ADPU-nun Quba filialında Əməkdar jurnalist Elçin Şıxlı ilə görüş keçirilib

ADPU-nun Quba filialının tələbə və müəllim heyətinin istəyini nəzərə alaraq Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycan Yazıçılar Birlyinin üzvü, “Ayna” Mətbu Evinin rəhbəri, Əməkdar jurnalist Elçin İsmayıl oğlu Şıxlı ilə “MƏNƏVİ TARAZLIĞI QORUYAN ADAM” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl Quba şəhərində Media Şəhidləri Parkında yerləşən Abidə ziyarət edilib,Abidənin gül dəstələri qoyulub.
Tədbir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində canlarını fəda etmiş Şəhidlərimizin və Media Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbiri açıq elan edən filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Günəş Xudayarova qeyd edib ki, hər bir şəxsiyyət üzləşdiyi mühitdən əvvəl məhz ailə ocağında yetişir, formalaşır, gələcək həyat yolunu müəyyənləşdirməyə çalışır. Müdriklərimiz əbəs yerə “ot kökü üstə bitər” deməyiblər. Bu gün 65 illik həyatının işığına yığışdığımız dəyərli yazıçımız Elçin Şıxlı da görkəmli Azərbaycan Xalq yazıçısı İsmayıl Şıxlı ocağından nur götürüb, öz işığını yaradıb.Bu gün də biz bu işığın ətrafına yığışmışıq! Daha sonra Günəş Xudayarova tələbələrin istəyini, professor və müəllim heyətinin arzusunu nəzərə alaraq belə bir tədbiri təşkil edən, filialın Elçin Şıxlı kimi dəyərli şəxsiyyət ilə görüşümüzə səbəb olan hörmətli direktor fizika elmləri doktoru dosent Yusif Alıyevə təşəkkür edib və sözü direktora təqdim edib.
Fizika elmləri doktoru Yusif Alıyev çıxışında Elçin Şıxlıya dəvəti qəbul edib gəldiyi üçün dərin təşəkkürünü bildirib, filial kollektivi adından gül dəstəsi və hədiyyə təqdim edib, vurğulayıb ki, Elçin Şıxlını yaxından tanıyanlar yaxşı bilir ki, zəngin dünyagörüşünə, geniş məlumat dairəsinə, dərin biliyə, qibtə ediləcək təfəkkürə sahib olan Elçin Şıxlı bu gün haqqı deməyi bacaran bir şəxsiyyətdir. Bu gün şimal bölgəsinin göz bəbəyi olan doğma Qubamızda sizin kimi şəxsiyyətlə görüşmək, sizin gənclərimiz üçün dəyərli olacaq fikirlərinizi sizin özünüzdən eşitmək olduqca qürurvericidir.
Tədbir filialın Azərbaycan dili və ədəbiyyatı ixtisasının üçüncü tədris ili tələbəsi Cəvahir Qocayevanın moderatorluğu ilə davam edib.
Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramova “Elçin Şıxlı şəxsiyyətində İsmayıl Şıxlı bənzərliyi” adlı məruzə ilə çıxış etdi. O, Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığını və Şəxsiyyətini Elçin Şıxlı paralelliyi ilə müqayisə edərək ata və oğulun bir çox xüsusiyyətlərinin eyni olduğunu diqqətə çatdırmışdır.
Həmçinin tədbirdə görkəmli şair, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylı, filailın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, şair Rahib Sədullayev çıxış edərək qeyd ediblər ki, Elçin Şıxlı yaradıcılığında ilahi işarə olan söz çox mükəmməl şəkildə özünə yer tapmışdır. Qeyd etdilər ki, o söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir. Həyatımıza yeni çalar qatır. Bu gün də biz hörmətli Elçin Şıxlı ilə sözün zirvəsinə ucala bildik. Bir daha bu gözəl və özəl gün üçün Elçin Şıxlıya təşəkkür edib, sizə Uca Tanrıdan cansağlığı və yeni yaradıcılıq uğurları arzu ediblər. Sonra videobağlantı ilə tədbirə qatılan əməkdar jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru Qulu Məhərrəmli də tədbir iştirakşılarını salamlayaraq, bu cür görüşlərin tələbələrin və müəllimlərin fəaliyyətlərində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. O qeyd etdi ki, müstəqil Azərbaycan mediasının inkişafında, onun yad təsirlərdən qorunmasında Azərbaycan jurnalistikasında öz dəst-xətti olan Elçin Şıxlının müstəsna rolu vardır. O Elçin Şıxını vətənə, millətə sadiq bir şəxs kimi hər zaman yüksək intellekti ilə hər kəsə nümunə olduğunu bildirdi.
Sonra ADPU-nun Quba filialının müəllim və tələbələrinin ünvanladığı suallara Əməkdar jurnalist Elçin Şıxlı cavab verərək filialın tələbələrinin aktivliyindən, müəllimlərin dərin təhlil qabiliyyətinin olmasından çox məmnun qaldığını bildirdi.
Daha sonra tədbirdə filialın tələbəsi Səma Asəfova jurnalist kimi Elçin Şıxlıya suallar ünvanlamış, filialın Riyaziyyat müəllimliyi ixtisasının I tədris ili tələbələrinin təqdimatında “Dəli Kür” filmindən fraqment nümayiş olunub, filmdən “Ana Kürüm” musiqisi filialın İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili və Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisasının I tədris ili tələbələrin ifasında səsləndirilib. Tədbirdə həmçinin Filialın ART İncəsənət klubunun üzvləri – Məmişova Zahidə Eldəniz qızı, Ayşən Aqayeva Aqasi qızı, Məmmədova Nübar Qurban qızı, Avşalimova Venera Mardaxay qızı, Məmmədova Aytəkin Nəsimi qızı tərəfindən Elçin Şıxlının portretləri çəkilib, xalq yazıçısı İsmayıl Şıxlının çəkilmiş rəsmləri nümayiş edilib.
Tədbirin sonunda Elçin Şıxlı ADPU-nun Quba filialında təşkil edilən maraqlı, rəngarəng səhnələrlə dolu olan görüşə görə filialın rəhbərliyinə təşəkkürlərini bildirərək, ADPU-nun rektoru professor Cəfər Cəfərova salamlarını çatdırmağı xahiş etdi.
Sonda xatirə şəkli çəkdirilib.