“27-dən 27-yə yaxud qələmini süngüyə dəyişən müəllim”

 “27-dən 27-yə yaxud qələmini süngüyə dəyişən müəllim”

Sizlərlə, Rahib Sədullayevin (Alpanlı)- ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi, dəyərli ziyalımızın yeni və reallıqlardan bəhrələnən yazısını bölüşürük.
“27-dən 27-yə yaxud qələmini süngüyə dəyişən müəllim”
Qısa arayış
Dadaşov Ağadadaş Əmin oğlu 1994-cü il yanvar ayının 27-də Quba rayonunun Alpan kəndində anadan olub. 2000-2011-ci ildə şəhid Elşad Bayramov adına Alpan kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin  “Coğrafiya və Çağırışaqədər hazırlıq” fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına yiyələnib. 2015-ci ildə hərbi xidmətə çağırılıb. 2016-cı il aprel döyüşlərində ön cəbhədə Snayper Manqa komandiri kimi vuruşan Ağadadaş, xüsusilə  Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.
2016-cı ilin iyul ayında ordudan tərxis olunub, Müəllimlərin İşə Qəbulu üzrə müsabiqədə 52 bal toplayaraq, rayon mərkəzindən 70 km məsafədə yerləşən Teymur Şahbazov adına Xaltan kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Üç il bu kənddə fəaliyyətini davam etdirib, sonra ailə vəziyyətini nəzərə alaraq Müəllimlərin İş Yerinin Dəyişdirilməsi müsabiqəsindən uğurla keçərək Elşad Bayramov adına Alpan kənd tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirir.
Ağadadaş müəllim 1994-cü il yanvar ayının 27-də anadan olub, 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsinə gedib və demək olar ki, 27 yaşında ordudan tərxis olunub. Allah cansağlığı versin, xoşbəxtlik nəsib eləsin Ağadadaş müəllim və bütün qazi və əsgərlərimizə. Amin.
Ağlı kəsəndən haqqında ən çox eşitdiyi Qarabağ konflikti, Qarabağ müharibəsi onun yaddaşında getdikcə ağırlaşır, dağa dönürdü. Təhsil aldığı məktəbin kəndimizin ilk şəhidi olan Elşad Bayramovun adını daşıması, neçə-neçə gəncimizin vətənin azadlığı uğrunda həlak olmaları ürəyində düyünlənən, tes-tez şimşək olub ağlında çaxan ziddiyyətli suallar yaradır, düçüncəsini didib-dağıdırdı. Mənfur, özünə qondarma tarix yaratmaq üçün vicdanından belə keçən bir ovuc erməniyə, ona havadarlıq edənlərə nifrəti coşub daşır, dərin tarixi köklərə, şərəfli mübarizə nümunələri ilə zəngin azərbaycan xalqının qaçqın və köçün vətəndaşlarının halına için-için yanır, öz aləmində bu məsələnin həllinin tezləşdirilməsini arzulayırdı. Yetkin, vətənpərvər, ziyalı bir gənc olaraq ölkəmizin düçar olduğu vəziyyətin xəcalətini çəkirdi həm də. İnanırdı ki, Azərbaycan məğlub olmayıb, uşaqlıq aləmində olduğu kimi, ölkəmizin əllərini tutub, erməniyə vur deyiblər. Digər tərəfdən də, bəzi ağsaqqalların dedikləri kmi, arının şahı olmayanda fəlakət labüddür. Ölkəmizdə cərəyan edən hərc-mərclik erməninin dəyirmanına su töküb, hiyləgər qonşu fürsətdən istifadə edib öz alçaq niyyətini həyata keçirə bilib. Heyif ki, Vətənimizin bu ağır günlərini bitirib, onu xoşbəxtliyinə – ərazi bütövlüyünə qovuşdurmaq üçün rəhmətlik, dünya şöhrətli Ümummilli Liderimiz H. Əliyevə ömür vəfa etmədi. Bütün Azərbaycan xalqı kimi, o da bu böyük insanın uzaqgörənliyinin tezliklə öz bəhrəsini vercəyinə varlığı qədər