ADPU-nun Quba filialı Beynəlxalq simpoziuma ev sahibliyi etdi

17.06.2023
ADPU-nun Quba filialı Beynəlxalq simpoziuma ev sahibliyi etdi

16 iyun 2023-cü il tarixində ADPU-nun Quba filialında Quba Rayon İcra Hakimiyyətinin, Xəzər Universitetinin, MUSIAD Azərbaycanın və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq simpozium keçirilib.

Beynəlxalq simpoziumda Quba Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təşkilatçı qurumların, ictimai təşkilarların rəhbərləri, şəhid ailələri, ADPU-nun və Xəzər universitetinin nümayəndə heyəti, mədəniyyət işçiləri, gənclər və tələbələr iştirak etmişdir.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin Quba şəhərindəkı abidəsi və Azərbaycan-Türkiyə qardaşlıq parkı ziyarət edilib.

Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilən simpozium ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyevin moderatorluğu ilə davam edib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Qazi Mustafa Kamal Atatürkün və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransda giriş nitqi ilə çıxış edən fizika elmləri doktoru, dosent Yusif Alıyev ADPU-nun rektoru professor Cəfər Cəfərovun salamlarını çatdırıb, simpoziumun keçirilməsində əməyi olan təşkilatçılarına öz dərin təşəkkürünü ifadə edib, regionda keçirilən beynəlxalq miqyaslı tədbirlərin əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, simpoiumun mövzusu olduqca yüksək əhəmiyyətli tarixi hadisələri özündə ehtiva edir. Fəxrlə deyə bilərik ki, Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunması işinə xidmət edir.

Tədbirdə məruzələrlə çıxış edənlər – Quba rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət müşaviri Prof. Dr. Muhittin Macid, Xəzər Universitetinin təsisçisi Professor Hamlet İsaxanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru Professor Asəf Zamanov, İstanbul Universiteti Edebiyat Fakültesi Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölüm başkanı Professor Mehmet Ölmez, MÜSİAD Azərbaycanın başqanı Rəşad Cabirli qeyd ediblər ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Məruzəçilər həm də Türkiyə Azərbaycan qardaşlığının mədəniyyət, ədəbiyyat, təhsil və bu kimi digər sahələrə də təsirini diqqətə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Simpozium bölmə iclasları ilə davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?