif Alıyev, BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunun direktoru Fikrət Əliyev, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, o cümlədən çox sayda xarici elm adamı, nüfuzlu universitetlərin tanınmış simaları rəsmi açılışındakı çıxışlarında konfransın işinə uğurlar arzu ediblər.

Konfransın rəsmi açılışındakı çıxışında rəhbərlik etdiyi ADPU-nun Quba filialında təhsilin ümumi səviyyəsində keyfiyyəti daha da yüksəltmək üçün qarşıda duran vəzifələrdən bəhs edən direktor Yusif Alıyev əminliklə bildirib ki, “Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda beynəlxalq elmi konfransın bu sahədə təkcə Azərbaycan üçün deyil, qlobal məkandakı vəziyyəti dərindən təhlil edə biləcəkdir.

“İntellektual robot və mexatron sistemlər”, “Süni intellekt idarəetməsinə insan mərkəzli yanaşma: diskret düşüncədən rə

qəmsal şüura”, “Rəqəmsal idarəetmədə süni intellekt” və sair mövzularda panel müzakirələr aparılacaq.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və “Cənub” Universitetinin birgə təşkil etdikləri konfrans eyni zamanda hibrid formada keçirilir.

Konfransın əsas məqsədi süni intellektin qlobal məkanda yaratdığı yeni reallığın qarşıya qoyduğu vəzifələrin elmi təhlilinə nail olmaqdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?