21-ci əsrdə məktəb və müəllim

Şəhərdaxili avtobus məktəbin qarşısındakı dayanacaqda dayandı. Çantaları az qala özlərindən böyük bir neçə məktəbli minə bildi. Yanında əyləşdiyim sərnişin müəllim olduğumdan arxayın və gileyli halda deyindi: – Məktəb də lap həddini aşıb. Heç bilmirlər nə öyrədirlər, niyə öyrədirlər. Evdə kitab əlindən tərpənmək olmur. Bir fəndən neçə kitab olar? – Ətrafdakıları da söhbətə qoşmaq istəyirmiş kimi səsini bir az da ucaldıb davam etdi: – Guya bizdə təhsil pulsuzdur. Hər ay repetitorlara bir ətək pul veririk. Axşam görürəm ki, uşaq oturub şeir əzbərləyir. Əşi, indi şeir zəmanəsidir? Şair yazıb, sağ olsun, xaricdəki kimi çap eləsin, kitablarını satıb dolansın. Sabah həyatda bu şeir mənim uşağıma lazım olacaq, bu qədər vaxt itirir onu öyrənməyə? Elm öyrənmək lazımdır, elm.
Düşməli olduğum dayanacağa yetişməyim yol yoldaşımın dediklərinə münasibət bildirməyimə imkan verməsə də, düşünməyə vadar etdi məni. Dünyamız elə bir inkişaf mərhələsinə qədəm qoymuşdur ki, belə getsə təhsilin “ikinci qanadı” olan repetitorluq da da öyrənmək istəyənlərin tələblərinə cavab verə bilməyəcək.
***
İctimai, iqtisadi, siyasi ziddiyyətlər dəryasında ləngərlənməsinə baxmayaraq, müasir dünya durmadan dəyişir, sürətlə inkişaf edir. Bu ehtişamlı tərəqqi ilə ayaqlaşmaq çətin olduğu qədər də vacibdir, lakin insanların müəyyən hissəsi ya heyrətdən, özünə inam hissinin zəifliyindən, ya da biganəlik və tənbəllik ucbatından yaşadığımız həyatın rəqəmsal inkişafının arxasınca yeriyir, ona yetişə bilmir. Burada müəllifliyi müxtəlif görkəmli şəxslərə şamil olunduğu söylənilən dərin mənalı bir deyim yada düşür: “Küləyin səmtini dəyişmək mümkün olmayanda yelkənlərin istiqamətini dəyiş”. Getdiyin yolu dəyişmək o qədər də asan iş deyil, ancaq sulara qərq olmaqdan qurtulmağın başqa yolu da yoxdur.
***
Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də vərdiş olmadığımız sıçrayışlı dəyişikliklər baş veməkdədir. Təhsil müəllimin təyin olunmuş proqram çərçivəsində, əlindəki dərsliyə əsaslanaraq öyrənənlərə müəyyən materialları öyrətmək, imtahandan keçirib onları həyata hazırlamaq kimi məsul bir vəzifəni yerinə yetirdiyimizdən arxayın olmaq prosesindən sıyrılıb, öyrənənləri nəinki həyata hazırlamaq, həyatın özünü dərsə gətirmək kimi mürəkkəb və əhəmiyyətli bir missiyaya çevrilmişdir. Ənənəvi təhsil biliyin sanki bir qabdan digər birisinə boşaldılmasını xatırladır: yaddaşı, öyrənmə qabiliyyəti qənaətbəxş olanlar bundan daha yaxşı bəhrələnsələr də, həyata qədəm basdıqlarında reallıqlardan nə qədər geri qaldıqlarının təəssüfünü yaşayırdılar, çünki bir qəlibdən çıxanlara verilən “bilik payı” mövcud inkişafın sürəti fövqündə artıq köhnəlmiş olurdu və ara-sıra – “Məktəb mənə nə öyrədib?”, “Universitet mənə iki səhifəlik diplomdam başqa nə verib?” suallarını eşidirdik.
Bu vəziyyət istər-istəməz “Nə etməli?” “Nədən başlamalı?” suallarını ünvanlayır bizlərə. Günümüzdə tədris olunan fənlər arasında öyrənənlərin çantalarını doldurmaq üçün mücərrəd bir yarışma gedir. Gənc beyinləri müxtəlif fənlərdən istənilən qədər biliklərlə həddindən artıq yükləməkdənsə onlara həyatda lazım gələcək və həyatı, dünyanı daha da gözəlləşdirməyə töhfə verə biləcəklərinə şərait yaradacaq bilik, bacarıqlar səviyəsini müəyyənləşdirmək lazımdır. Bu gün şagirdlər yalnız ali təhsil almaq üçün lazım olacaq proqram çərçivəsində oxuya bilir, hərə “öz oxu ətrafında dövr edir”.
“Qədim zamanlarda, uzaq diyarların birində yol kənarındakı bir kəndin sakinləri aclıqdan olmazın əziyyət çəkirmiş. Günlərin birində həmin yoldan öz xidmətçiləri ilə birlikdə üç varlı insanın qafiləsi keçərkən kəndlilərin dözülməz vəziyyəti onlarda fərqli hiss və düşüncələr yaradır.
Bu hala dözə bilməyən varlılardan biri arabasındakı bütün qızıl və daş-qaşları kəndlilərə paylayıb, onlara xeyir-dua verir.
