Noyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universi ADPU Quba filialında 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız milli qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı cənab Ziyəddin Əliyev, Quba RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, filialın direktoru dosent Yusif Alıyev, tanınmış şair Ramiz Qusarçaylı, “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov, filialın professor- müəllim heyəti, filial əməkdaşları və tələbələr iştirak ediblər.ADPU-nun Quba filialının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. İlk olaraq çıxış üçün söz filialın direktoru dosent Yusif Alıyevə təqdim olunub. Dosent Yusif Alıyev çıxışında dəvəti qəbul edərək möhtəşəm bayram tədbirində iştirak edən Quba RİH başçısı cənab Ziyəddin Əliyevə xüsusi təşəkkürünü bildirərək, ona gənclərimizə, təhsilimizə göstərdiyi diqqət və qayğı üçün minnətdarlıq edib. Direktor həm də öz çıxışında bildirib ki: “Bu gün Azərbaycan xalqının dövlətçilik tarixində çox əlamətdar bir gündür. Şərqdə ilk demoktartik Respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin bayrağının 101 yaşını qeyd edirik. Azərbaycan bayrağı hər birimizin qəlbindədir. Bu bayraq bizim müstəqilliyimizin simvoludur. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Ulu öndərimizin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də bayrağımıza olan qayğısı idi. O deyirdi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan Dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına sitayiş etsin, gərək bu bayraq hər bir ailənin tərkib hissəsi olsun”. Biz də təhsil müəssisəsi olaraq, Azərbaycan bayrağının yaşaması, ucalması, qorunması üçün öz əlimizdən gələni böyük şərəflə yerinə yetirməliyik.Daha sonra çıxış üçün söz Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə verilib. Ziyyəddin Əliyev öz çıxışında hər kəsi bayram münasibəti ilə təbrik edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli tədbir haqqında öz fikirlərini söyləyib. O bildirib ki, “Dövlət bayrağımız Respublikamızın dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərimizin binaları üzərində ucalaraq dalğalanır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Z.Əliyev qeyd etdi ki, üçrəngli bayrağımız xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir və bunu özünün müqəddəs borcu kimi qəbul edir. Cənab prezidentimiz, ölkə başçımız demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Sonda “Bizim gəncliyə ümidimiz çox böyükdür, əminəm ki, gənclər gələcəkdə dövlətimizin bütün atributlarını şərəflə qoruyacaq, bayrağımızı daim yüksəklərə ucaldacaqlar, “- deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev filialın tələbə-müəllim heyətinə uğurlar arzulayıb.Sonra tədbirdə filialın dekan müavini, Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi, psixoloq Nübar Bayramova da çıxışında ölkəmiz üçün əlamətdar olan bayram günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, dövlətimizin necə çətin yollarla, minlərlə şəhid və qazilərimizin canı-qanı bahasına əldə edilən müstəqilliyimizdən, müstəqilliyimizi şərəflə qoruyub bu günə çıxarmış ulu öndər Heydər Əliyevin ömür yoluna diqqət çəkib.
Sonra tədbirdə filial tələbələrinin iştirakı ilə hərbi keçid olmuşdur. Daha sonra tələbələrin ifasında bədii kompozisiyalar səsləndirilib. Ramiz Qusarçaylının “Azərbaycan Bayrağı” şeirinin ifa olunması, əsgər geyimində olan tələbə-gənclərin bayrağa Sədaqət andı içmələri tədbirə xüsusi möhtəşəmlik qataraq tədbir iştirakçılarına və qonaqlara böyük əhval-ruhiyyə bəxş etmişdir.
- Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
- Cümə axşamı, 7 Noyabr 2019
- Müəllif: Yusif Abayev