ADPU-nun QUBA FİLİALI ZƏFƏR OVQATLI 30 İLLİK YUBİLEY ƏRƏFƏSİNDƏ

29.11.2021
ADPU-nun QUBA FİLİALI ZƏFƏR OVQATLI 30 İLLİK YUBİLEY ƏRƏFƏSİNDƏ

Ölkəmizdə pedaqoji kadr hazırlığı, regionların təhsilinin inkişafı məqsədi ilə hər zaman diqqət mərkəzində olan Şimal bögəsinin yeganə ali təhsil müəssisəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının yaradılmasından 30 il ötür. Sevindirici haldır ki, ADPU-nun yaradılmasının 100 illiyi və Filialın yaradılmasının 30-cu ildönümünü torpaqlarımızın azad­lığı, ərazi bütövlüyümüzün təmin olunması şəraitində, zəfər ovqatı ilə qeyd edirik, ən böyük qürurumuz isə məzun və tələbələrimizin də bu qələbədə payının olmasıdır. Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfər Azərbaycan müəllimi üçün ilham qaynağıdır ki, bu da Azərbaycan elminə, təhsilinə, ölkəmizin hərtərəfli inkişafına  töhfələrimizi verməkdə bizlərə yol göstərir.

Təsadüfi deyildir ki, Zəfər ovqatlı tədris ilinin başlanması, yeniliklərin tətbiqi, sürətli internet imkanlarının həyatımızın hər sahəsi olduğu kimi, təhsil sahəsinə də vacib mövqe tutması bizlərin, yəni təhsil sahəsində çalışan  kadrların qarşısına yeni məqsədlər qoydu, belə ki, təhsil və elm sahəsində  mükəmməl uğurların əldə edilməsi üçün rəqabətədavamlı, tədqiqat meylli,  mobil  təhsil mühiti formalaşdırır, bizləri bu mühitdə yeni ideyalar ətrafında birləşməyə sövq edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində də bir daha şahid oluruq ki, Azərbaycanda insan kapitalının formalaşmasında keyfiyyətli təhsil və təlim sistemi ön sırada dayanmağı bacarır. Ön sırada olmaq üçün Filialda görülən işlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarından, Təhsil Nazirliyinin, ADPU-nun rektoru professor Cəfər Cəfərovun, filialın direktoru dosent Yusif Alıyevin müvafiq qərarlarından irəli gələn təşəbbüs və tapşırıqlar əsasında sistemli şəkildə həyata keçirilir.

Filialımızda tədrisin müasir, innovativ təlim texnologiya­ları əsasında qurulması, təcrübə və innovasiyaların birliyinin hiss edilməsi, tədris və təlimin keyfiyyətinin dövrün tələblərinə uyğun şəkildə yenilənməsi, həmçinin region ali təhsil müəssisəsinin xarici dövlətlərin qabaqcıl universitetləri ilə beynəlxalq əlaqələrinin və respublika universitetləri ilə ölkədaxili əməkdaşlığının inkişaf etdirilməsi onun tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində  idarəedilməsindən, yeniliklərə açıq olan kadr balansından irəli gəlir.

1943-cü ildə yaradılan Quba Dövlət Müəllimlər İstitutunun varisi hesab olunan filial 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı, 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı, 2015-ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı kimi fəaliyyət göstərir. Qubanın ən səfalı məkanında 2,5 hektar ərazidə iki və üç mərtəbəli 2 tədris binası, 38 otaqdan ibarət 70 tələbə üçün nəzərdə tutulan ikimərtəbəli yataqxana binası, 300 yerlik yeni istifadəyə verilən Akt zalı, müasir tələblərə uyğun dizayn edilmiş Heydər Əliyev lektoriyası, 300 kvm-lik yeməkxana binası və böyük idman meydançası filialın geniş maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksinə – kampusa malik olduğunu göstərir.

