ADPU-nun Quba filialının direktoru dosent Yusif Alı Afşar bu dəfə respublikanın müxtəlif bölgələrində yaşayan, filial üçün darıxan tələbələrinə səsləndi:
“Bir az öncə işlə əlaqədar olaraq Filialın yataqxanasına getmişdim.
Yataqxananın qapısından içəri girdiyim andan sevimli tələbələrimizin dəhlizlərin divarına hopub qalmış şən, təbəssümlü səsləri qulaqlarımda canlandı.
Azad Nəbiyev adına “Bilgə ocağı”nın qarşısında dayanıb pəncərədən içəri boylananda əziz tələbələrimizlə bu otaqda keçirdiyimiz gözəl tədbirlər gözlərim önünə gəldi.
Ən təsirli mənzərə isə divarda asılan stend içərisində tələbə qızlarımızın çəkdiyi, hələ də rəngləri solmamış gözəl rəsmlər oldu.
Buz kimi soyuq havada bu rəsmləriniz hələ də divarları qızıdırır, əziz tələbələrimiz. ..
Əziz tələbələrimiz, bu rəsmlər məndən sizləri soruşdu: “Nə olub dünyada, niyə gəlmir, bizim sahiblərimiz? ” – dedilər.
Siz gedəli kilidli qalmış otaqlarınızın qapıları da soruşdu sizləri: “Haradadır, bizi isti nəfəsləri, maraqlı söhbətləri, şən ovqatları ilə isidən bizim sahiblərimiz?” – dedilər.
Hər gün öz yaşıl budaqları ilə sizləri Günəşdən, küləkdən qoruyan, çox sirlərinizin şahidi olan sirdaşlarınız şam ağacları da sizləri soruşaraq: “Axı biz gecə-gündüz dayanmadan təbiətə oksigen veririk ki, bu bəla bitsin, bizim sahiblərimiz tez gəlsinlər. Bəs niyə gəlmirlər?”, – dedilər…
Bax hamımız darıxmışıq sizlər üçün, əziz tələbələrimiz. Hara baxırıqsa sizlərin xoş izlərini, təəssüratlarını görürük.
Lənətə gəlsin bu bəlanı. Tezliklə dünyamızın başı üzərindən itib getsin, sizlərə dəymədən, toxunmadan. İnanırıq ki, biz tezliklə görüşəcəyik. Onda həmin görüşümüzə siz də tez gəlin, lap tez gəlin, ey varlığımızın sahibləri, əziz TƏLƏBƏLƏRİMİZ…”
Yusif Alı Afşar.