inanırdı. İnanırdı ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. O, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Ulu Öndərimiz H. Əliyevin yarıda qalmış siyasi kursunu uğurla başa çatdıracağından, onun vəsiyyətini yerinə yetirəcəyindən əmin idi. Orta məktəb və universitet müəllimlərinin gec-tez işğal olunmuş torpaqlarımızı azad edəcəyimz haqqında inamlı söhbətləri onun da ümidini pərvazlandırır, o xoşbəxt günün çin olmasında özünün də əməyinin olmasını arzulayırdı.
Universiteti bitirb hərbi xidmətə başlayanda, ordumuzun torpaqlarımızı azad etməyə hər an hazır olduğunu görüb sevinmiş, uşaqlıqdan bəri ürəyində gəzdirdiyi arzusunun həyata keçəcəyinin heç də uzaqda olmadığına inanmışdı. Nəhayət, hərbi təlimlərdə öyrəndiklərini əsl döyüşdə tətbiq etmək imkanı yarandı. 2016-cı ilin aprelində dörd günlük müharibədə Ağadadş müəllim öz silahdaşları ilə ön cəbhədə, xüsusilə  Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə fəal iştirak etdi. Azərbaycan ordusunun qazandığı həmin qələbədə özünün də müəyyən qədər payı olduğundan qürur duydu və bir daha inandı ki, nə zamansa mənfur düşmən yenə baş qaldırsa ordumuz onu darmadğın edəcək. Allaha şükür ki, elə də oldu. II Qarabağ Müharibəsi zamanı Ağadadaş müəllim könüllü olaraq orduya yazılıb cəbhəyə yollanıb, Snayper Tağım Komandiri vəzifəsini icra edib. Xocavənd, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.
Ağadadaş müəllim bu gün, 31 dekabr 2020-ci ildə hərbi xidmətdən tərxis olunub, nə müddətdir yolunu intizarla gözləyən valideynləri Emin və Lena, bacıları və qoynunda boya-başa çatdığı doğma kəndinə qovuşdu. O, silahını təhvil verib yenə qələmini götürəcək düşmənin başını əzən əlinə.
Uşaq vaxtı bizlərə dərs deyən müəllimlərin arasında Böyük Vətən Müharibəsi (1941-1945) veteranları vardı. Allah onlara rəhmət eləsin. Onlar bizə təkcə fənn yox, həm də öz həyat təcrübələri, keçdikləri şərəfli ömür yolları ilə kişilik dərsi keçirdilər. Ağadadaş və onun kimi qələmini süngüyə çevirib azadlığımız uğrunda döyüşən müəllimlərimiz öz parlaq nümunələri ilə bundan belə müstəqilliyimiz, ərazi bütünlüyümüzdən qürur duyaraq  yaşaycaq  neçə-neçə nəsillərə həm də kişilik, qəhrəmanlıq, vətənpərvərlik dərsi keçəcəklər. Bundan böyük xoşbəxtlikmi olar?

***
A bülbül, gəl oxu həzin, arxayın,
Yayılsın aləmə səsin arxayın.

Əriyib həsrətin qarı, qaysağı,
Ey məlhəm küləklər, əsin arxayın.

Qoy perik düşməsin kəpənək, arı,
Qarışqa yığdığın yesin arxayın.

Halal süfrənizin duz-çörəyini,
Ay ellər, obalar, kəsin arxayın.

Səngərə sığmayan, şanlı ordumuz
Hər zaman “sözünü” desin arxayın.

Rahib, şəhidlərin, çin arzuları
Vətən göylərində gəzsin arxayın.

***
Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə, yaxınlarına səbir versin. Öz canları, qanları ilə Azərbaycanı şərəfraz edən şəhid, qazi və veteranlarımız, bu tarixi zəfərdə imzası olanlarımız həm də ölməzlik qazandılar. Bundan sonra yaşayacağımız bütün gözəl günlər üçün onlara minnətdarıq. Yaşasın Azərbaycanın müzəffər ordusu, şanlı Ali Baş Komandanımız, ən ağır sınaqlardan çıxan həmrəyliyimiz!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?