3 mart 2023-cü il tarixində ADPU-nun Quba filialının təşkilatçılığı ilə görkəmli dilçi alim, türkoloq, pedaqoq, ictimai xadim, filologiya elmləri doktoru, professor, “Şöhrət” ordeni laureatı, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyevə həsr edilmiş “Azərbaycançılıq ideologiyası və Həsən Mirzə” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin və professor Həsən Mirzəyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra filialın İKT şöbəsi tərəfindən hazırlanan və əməkdar elm xadimi, professor Həsən Mirzənin həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə həmçinin filialın Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə hazırlanan əməkdar elm xadimi, professor Həsən Mirzə yaradıcılığına, Həsən Mirzə irsinin layiqli davamçısı professor Mahirə xanım Hüseynovanın yaradıcılığına aid kitablardan ibarət sərgi nümayiş etdirilib. Tədbirdə əvvəlcə ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyev məruzə ilə çıxış edərək qeyd edib ki, professor Həsən Mirzə bütün ömrü boyu Azərbaycan xalqının qüruruna və kədərinə yiyə duranlardan olub: həm elmi-pedqaoji, həm poetik, həm də ictimai-siyasi fəaliyyəti ilə. Milli ruhu, xalqımızın ən önəmli problemi kimi bötövləşmə məsələsini, azərbaycançılıq ideologiyasını sətirlərinə daşıyaraq, misralarına hopduraraq yaradıcılıq karvanını xoş sabahlar naminə ünvanına doğru çəkib… Bu gün bizlər də bu ünvanda – Həsən Mirzə ünvanında toplaşmışıq. H.Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. əmək fəaliyyətinə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb, xalq maarif şöbəsinin inspektoru, məktəb direktoru işləyib. 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub. H.Mirzəyev namizədlik, doktorluq dissertasiyalarını müdafiə edib və professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında H.Mirzəyevin özünəməxsus yeri var. Onun 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.
Tədbir filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva moderatorluğu ilə davam edib.
P.f.d. A.Şeydayeva professor Həsən Mirzə haqqında danışıb, “Müstəqillik uğrunda mübarizə yollarında” adlı məruzə ilə çıxış edib, vurğulayıb ki, Həsən Mirzə ömrünün sonunadək ideallarına sadiq qaldı. O, həyatda məğrur yaşadı, əyilmədi, buna görə də görkəmli alim yaşarkən öz hərəkətləri, əməlləri, elmi və bədii yaradıcılığı ilə, nəinki mövcudluğunun mahiyyətini tapdı, həm də özünün əsl ölümsüzlüyünü təmin etdi.
Daha sonra tədbirdə ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev “Həsən Mirzə yaradıcılığında Vətən mövzusu” adlı məruzə ilə çıxış edib:
“Həsən Mirzə yeganə yaradıcı şəxslərdəndir ki, Vətən dərdini dərdlərin Anası səviyyəsinə qaldıra bilmişdir. Onun vətən ayrılığından doğan kədərin, qəmin ifadədəsindəki səmimiyyət, təbiilik, içdənlik hər kəsi duyğulandırmaq gücünə malikdir. Onun yaradıcılığında Vətən anlayışı bütöv Azərbaycandır: o taylı, bu taylı, cənublu və şimallı, qərbli və şərqli Azərbaycandır. Təsədüfi deyil ki, onun şeirlərində Cənubi Azərbaycan həsrəti də geniş əks olunur. Biz inanırıq ki, gün gələcək Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımız da öz doğma yuvalarına qayıdacaqlar. Onda Həsən Mirzənin də ruhu şad olacaq və özü demişkən “Bəlkə bu şad xəbər silə dərdimi”.
“Sənsiz qışa dönüb baharım, yazım,
Susubdur kamanım, dillənmir sazım.
Həsənəm, bu dərdi – de necə yazım?
Didərgin olubdu el, Dərələyəz!
