Ziyarət zamanı qeyd olunub ki, Quba – Xaçmaz regionu dünyada tanınan məşhur Quba xalçaçılıq mədəniyyətinin mərkəzidir. Quba xalçaçılıq məktəbi 35- ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Qubada toxunan hər bir xalçanın özünə məxsus xüsusiyyətləri var.
Qubaya gələn qonaqlar, turistlər əsrarəngiz təbiət mənzərələri, dünyaya nümunə göstərilən tolerant mühit, qədim tarixi və mədəni abidələrlə yanaşı adı dillər əzbəri olan Quba xalçaları ilə də yaxından maraqlanırlar.
Quba xalçaları nəinki Azərbaycanda, hətta dünya ölkələrində də şöhrət qazanmışdır. Belə ki, regionumuzun XVIII-XX əsrə aid Çiçi xalçaları Londonun Viktoriya və Albert, eləcə də Nyu-Yorkun Metropoliten muzeylərində nümayiş olunur.
Hazırda Qubada “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialı , “Qədim Quba Özəl Xalçaçılıq müəssisəsi və “Xalça dünyası” Assosiasiyası İctimai Birliyi fəaliyyət göstərir və bu müəssisələrdə Qubanın özünə məxsus özəlliyi olan xalçalar toxunur.