ADPU-nun Quba filialında Reytinq Qiymətləndirməsinin tətbiqinə başlanıb

05.05.2021
ADPU-nun Quba filialında Reytinq Qiymətləndirməsinin tətbiqinə başlanıb

Keyfiyyətin Təminatı Şöbəsinin müdiri Pərvanə Rzayevadan aldığımız məlumata əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında professor-müəllim heyətinin əmək haqlarının diferensiallaşdırılması, ictimai fəallığının artırılması və kafedraların fəaliyyətinin stimullaşdırılması məqsədilə reytinq qiymətləndirməsinin tətbiqinə başlanıb. Qiymətləndirmə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında professor-müəllim heyətinin, kafedraların və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsi ilə bağlı Müvəqqəti qaydalar” və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Elmi Şurasının 14 aprel 2021-ci il tarixli qərarına (protokol №3) əsasən həyata keçirilir.

Sözü gedən qiymətləndirmənin icrası Keyfiyyətin Təminatı Şöbəsinə tapşırılıb. Əmrə görə, reytinq qiymətləndirməsi filial üzrə kafedralarda tam ştatda və əvəzçiliklə çalışan professor-müəllim heyəti arasında həyata keçirilir və yüksək nəticə göstərmiş şəxslərin 25%-i illik pul mükafatlandırılmasına təqdim olunur.

Meyarlara əsasən, illik fəaliyyətin reytinq qiymətləndirməsi zamanı hər müəllim üçün 100 bal müəyyənləşdirilib. 2020-ci ilin nəticələri ilk olduğu üçün 50 bal minimal hədd kimi götürülüb. Kafedralar üzrə yüksək bal toplamış professor-müəllim heyətinin aylıq vəzifə maaşına müvafiq olaraq 1-ci yer 100, 2-ci yer 85, 3-cü yer 70, 4-cü yer 55, 5-ci yer 45, 6-cı yer üzrə isə 30 manat əlavə ediləcək. Həmçinin reytinq qiymətləndirməsi zamanı mübahisəli məsələlərin həlli, apellyasiya şikayətlərinin təmin edilməsi məqsədilə direktor yanında Reytinq Qiymətləndirilməsi Komissiyası yaradılıb.

Kafedralar üzrə yüksək bal toplamış professor-müəllim heyətinin mükafatlandırılması 2021-ci ilin may ayından dekabr ayı da daxil olmaqla həyata keçiriləcək.  Mükafata layiq görülmüş professor-müəllim heyətinin kollektivə təqdim edilməsi “ZOOM” platforması üzərindən tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudova, sertifikatlarla təminat isə İKT şöbəsinin müdiri Yusif Abayevə tapşırılıb.
Qeyd edək ki. pul mükafatına layiq görülmüş professor-müəllim heyəti il ərzində fəaliyyəti ilə əlaqədar inzibati tənbeh cəzası aldıqda və ya reytinq qiymətləndirməsi üçün təqdim etdiyi faəliyyət təsdiqləri arasında saxta, yalan məlumatlar aşkarlandıqda ona mükafat verilməsi dayandırılacaq.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?