ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin Ramazan bayramı münasibətilə təbriki
Əziz müsəlman bacı və qardaşlarımız, doğma kollektivimiz, sevimli tələbələrimiz!
Bütün inanclı insanlarımızı, oruc tutub bu ayini yerinə yetirmiş şəxsləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.
Tanrıya çox şükürlər olsun ki, artıq işğaldan azad edilən ərazilərimizdə Allaha sevgi və çağırış rəmzi olan Azan səsləndirilir. Artıq bir çox soydaşlarımız builki Ramazanı öz doğma yurd-yuvalarında qeyd etdilər. Bütün bunlar bizlərin, bütün azərbaycanlıların bayram sevincinə yeni sevinc qatdı. Qürurlu, sevincli bir bayramı qarşılamağımız münasibətilə bizlərə Zəfər sevincini yaşadan ölməz Şəhidlərimizin ruhu qarşısında baş əyərək, qazilərimizə, şəhidlərimizin əmanətlərinə bir ömür boyu borclu olduğumuzu da unutmuruq. Qürurla deyə bilərik ki, 2021–ci ildə Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması və “Xarıbülbül” festivalının keçirilməsi ilə tarixi torpaqlarımızda dini və milli bayramlarımız qeyd olunur.
Hər bir tədbirin isə böyük mənəvi əhəmiyyəti vardır. Çünki Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Cənab Prezidentin xalqa Novruz bayramı münasibətilə təbrikinin isə Xankəndindən səsləndililməsi tarixi ədalətin mütləq bərpası idi.
Düşmənlərimiz, azərbaycanlılara qarşı yönələn etnik təmizlənməni eynilə tarixi-dini abidələrimizə qarşı da vandalizm aktları ilə həyata keçiriblər. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada cənab Prezidentin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında prezidentimiz qeyd etmişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməlinin qoyulmasının, ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından suyun gəlməsinin böyük rəmzi mənası vardır. Bu hadisələr xalq olaraq bizlərə sözlə təsəvvürə gəlməyəcək qədər böyük qürur yaşatdı. Buna görə də qədirbilən xalqımızın dilindən Ali Baş Komandana yönəlik dualar bitib tükənmir.
Bildiyimiz kimi doğma Azərbaycanımız həm də multikultural və tolerant ölkə olaraq burada bütün dini bayramlara hörmətlə yanaşılır, onların yüksək səviyyədə təşkilinə şərait yaradılır. Ramazan da bütün müsəlmanların müqəddəs bayramıdır.
Bu bayramın əsas qayəsində nəfsi tərbiyə etmək, insanların halına şərik olmaq, mənəvi arınma durur. Bu səbəbdən də bizlər də bayram münasibətilə Quba rayon Aşağı Atuc kənd sakini, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla dolu döyüş yolu keçmiş Əliyev Həmzə Tərlan oğlunun ailəsi ilə görüşdük, müqəddəs Ramazan ayı müddətində iftar süfrəsi ətrafında həm əməkdaşlarımızla, həm də sevimli tələbələrimizlə bir olduq, mənəvi dəyərlərimizə bağlılığımızı bir daha hiss etdik, qarşılıqlı dualar etdik. Həm Ramazan bayramı münasibətilə, həm 2024-cü ilin ölkəmizdə “Yaşıl Dünya naminə Həmrəylik İli” elan olunması ilə əlaqədar yaşıllıqlar saldıq və digər mənəvi layihələrə imza atdıq. Bu ərəfədə əməkdaşlarımızın, tələbələrimizin, məzunlarımızın elm, tədris sahəsində əldə etdikləri nəticələr,xoş soraqlarının xarici ölkələrdən gəlməsi, doktorantlarımızın öz sahələrində növbəti mərhələyə qədəm qoymaları da bir daha onu göstərdi ki, dualarımız qəbul olur, zəhmətimiz hədər getmir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında da bütün bayramlar yadda qalan şəkildə yaşanır. Hər bir əməkdaşımızın sosial rifah halı düşünülür, bu istiqamətdə addımlar atılır, yeni layihələr icra olunur, maddi texniki bazanın yenilənməsi diqqətdə saxlanılır. Bayram münasibətilə əməkhaqlarına mükafatların əlavə edilməsi bu istiqamətdə atılan vacib addımlardandır ki, bu da bizlərin ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi xalqın yanında, vətəndaşın yanında olan məmur kimi, komanda şəklində addımlar atmağımızdan irəli gəlir. Kollektivimizin üzvlərinin, dəyərli və çox əziz tələbə ordumuzun timsalında hər kəsə xoş, ruzili Ramazanlar diləyirəm. Azərbaycanımızın daim firavan, abad olması, müstəqilliyini daim qorunmasını arzu edirəm.Tanrı millətimizi, ordumuzu, Vətənimizi, Ali Baş Komandanımızı qorusun!
Allah tutduğunuz orucları, etdiyiniz ibadətəri qəbul etsin.
Ramazan bayramınız mübarək!