İkinci varlı yolçu da bu çarəsiz vəziyyətə acıyıb bütün yemək-içməkləri kəndlilərə verib onların bir müddət keçinə biləcəklərinə arxayın olur.
Üçüncü varlı isə sürətlə yoluna davam edir. Əvvəlki iki varlı onu ədəbsiz və mərhəmətsiz adlandırır. Nə yaxşı ki, özləri varmış!..
Fəqət üç gündən sonra kəndlilərə yardım etmiş iki varlı həmin kişinin əks isiqamətdə, o kəndə tərəf tələsdiyini görürlər. O, yenə sürətlə gedirdi, lakin bu dəfə onun arabaları qızıl, daş-qaş əvəzinə təsərrüfat alətləri, toxum, taxıl kisələri ilə dolu idi. O, aclıqdan əziyyət çəkən kəndlilərə kömək etməyə tələsirdi”. (https://freestoriesforkids.com İngiliscədən tərcümə müəllifə məxsusdur.)
Görünən şəhərə nə bələdçi. Günümüz biliyin verilməsini, “qaşıq-qaşıq yedizdirilməsi”ni deyil, onun öyrənənlər tərəfindən qazanılması, “alın təri, əlin qabarı” olmasını, təhsilin məzmunu ilə yanaşı keyfiyyətini də əsaslı şəkildə yüksəltməyi tələb edir.
Təsadüfi deyildir ki, bu gün pedaqoji ictimaiyyətin stolüstü kitabı olan “How to Build a 21st sentury school system” (21-ci əsr məktəb sistemini necə qurmalı) kitabının müəllifi Andreas Şleyçer yazır: – Mənim üçün sübuta ehtiyacı olmayan bir həqiqətdir ki, təhsil sisteminin keyfiyyəti heç vaxt onun müəllimlərinin keyfiyyətindən artıq ola bilməz. (Səh.79)
Daha bir həqiqət də ondan ibarətdir ki, nə müvafiq maddi texniki baza, nə də əmək haqqının artırılması müəllimin keyfiyyətini yüksəldə bilməz. Bir sıra peşələrdə olduğu kimi, müəllim peşəsinə də xüsusi səriştəsi olanların seçilməsi artıq bəzi ölkələrdə, məsələn, təhsil səviyyəsinin yüksək olduğu Finlandiyada xüsusi əhəmiyyət kəsb edir. Bu ölkədə müəllim olmaq ən çətin peşə hesab olunur.
Alan J. Singer də özünün “Teaching to learn, Learning to Teach” (Öyrənməyi öyrətmək, öyrətməyi öyrənmək) kitabında müəllim olmağı seçənlərin bu müqəddəs peşəyə münasibətini öyrənmək üçün aparılan sorğunu oxuculara təqdim etmişdir. Tələbələrdən ekspertlərin “Nə üçün müəllim olmaq istəyirsən?” – sualına verilən maraqlı cavablardan bəzi məqamları gözdən keçirək:
Klaire Bouler (Claire Bowler): – Mənə akademik bilik verməklə yanaşı “qabığımdan çıxmaqda” və özümə inam qazanmaqda kömək etmiş çox gözəl ibtidai sinif müəllimlərim olub.
Carlos Fernandez (Karlos Fernandez): – Ona görə müəllim oluram ki, əksər müəllimlərimin böyük təsiri olub mənə və digər gənclər üçün də eyni işi görməyi özümə borc bilirəm.
Eymi Keyişian (Amy Keyishian): – Mən müəllim olmaq istəyirəm, inanıram ki, insanlar olaraq bizim üçün dünyada cahillik və “şər qüvvələrə” qarşı mübarizədə ən böyük silahımız təhsildir. (Səh. 24-25)
Göründüyü kimi, müəllim peşəsi sadəcə dolanışıq, çörək qazanmaq, ailə dolandırmaq üçün deyil, əksinə insanın insanlığa nə qədər yararlı ola biləcəyi, yaşadığı sosial mühitə müsbət dəyişiklik adına nə verə biləcəyini sübut etməsi üçün mühüm fürsət, ülvi bir imkandır. Zaman müasir dövrün müəllimi qarşısında elə çətin vəzifələr qoymuşdur ki, onların yerinə yetirilməsi üçün müəllimin sərf etməli olduğu zəhmətin dəyərini ölçmək heç mümkün deyil. Bu gün sinifdə dərs alan şagirdlər yalnız yaşadıqları mühit üçün deyil, inteqrasiya sürəti günbəgün vüsət almaqda olan dünyanın istənilən nöqtəsində faydalı ola biləcək qlobal vətəndaş kimi yetişməlidir. Bu gözəlliyin ən gözəl nümunəsi də müəllim olmalıdır. Təlimdə bütün resurs və vasitələrdən istifadə edərək, elmi-metodiki səviyyəsini müntəzəm olaraq yüksəltməyə, öz nümunəsi ilə müəllim peşəsinin daha cazibədar olması üçün çalışan, öyrənib öyrətməyi ömrünün mənası hesab edən, peşəsinə sədaqəti, öyrənənlərə məhəbbəti heç zaman əskilməyən müəllimin təkcə ölkəmiz deyil, dünya üçün layiqli vətəndaş yetişdirəcəyinə heç kəs şübhə edə bilməz.

PS Sitatların tərcüməsi müəllifə məxsusdur. Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

https://www.yeniavaz.com/az/authors/3654/21-ci-esrde-mekteb-ve-muellim?fbclid=IwAR28Q-bMxSvPdOyTYZL1vqsBbE-isY0_v2rxVPgui5UgL0DWob9hAG5s3O8