ALLAH RƏHMƏT ETSİN

27.05.2024
ALLAH RƏHMƏT ETSİN

Keçmişdə qalır hamı,

Keçmiş necə evdisə…

Ölüm gəlib apardı,

Kim dünyanı sevdisə….

Ölüm ağır olsa da, reallıqdır, bioloji ömür yaşayan hər insan üçün yeganə qaçılmaz gerçəklikdir. Təəssüf ki, bu reallıqla çox vaxt zamansız rastlaşmalı olur, hörmət və dəyər verdiyimiz insanlarla vidalaşmalı oluruq. Onlardan geriyə qalan isə gözəl xatirələr, gözəl əməllər, insanlıq və səmimiyyət dolu anlardır…

Çingiz müəllimi də belə xatırlayacağıq…Bütün kollektivin, tələbələrinin dediyi kimi səmimi, dəyərli, işini bilən əsl insan kimi insan!

Bəli, çox üzülərək qeyd etmək istəyirik ki, Filialın Humanitar elmlər kafedrasının idman müəllimi, savadlı mütəxəssis, tələbələrin sevimlisi Qəhrəmanov Çingiz Qulu oğlu vəfat etmişdir.

Allah rəhmət etsin. Kollektivimiz və elm sahəsi üçün böyük itkidir. Filialın direktoru dosent Yusif Alıyevin və bütün kollektivin adından ailəsinə dərin hüznlə başsağlığı verir, yaxınlarına Allahdan səbir diləyirik.

Məkanın Cənnət olsun, ÇİNGİZ MÜƏLLİM.

Qeyd edək ki, Qəhrəmanov Çingiz Qulu oğlu 11 aprel 1968-ci ildə Xaçmaz rayonu İnqilab kəndində anadan olub.1986-cı ildə Quba rayonu Xınalıq kənd orta məktəbini bitirmişdir.1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmiş, Bədən tərbiyəsi müəllimi-məşqçi ixtisası verilmişdir.

1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.

1989-1990-cı illər Quba rayonunun Yerfi kəndində fəhlə işləmişdir.1994-cü ildən Quba şəhər 6 nömrəli tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyib. 2000-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında ixtisası üzrə müəllim işləmişdir.2006-2016-cı illərdə Quba Dövlət Sosial İqtisadi Kollecində ixtisası üzrə müəllim işləmişdir.

2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında ixtisası üzrə müəllim işləyib. 2021-ci ildə ATİAHİ-nin 100 illiyi ilə əlaqədar Həmkalar İttifaqı Hərəkatında xidmətlərə görə “Yubiley döş nişanı” ilə təltif olunmuşdur.

Ailəli idi, 3 oğlu,1 qızı vardı.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?