Göz yaşım olubdur sel, Dərələyəz!..
deyən şairin dərdi tək Dərələyəz deyil, əsrlərlə işğala məruz qalan Azərbaycanın dərdidir. “
Filialın Gənc Alimlər Şurasının sədri, Təbiət elmləri kafedrasının baş müəllimi Elbrus Əhmədov “Həsən Mirzə tədqiqatlarında coğrafi terminlərin əhəmiyyəti” mövzusunda çıxış edib:
“Araşdırmalar göstərir ki, alim elmi məqalələrində Dərələyəz mahalına məxsus bütün yer-yurd adlarının fonetik sistemi, qrammatik quruluşu, leksik və etimoloji tərkibi ilə bağlı olan qiymətli faktları aşkara çıxarmışdır. O, bu mövzuda maraqlı və zəngin məlumatlara malik 60-dan çox elmi məqalə yazmışdır. “Ağxaç-Qaraxaç toponimi”, “Ağkənd kəndi və onun onomastik vahidləri haqqında məlumatların xülasəsi”, “Axta toponimi”, “Almalı kəndi və onun bəzi onomastik va- hidləri haqqında”, “Amağu/Əmağu oykonimi”, “Dərələyəz mahalının Ardaraz kəndi və bu kəndin sahəsində olan onomastik vahidlər”, “Dǝrǝləyəzdəki Arinc kəndi haqqında”, “Arpa toponimi”, “Ayısəsi (Qızılgül kəndi) kəndi və bu kəndin ərazisində olan onomastik vahidlər”, “Canı kəndi və onun onomastik vahidləri haqqında”, “Cığatay etnonimi haqqında bir neçə söz”, “Cul etnonimi haqqında, Dərəlǝyǝz mahalında olan Cul kəndi və onun onomastik vahidləri haqqında”, “Çanaqçı etnonimi haqqında bir neçə söz”, “Çaykənd və onun onomastik vahidləri”, “Çivǝ etnonimi”, “Olǝyǝz toponimi”, “Orgǝz. Ərgəz toponimi haqqında”, “Oyricǝ oykonimi”, “Gendǝrǝ kəndi haqqında” və s. məqalələrində Həsən Mirzəyev bəzi mənbələrdə artıq itib-batmış tarixi abidələr, xaraba qalmış kəndlər, şəhərlər haqqında zəngin məlumatlar verirdi. “
ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramova “Həsən Mirzə tədqiqatlarında milli folklor” mövzusunda çıxış edib:
“Həsən Mirzəyevin Azərbaycan folkloru qarşısında xidmətlərindən biri də “aşıq, şair və şair təbiətli adamların” şeirlərinə diqqət çəkməsidir. Aşıq Cəlil, Aşıq Qəhrəman, Aşıq Fətulla, Aşıq Mehdi, Aşıq Qulu və başqalarının qoşmalarını, gəraylılarını toplaması onun folklorşünaslıq elmi qarşısında möhtəşəm xidməti sayılır.
Həsən Mirzəyevin Dərələyəzlə bağlı yazıya aldığı hadisə və əhvalatlar janr baxımından folklorla tarixi birləşdirir. Maraqlısı isə budur ki, hadisə ayrıca janr təsiri bağışlayır və bir hadisədə bir neçə tarixi məqam öz əksini tapır. “Qaçaq Nəbinin Dərələyəzdə kazaklarla döyüşü və Qəndbölən toponimi” hadisəsi belə nümunələrdən biridir. “Şahbaz oğlu Cəlal Qanlı dərənin qisasını “Bərk dərə”də aldı” adlı başqa bir “hadisə” isə toponimik rəvayət xarakterlidir.”
Tədbirdə həmçinin filialın tələbələri Səma Asəfova – ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasının, İBT 2001B qrup, III tədris ili tələbəsi “Dərdimi” şeirini, Zemfira Davrişova – Humanitar və sosial elmlər fakültəsinin Xarici dil müəllimliyi ixtisasının XM2201B qrup, I tədris ili tələbəsi professor Mahirə xanım Hüseynovanın ”Həsən Mirzə yaşayır”şeirini səsləndirib, Səbinə Seyfullayeva – Filialın İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsi “Həsən Mirzə ucalığı” adlı məruzə ilə çıxış edib.
Sonda “Dərələyəz” musiqisi səsləndirilib.