Son illər Filialda  əmək ba­zarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat səviyyəsində bir sıra yeni ixtisaslar açılmış,2021/2022-ci tədris ilində bu say 10-a qaldırılmışdır. ADPU-nun Quba filialında 10 ixtisas – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi,  Tarix və coğrafiya müəllimliyi,Tarix müəllimliyi, Coğrafiya müəllimliyi,  İbtidai sinif müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət, Məktəbəqədər təlim və tərbiyə, Sosial iş ixtisasları fəaliyyət göstərir. Baka­lavriat səviyyəsində verilən yüksək təhsilin, elmi tədqiqat fəaliyyətinə yaradılan şəraitin nəticəsidir ki, Filialda təhsil alan­ tələbələrin sayı ildən-ilə artır, bu tədris ilində isə bu say 1000-ə çatdırılıb. 100-ə yaxın professor-müəllim heyətinin təhsil verdiyi ali təhsil ocağında tədris prosesinin daha səmərəli və innovativ üsullarla təşkili məqsədilə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində addımlar atılır, müntəzəm olaraq təlim və seminarlar təşkil edilir. Bundan əlavə əməkdaşların maddi rifah halı daim yaxşılaşma istiqamətində dəyişir. Bu səbəbdən də təkcə aidiyyəti strukturların deyil, bütün kollektivin səyi nəticəsində müxtəlif beynəlxalq və yerli tədbirlərə, layihələrə, ilklərə imza atılır, tədrisin və tədbirlərin keyfiyyət və kəmiyyəti artırılır.

Filialda müxtəlif strukturlarla yanaşı, Kitabxana və elektron resusrlar, Pedaqoji fakültə və üç kafedra – Ədəbiyyat və dillər, Pedaqoji və ictimai fənlər, Təbiət fənləri və onun tədrisi metodikası kafedraları fəaliyyət göstərir. Təsadüfi deyildir ki, hazırda Filialın inkişaf dinamikası, qarşıya qoyduğu hədəflər, əldə edilən uğurlar, yeni sturukturun formalaşdırılmasını zəruri edən səbəblər filialın önündə duran qısamüddətli hədəflərə çatmağa, orta və uzunmüddətli hədəflərə doğru irəliləməyə təkan verir. Direktor Yusif Aliyevin təşəbbüsü ilə  atılan addımların və hədəflərə uyğun inkişaf prioritetləri filial daxilindəki sturuktur yenilənməsini zəruri edib ki, bu da filialda Keyfiyyətin təminatı şöbəsinin, Kitabxana və elektron resurslar şöbəsinin, Direktor köməkçisi ştatının və bir sıra digər ştatların yaradılmasına gətirib çıxarıb, həmçinin filialın məzunu, Vətən müharibəsi iştirakçısı İsmət Əhmədov işlə təmin olunub.

Hər il kafedra müəllimlərinin elmi məqalələri, kitab, dərslik, proqram və monoqrafiyaları işıq üzü görür, nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin sayı da artan dinamika ilə inkişaf edir, hətta pandemi­ya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, filial əməkdaşlarının tədris  ili ərzində istər elmi, istərsə də publisitik 100-dən artıq məqaləsi dərc olunmuşdur.  Filialın elmi və pedaqoji kadr potensialında professorlar, elmlər və fəlsəfə doktorları, baş müəllimlər, alimlər, gənc doktorant və dissertantlar yer tutur.

