Azərbaycanda Heydər Əliyev ili” çərçivəsində ADPU-nun baza məktəbi olan Bakı şəhər 7 saylı tam orta məktəbin tədbirlər planına müvafiq olaraq 27-28 may 2023-cü il tarixlərində məktəbin direktoru Könül Təhməzovanın rəhbərliyi ilə məktəbin pedaqoji və tələbə heyəti ADPU-nun Quba filialında tanışlıq görüşündə olublar.
Geniş tərkibli nümayəndə heyətini filialın direktoru dosent Yusif Alıyev qəbul edərək belə görüşlərin həm məktəb, həm də universitet əlaqələri baxımından əhəmiyyətli olduğunu qeyd etmişdir.
Sonra filialın inzibati binası, maddi-texniki bazası ilə tanışlıq olub. Filialın Şəhid Nuran Mirzəyev adına ingilis dili auditoriyaaında şagirdlərlə tələbələr arasında fikir mübadiləai aparılıb. Daha sonra Heydər Əliyev Lektoriyasında baş tutan görüşdə şagirdlərə və müəllimlərə ulu öndər Heydər Əliyevin irsi, azərbaycançılıq ideologiyası və qalib Azərbaycanın uğurları haqqında məlumatlar verilmişdir. 7 saylı məktəbin direktoru Könül Təhməzova qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu cür görüşlər yeni bir ənənənin əsasını qoyaraq digər məktəblər və universitetlər üçün bir örnəyə çevrilməlidir.
Sonra açıq havada təşkil olunan tədbirdə tələbə və şagirdlərdən ibarət komandalar arasında müxtəlif formalı yarışmalar təşkil olunub, musiqi dinlənilib, rəqs edilib, şeirlər söylənilib. Həmçinin şagirdlər və tələbələr arasında futbol və voleybol oyunları baş tutub.
28 may 2023-cü il tarixində isə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin təşkilatçılığı ilə ADPU-nun Quba filialının tələbələri ilə Bakı şəhər 7 saylı tam orta məktəbin şagirdləri arasında 28 May – Müstəqillik Gününə həsr edilən intellektual yarış keçirilib.
Müəllim, tələbə və şagirdlərdən ibarət komandalar arasında keçirilən intellektual yarış filialın İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə ərsəyə gəlib.
Yarış zamanı 7 saylı məktəbin direktoru Könül Təhməzova, Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Aysel Şeydayeva, İKT şöbəsinin müdir müavini Hikmət Musayev, Ədəbiyyat və dillər kafedrasının müəllimi f.f.d. Aytən Qurbanova, İOK sədri Məhəmməd Hacıbalayev də iştirak edib.
ADPU-nun Quba filialında “Xəmsə” Milli İntellektual Oyunu üzrə keçirilən turnirdə I yeri 5200 xalla “Zəfər” komandası tutub.
Yekunda ilk 3 yeri tutmuş komandalar diplomlarla təltif edilib.
Komandaları təbrik edir, onlara gələcək yarışlarda və fəaliyyətlərində uğurlar arzulayırıq!
Yüksək səviyyədə təşkil edilmiş görüş sonda Qubanın gözəl təbiəti ilə tanışlıqla yekunlaşıb.