Qanlı faciədən şanlı Zəfərə

02.04.2024
Qanlı faciədən şanlı Zəfərə

ADPU-nun Quba filialının və TAİB-in təşkilatçılığı ilə 31 Mart soyqırımına həsr olunmuş elmi-praktik konfrans keçirilib

Türk Ağsaqqalları İctimai Birliyi-TAİB-in və Azərbaycan Dövlət Pedaqoji Universiteti – ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “31 Mart -Azərbaycanlıların Soyqırımı: Qanlı faciədən şanlı Zəfərə” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları tədbirdən öncə Ulu öndər Heydər Əliyevin Quba şəhərindəki abidəsinin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirib, daha sonra isə Quba Şəhidlər Xiyabanını və Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının akt zalında keçirilən konfransda əvvəlcə Ulu öndər Heydər Əliyevin, soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda əvvəlcə açılış nitqi ilə ADPU-nun Quba Filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev çıxış edərək konfransın tarixi əhəmiyyətini diqqətə çatdırıb, bir ənənənin davamı olduğunu qeyd edib, bu işdə əməyi keçən hər kəsə minnətdarlıq edib, daha sonra Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açıb, tarixi faktları qarşılaşdırıb, sistemli təhlil verib. Daha sonra konfransda məruzə nitqi ilə çıxış edən TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, Tibb elmləri doktoru, akademik Sudeif İmamverdiyev Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü xidmətlərdən və 31 Mart – Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsindəki rolundan danışıb.

Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramovanın moderatorluğu ilə davam edən konfransda, Quba RİH Başçısının müavini Səidə Abasova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev,

TAİB-in Qadınlar Şurasının sədri, tarix elmləri doktoru Güllü Yoloğlu, TAİB-in Qadınlar Şurasının sədr müavini Sara Göyçəli, AYB-nin Quba bölməsinin sədri, görkəmli şair Ramiz Qusarçaylı, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, Qabaqcıl təhsil işçisi Rahib Sədullayev, Gənclər Təşkilatının sədri Elgün Rüstəmli mövzu ətrafında çıxış edərək bildiriblər ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ali hakimiyyətə qayıdışından sonra mart soyqırımına dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə zəfərlə bitən 44 günlük Vətən müharibəsində ermənilərin ikiyüzillik əsassız iddialarının boşa çıxması, əzəli torpaqlarımızın işğaldan azad edilməsi haqqın qələbəsidir, xalqımıza qarşı törədilmiş soyqırımlara tutarlı cavabdır. Konfransda həmçinin Filialın “Tarix müəllimliyi” ixtisasının tələbəsi Günəş İskəndərov özünün qələmə aldığı Şəhidlər şeirini səsləndirib.

Elmi-praktik konfransın sonunda TAİB-in sədri akademik Südeif İmamverdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında son bir ildə görülən işlərə də diqqət çəkərək bildirib ki, universitet direktor Yusif Alıyevin rəhbərliyi ilə həqiqi mənada yüksək uğurlara imza atır, yeni yaradılan mərkəzlər və maddi texniki bazanın yenilənməsi də buna əyani sübutdur. Sevindirici haldır ki, bütün bu görülən işlər bölgələrdə ali təhsilin səviyyəsinin yüksək olduğuna dəlalət edir.

Daha sonra Filialın Elmi Şurasının qərarı ilə Türk xalqları arasında inteqrasiya prosesinin inkişafında müstəsna xidmətlərinə və görə “31 Mart -Azərbaycanlıların Soyqırımı: Qanlı faciədən şanlı Zəfərə” mövzusunda elmi-praktik konfransda fəal iştirakına görə TAİB-in İdarə heyətinin üzvləri Mübariz Süleymanlı, Sara Göyçəli, Məcid Hacıyev, Akif Cabbarov “Fəxri diplom”la təltif edilib.

Məruzəçilər tərəfindən filialın kitabxanasına müxtəlif mövzulu kitablar təqdim olunduqdan sonra xatirə şəkli çəkdirilib.

Onu da qeyd edək ki, konfransda TAİB İdarə heyətinin üzvləri, tanınmış ziyalılar, GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin əməkdaşı Eyvaz Xeyrullayev, filialın professor, müəllim və tələbə heyəti iştirak edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?