Sevindirici haldır ki, filialda həyata keçirdiyi layihələr – filialın təşkilatçılığı və respublika universitetlərinin əməkdaşlığı ilə  beynəlxalq konfransların (ADPU-nun, ADPU-nun Quba filialının təşkilatçılığı ilə Almaniyanın Rostok Universitetinin, Türkiyənin Ankara Universiteti və Qazi Universitetinin, Amerikanın San Diego Dövlət Universitetinin Gürcüstan bölümünün, Qırğızıstanın Qırğızıstan Təhsil Akademiyasının, Şimali Kipir Türk Cümhuriyyətinin Girne Amerikan Üniversitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Texniki Universitetinin təhsil sahəsində tanınmış məruzəçilərin və Naxçıvan Müəllimlər İnstitutunun, Bakı Dövlət Universitetinin Qazax filialının əməkdaşlarının iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər” mövzusunda Beynəlxalq Onlayn Seminar, ADPU-nun Quba filialında Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30 illik yubileyinə həsr olunmuş “REGİONLARDA ALİ TƏHSİL: REALLIQLAR VƏ PERSPEKTİVLƏR” (“HIGHER EDUCATION IN THE REGIONS: REALITIES AND PERSPECTIVES”), Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının, ELGER Beynəlxalq Elm Mərkəzinin, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə İsveçin Gothenburg Universiteti ilə birlikdə “Qarabağ: Zəfərə Gedən Yol” adlı XVII Beynəlxalq elmi konfrans və s. ) keçirilməsi bir daha onu göstərdi ki, son illər filialın beynəlxalq əlaqələri inkişaf etməkdədir. Təkcə elə filial daxilində 2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında çağdaş Azərbaycan poeziyasının sevilən şairəsi, ziyalı alim, ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Mahirə xanım Nağıqızı ilə “Özümü biləndən qədrini bildim…” adlı görüşün, respublikanın tanınmış alim, pedaqoq və ziyalıları ilə görüşlərin, Vətən müharibəsi qəhrəmanları ilə, Şəhid ailələri ilə görüşlərin keçirilməsi, ,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Doktorant və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) təşkilatçılığı ilə Azərbaycan Demokratik Respublikasının yaradılmasının 103 illiyi münasibətilə təşkil edilən 28 May – Respublika Gününə həsr olunan “Şuşa, biz qayıtdıq!” adlı elmi konfransın,  Tələbə Elmi Cəmiyyətinin VIII Elmi konfransının keçirilməsi və bu konfranslarda respublikanın qabaqcıl universitetləri əməkdaşlarının  məruzələrinin yer alması, məzunlarımız sırasında bu tədris ilində ali məktəblərin magistratura səviyyəsinə qəbulun 23-nəfərə çatması, filial əməkdaşlarının müəllifi olduğu kitab və dərsliklərin sayının artması, fəlsəfə doktoru elmi dərəcəsi alan doktorantlarımızın olması və bu kimi işlər Filialı ölkənin  elm və təhsil məkanına inteqrasiyasını, müstəqil olmaq yolunda atılan addımlarını daha da sürətləndirir. Bundan əlavə Filial beynəlxalq və ölkədaxili əlaqələrlə yana­şı, ümumrayon əməkdaşlığına da xüsusi önəm verir, filialın rəhbərliyinin təşəbbüsü ilə Quba rayonunda yerləşən müxtəlif dövlət qurumları ilə əlaqələr yaradılır, bilavasitə elmi tədiqat fəaliyyətininin səmərəli təşkilinə, gənclərin asudə vaxtının düzgün qurulmasına, onların şəxsiyyət kimi hərtərəfli inkişafına,  eləcə də rayonda məzunların işlə təmin olunmasına yönəldilir. Yəni ADPU-nun Quba filialında görülən işlərlə əlaqədar qarşıya qoyulan məqsədlər nəinki region, eləcə də respublika, hətta beynəlxalq miqyaslı tədbirlərlə əhatələnir. Filialda həmçinin tələbələrin yüksək səviyyədə təhsil almaları, elmi-tədqiqat işlərinə cəlb olunmaları, eyni zamanda, asudə vaxtlarının səmərəli təşkili üçün 100-lərlə layihələr (İntellektual oyunlar, müsabiqələr, təlim və seminarlar, Filialın “DEBAT KLUB” tərəfindən icra olunan ilk oyunda Oyunda Quba Dövlət Sosial İqtisad Kolleci ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı komandaları və oyunun mövzusu ”Azərbaycanda təhsil müəssisələrinin regionlara köçürülməsi müsbət nəticə verir” ADPU – nun Quba filialı ilə Qafqaz TV – nin əməkdaşlıq çərçivəsində Təcrübə proqramı, və s.) həyata keçirilir, ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur, tələbələr müxtəlif platformalarda universitetin idarəçilliyinə cəlb olu­nur, könüllü kimi fəaliyyət göstərirlər. Təbii ki, bütün bu qeyd etdiklərimiz filialda görülən işlərin bir qismidir.Ən əsası filialın professor-müəllim heyəti, tələbələri, məzunları, əməkdaşları bu ali təhsil ocağı ilə, onun tarixi və bu günü ilə fəxr edir, qürur duyur.

30 yaşın mübarək doğma Universitetim!

Aysel Şeydayeva.

ADPU-nun Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?