Quba şəhərində yerləşən Soyqırımı Memorial Kompleksində 2023-cü il “Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının tarixi əhəmiyyəti” adlı elmi konfrans keçirilib.
Konfrans Soyqırımı Memorial Kompleksi, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Öncə konfrans iştirakçıları 31 Mart Soyqırımı Abidəsini ziyarət edərək Kompleksin Muzey bölməsi ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan Konfransda iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə Memorial Kompleksin direktoru t.f.d Rəxşəndə Bayramova açaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının inkişafında, onun tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi misilsiz xidmətlərdən söz açıb. Daha sonra ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru dosent Yusif Aliyev, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin direktoru Kamran Əliyev çıxış edərək tarixən erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlara Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hüquqi-siyasi qiymət verildiyini qeyd ediblər.
30-a yaxın məruzəçinin çıxış etdiyi konfrans 2 bölmədə davam edib, sonunda tədbir iştirakçılarına və təşkilatçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.