ADPU-nun Quba filialında “Qloballaşan dünyada gənclik və dəyərlər” mövzusunda elmi-praktik seminar keçirildi.

6 dekabr 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovun təqdimatında “Qloballaşan dünyada gənclik və dəyərlər” mövzusunda elmi-praktik seminar keçirildi.
Tədbirdə filialın direktoru fizika elmləri doktoru dosent Yusif Alıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, filialın professor, müəllim və tələbə kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Yusif Alıyev gənclərin bu gün cəmiyyətin əsas hərəkətverici qüvvələrindən olduğunu, bu gənc nəslin enerjisini, fəaliyyət istiqamətinin müəyyən edilməsində ali təhsil mərkəzlərinin böyük önəminin olduğunu qeyd etdi. Region Ali təhsil mərkəzi olaraq filialımız etnik tərkibi rəngarəng olan bölgə gənclərinin maariflənməsində, onların dövlətçiliyə sadiq vətəndaş kimi yetişməsində böyük rol oynadığını, bu yolda yorulmadan fəaliyyət göstərdiyini bildirdi.
Seminarın əsas məruzəçisi olan M. İsmayılov gənclərə ilk öncə öz tələbəlik və gənclik illərindəki fəaliyyətindən danışaraq onlara canlı misallar gətirdi. Daha sonra gənc nəslin önəmini, gəncliyin istiqamət yollarından, onların bu gün cəmiyyətimizdə rolundan geniş şəkildə danışan natiq, gəncliyin qloballaşan, müasirləşən, sürətlə inkişaf edən cəmiyyətə inteqrasiya olunmasının yollarını qeyd etdi.
Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev gənc nəslin inkişafında bu formada yüksək səviyyədə elmi, praktik konfransların keçirilməsini daim dəstəklədiyini bildirdi.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.