Şəhid kapitan Aqil Məlikov adına auditoriyanın açılışı

15.10.2024
Şəhid kapitan Aqil Məlikov adına auditoriyanın açılışı

ADPU-nun Quba filialında Şəhid kapitan Aqil Məlikov adına auditoriyanın açılışı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən müharibəsi şəhidi, Tabor komandirinin müavini, kapitan Məlikov Aqil Niyaz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə qəhrəman döyüşçünün adına təsis edilən auditoriyanın açılış mərasimi olub.

Açılış mərasimi ADPU Quba filialının ev sahibliyi ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” IV Beynəlxalq elmi konfrans çərçivəsində keçirilib.

Şəhid kapitan Aqil Məlikovun auditoriyasına tər çiçəklər düzülüb.

Açılışda şəhid kapitanın ailə üzvləri və doğmaları, həmçinin atası Niyaz Məlikov, qəhrəmanın həyat yoldaşı Günel Məlikova, şəhid ailələri və qazilər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Bişkek Musiqi Pedaqoji İnstitutunun rektoru professor Ulanbek Mambetakunov, Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə, yerli hüquq mühafizə orqanları rəhbərləri, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev və tələbə-müəllim heyəti iştirak ediblər.

Professor Cəfər Cəfərov, Millət vəkili Əlibala Məhərrəmzadə, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, şair Ramiz Qusarçaylı və dosent Yusif Alıyev çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Zəfərin xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə düşdüyünü ifadə ediblər. Diqqətə çatdırılıb ki, şəhid və qazilərimizin qəhrəmanlığı ilə qazanılan bu qələbə tarix boyu əcdadlarımızın arzuladığı milli birlik fəlsəfəsinin təntənəsidir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?